155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Hədəfin üçün də bir hədəf seç: DNB ol! / İsmayıl VƏLİYEV

      Share

      Yəqin ki, ilk diqqətini çəkən “hədəf” sözü oldu və sonra da daha da maraqlı bir şey, hansı ki, hədəfi də unutdurdu. Bu, DNB-dir bilirəm. Bu nədir dedin və başladın bu məqaləni oxumağa.

      DNB nədir? DNB (D-dünyada, N-nömrə, B-bir) dünyada nömrə bir olmaq deməkdir. Dünyada seçdiyin sahə üzrə bir nömrəli mütəxəssis olmağı hədəfləməkdir. Bəlkə də deyirsən ki, bu nəyə lazımdır axı, yaşayıram də həyatımı, hər şey normaldır. Bu düşüncə ağlına gələ bilər və gəlməsi də normaldır. Əgər belədirsə o zaman bu məqaləni də heç oxuma, elə burada yarımçıq saxla və get normal həyatını yaşamağa davam et. Amma hələ də oxuyursansa və bura kimi gəlmisənsə, o zaman təklifim budur ki, bura kimi oxudun, burada yarımçıq saxlama. Davam elə, bəlkə irəlidə oxuyacaqların arasından sənə elə bir fikir gələcək, elə bir sözə və ya cümləyə rast gələcəksən ki, yaxşı ki, oxudum deyəcəksən. Ya da tam əksini, Allah bilir. Oxu görək nə olacaq.

      DNB olmaq bir yana dursun, bəlkə heç doğru-düzgün hədəfin də yoxdur. Yəqin indi “doğru-düzgün hədəf necə olur ki, var da hədəflərim: bunu istəyirəm, onu istəyirəm, arzulayıram” və s. deyirsən, amma bunlar heç biri hədəf deyil. İnanmırsansa sənə sübut. Dünən ya da bir neçə gün, bir həftə əvvəl istədiklərin çox şey vardı, amma indi onlar heç yadına da düşmür. Bu gün istədiklərin, arzuladıqların, xəyalında canlandırdıqların da bir müddət sonra belə olacaq. Amma hədəf fərqlidir. Hədəf yazılmış olur ilk öncə. Sonra planların, strategiyan olur o hədəfə çatmaq üçün, atacağın addımları, edəcəyin seçimləri, verəcəyin qərarları, tanış olacağın, görüşəcəyin, biznes münasibətləri quracağın insanları təyin edirsən. Daha sonra bir vaxtı da olur hədəfinin. Yəni nə vaxt bu hədəfinə çatacağını göstərən bir tarix. Və hədəfdən asılı olaraq dəyişən bir çox digər önəmli xüsuslar.

      İndi daha yaxşı anlamalı olmalısan ki istəklər, arzular və xəyallar hədəf deyil. Bunlar arsında ciddi fərqlər var.

      İndi hədəfin yoxdursa, DNB haqqında danışmağa dəyməz. Amma bəlkə də bunun möhtəşəmliyi səni dəqiq bir hədəf seçməyə, ya da hansısa zehnindəki xəyalı, ürəyindəki arzunu konkretləşdirməyə və onu bir real hədəfə çevirməyə səbəb olar.

      Bir anlıq düşün, tam bugünkü gündən 10 il keçib və sən seçdiyn sahədə həqiqətən də dünyanın nömrə biri olmusan, ya da dünyadaki ən məşhur, tanınan ən uğurlu insanlardan biri. Bu halda həyatının necə olacağını düşün. Münasibətlərinin səviyyəsini və keyfiyyətini düşün, həyat tərzin necə olacaq bir anlıq zehnində canlandır.

      İndi isə düşün ki, hədəf də seçmədin, DNB olmağı da. Normal həyatını yaşayırsan və artıq 10 il keçib. Bu həyatınla onun arasında artan yaşın, dizlərində duz və revmatizma ağrıları gözlərindəki zəiflik, bədənin gücsüzləşməsi və edəcəyin çox şey olmadığına, həyatında artıq ciddi dəyişikliklər edə bilməyəcəyinə inanmısan və bunu qəbul etmisən. Artıq daha çoxunu edə biləcəyini, daha çoxunun mümkün ola biləcəyini bildiyin halda könüllü mövcud şərtlərə boyun əyib təslim olmusan. Halını  soruşanlara saxta təbəssümlə yaxşı olduğunu deyirsən, amma müntəzəm olaraq da içində özünü suçlayırsan. Bu məqaləni oxuduğun bu günü xatırlayırsan və məhz orada o anda verəcəyin fərqli bir qərarla özünün həyatını tamam fərqli bir yerə gətirə bilmiş olacağının mümkünlüyünü, amma bunu məhz sənin etmədyini  sənə pıçıldayan o daxili səsinin, səssiz hayqırışları qarçısında artıq çox gec olan bir peçmaçılığı yaşayır, səssizcə və həsrətlə dərindən köks ötürürsən.

      Ya da ki azad seçimin ola bilər və DNB olmağı özünə hədəf kimi seçməzsən və normal həyatını yaşamağa davam edərsən və bu seçimini şüurlu sürətdə etdiyindən heç peşmaçılıq da duymazsan .

      Bir anlıq bunların hər birini düşün, özünü o yaşda, o yerdə o anda düşün və bax gör hansını seçmiş olmağı istəyərdin? İndi onu seç ki, sonra  mənasız yerə “kaş ki” deməyəsən.

      DNB olmaq üçün etməli olduğun ən önəmli şey bunu deməkdir. Bunu ən inandırıcı, ən qəti, ən  ciddi şəkildə özünə deməyin bu işin həm başlanğıcı həm də sonudur.

      İstədiklərimizə, planladıqlarımıza çatmamanın, onları əldə edə bilməməyin ən önəmli səbəblərindən biri bu hədəflərimizdə ciddi olmamağımız, ikincisi isə bunları niyə istədiklərimizə tutarlı bir cavabımızın olmamasıdır. Nitşe “niyəsi olan necəsinə qatlanar” deyərkən də bu tutarlı səbəbi vurğulayırdı.

      Sadəcə anlıq bir həvəsə görə bir hədəf seçirsənsə, sənin də o hədəfin üçün edə biləcəklərinin miqdarı o həvəsin getdiyi, yox olduğu ana qədər olacaq ki, ən çox itirdiklərimiz arasında da həvəslərimiz ilk sıralarda yer alır. Bu gün varlar, sabah yox.

      Uğurlu insanları uğursuz olanlardan ayıran o əsas səbəbi bilirsən yəqin! Uğurlu insanlar da uğursuz insanların etməkdən xoşları gəlmədikləri şeyləri etməyi xoşlamırlar, amma bunu etməyi istəsələr də, istəməsələr də edirlər və bu ən önəmli səbəbdən dolayı da uğurlu olurlar. Bunu etmələrini təmin edən əsas faktor isə onların niyəsinin digərlərinkindən daha ciddi və güclü olmasıdır.

      ardı var...

       

      • Hits: 887 clicks

      Tecox component by www.teglo.info