Sahibinə layiq hədiyyə / Kamran Məmmədov

      Share

      Dostlarından biri Hz. Yusifi ziyarətə gəldi və bir müddət oturub söhbət etdilər. Hz. Yusif başından keçənləri, quyuda ikən çəkdiyi çətinlikləri dilə gətirdi. Uzun müddət danışıb dərdləşdilər. Söhbətin