ual-Cavab / Anar QURBANOV

      Share

      1.   Sual: Bir müsəlman əgər müharibə zamanı atılmış mərmi nəticəsində və ya hansısa səbəbdən bütün yoldaşlarını itirər, tək qalıb əsir düşmə təhlükəsi yaranarsa və yeganə çıxış yolu özünü öldürmək olarsa, bunu etmək günahdırmı?

      Cavab: İslam dinində müxtəlif ayə və hədislərlə intihar etmək qətiyyətlə qadağan edilmiş və böyük günahlardan sayılmışdır. Eyni zamanda intihar qadağan edilərkən səbəbindən asılı olmayaraq qadağan edilmiş və heç vəchlə hər hansı zərurətdən dolayı intihar etməyin caizliyinə dair istisna qeyd edilməmişdir. Əksinə, müharibədə çox dərin yara alan bir müsəlmanın bu ağrıya dözmədiyi üçün özünü öldürməsi müqabilində Hz. Peyğəmbər (s.ə.s) onun cəhənnəmlik olduğunu bildirmişdir (bax. Buxari, Cihad və Siyər, 230). 

                  Odur ki, əsir düşməklə işgəncələrə və təcavüzə məruz qalacağını bilən hər hansı bir müsəlmanın özünü və ya yaxınlarını öldürməsi qətiyyətlə caiz deyil. Vurğulamaq lazımdır ki, təcavüzə məruz qalan hər hansı günah işləmiş olmur, eyni zamanda düşmən tərəfindən öldürülən də şəhid olur. Məhz bu səbəbdən sıxıntılara sinə gərmək, işgəncələrə və digər əziyyətlərə qarşı səbir etmək, nə qədər pis şərait olursa olsun, Allaha olan inanc və etimadı itirməmək müsəlmanın əsas xarakteri və prinsipi olmalıdır. Üstəlik bu yolda göstərilən səbir, mətanət və mübarizənin Allah dərgahında böyük mükafatı və qiyməti vardır. Qurani-Kərimdə həyatda qarşılaşılan sıxıntı və problemlərin bir sınaq olduğu müxtəlif ayələrdə vurğulanır.

                  Nəticə etibarilə, inanan insanın vəzifəsi qarşı-qarşıya qaldığı bu kimi hallara səbir etməkdir. İnsan səbəbindən asılı olmayaraq Allahın buyurduğu vaxta qədər səbirli olmalı və Allah-Təalanın muradına görə bu dünyadan köçməlidir. Yəni, insan ölərkən də Allahın istəyinə tabe olmalıdır. Qurani-Kərimdə: Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Ali-İmran, 3/102) ayəsində insanın öz canına qıymamasının vacibliyinə işarə edilir. Çünki intihar Allaha təslim olmamağın bir nəticəsidir. Halbuki ayədə “Allaha təslim olmaqdan başqa bir halda, vəziyyətdə” ölmək qəti qadağan olunur.

       

      2.   Sual: Mücadilə surəsinin 22-ci ayəsinə görə (Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər) əgər yaxınlarımız və ailəmizin Allaha imanında ayədə qeyd olunduğu kimi düşmən olan kimsələr varsa, onlara qarşı davranışlarımız hansı müstəvidə olmalıdır?

       

      Cavab: Yuxarıda qeyd olunan ayə ilə yanaşı ana-ata və yaxınlarla yaxşı rəftar edib onlara qarşı sevgi bəsləyərək şəfqət qanadları altına almağı buyuran ayələri düşündükdə (bu ayələrin heç birində onların mömin olması şərti qoşulmamışdır), sözügedən ayədən mömin olmayan yaxınlarla hər cür münasibəti kəsməyin lazımlığı kimi bir mənanın çıxarılması qeyri-mümkündür. Belə olan təqdirdə həm bu ayədə, həm də digər ayələrdə inkarçı da olsalar İslama və müsəlmanlara zərər verməyən, onlara sevgi və hörmət göstərən insanlara qarşı yaxşı rəftar etməyə və adil davranmağa mane olan hər hansı məna yoxdur.

      Bu ayə Allah və Rəsuluna dəşmənçilik edənlərin qohumluq əlaqəsi kimi hallardan istifadə edərək möminlərlə (münafiqlərin yəhudilərlə etdiyi əməkdaşlıq kimi) əməkdaşlıq etməyə səy göstərmələri təhlükəsinə qarşı xəbərdarlıq mahiyyətini daşıyır. Qurani-Kərimin nazil olduğu dövrdə müsəlmanlar digər din mənsubları ilə, xüsusilə də bütpərəstlərlə müxtəlif münasibətlər qurduqlarından bu mövzu ilə bağlı ayələrdə üslub və məzmun fərqliliyinin olması təbiidir. Ona görə də bu mövzuda düzgün nəticəyə gələ bilmək üçün, müsəlmanların qeyri-müsəlmanlarla münasibətlərini nizamlayan digər ayələri və Rəsulullahın (s.ə.s) tətbiqatını (icraatlarını) bütövlüklə nəzərdən keçirmək lazımdır. Bütün bunlar nəzərdən keçirildikdə, dəlillərin aşağıda qeyd olunacaq iki nöqtədə, həm də fikir ayrılığına yol verməyəcək dərəcədə açıq-aydın olduğu nəzərə çarpır.

      1.   Səbəbindən asılı olmayaraq bir müsəlmanın öz əqidəsindən güzəşdə gedərək müsəlman olmayana əqidə baxımından yaxınlıq etməsi, onlara “inanc” yönündən sevgi bəsləməsi, yaxud onlarla məhz inanc nöqteyi-nəzərindən dostluq etməsi öz imanını təhlükə altında qoymaq deməkdir (burada qeyd edilən sevginin “dini dözümlülük”lə heç bir əlaqəsi yoxdur).

      2.   İnanclara xələl gələcək şəkildə olmadan İslamın insana baxışını göstərən nümunəvi davranışlar nümayiş etdirmək, dünya həyatının nizam-intizamını, bərqərarlığını təmin etmək və ümumi faydalı məsləhətləri qoruyub inkişaf etdirmək məqsədilə müsəlmanların qeyri-müsəlmanlarla müsbət münasibətlər qurması qadağan edilməyib, əksinə təşviq edilmişdir. Bu anlayışa paralel olaraq beynəlxalq hüquqda xalqlararası münasibətlər naminə dostluq əlaqələri qurmaq İslamın əsas prinsiplərindən biridir. Digər düşmənçilik münasibətləri isə tamamilə müstəsna hallar üçün etibarlıdır.

      Odur ki, qadağan edilən dostluq “inanc birliyi və yaxınlığı baxımından sevgi bəsləmək, etimad etmək və bel bağlamaq”dır. Yəni qadağa qoyulan münasibətlər İslam inancına sədaqəti hər şeyin fövqündə tutmadan zəiflik göstərərək imanı təhlükə qarşısında qoyan və ya müsəlmanların əleyhinə olan dostluqların qurulmasıdır.  

      Bundan əlavə, Hz. Peyğəmbərin (s.ə.s) peyğəmbərliyindən əvvəlki dövrdə şəriki olan Saib ibn Abdullahı cahiliyyə dövründəki fəzilətli davranışlarından ötrü tərifləməsi, gəncliyində Məkkədə baş verən haqsızlıqların qarşısının alınması məqsədilə təsis edilən “hilfül-füzul” təşkilatının üzvü olması və peyğəmbərlik dövründə də bundan məmnuniyyətlə bəhs etməsi, ən önəmlisi, “Ənbiya” surəsinin 107-ci ayəsində Hz. Məhəmmədin (s.ə.s) bütün məxluqata “rəhmət” olaraq göndərilməsinin bildirilməsi göstərir ki, İslamiyyət digər din mənsubları ilə əlaqə qurmaq, sülh və əmin-amanlıq içində yaşamanın yollarını inkişaf etdirməyi və ilahi bir lütflə insanın fitrətində olan əxlaqi fəzilətləri bəşəriyyətin ən ali dəyərləri hesab edib onları ucaltmağı nəinki qadağan edir, hətta bunun İslam mesajını bütün insanlara çatdırmaq (təbliğ) vəzifəsinin bir hissəsi olduğunu qəbul etmişdir.

      Vurğulamaq lazımdır ki, bu və ya digər şəkildəki münasibətlər Quran və Sünnədəki digər dəlillər işığında tədqiq edildikdə müsəlmanların öz kimliklərini itirməsi, nəticə etibarilə, inancın itirilməsinə yol verəcək münasibətlər qurması və ya  müstəqilliklərini əldən verməyə razı olması mənasına gəlmir.

       

      • Hits: 898 clicks

      Tecox component by www.teglo.info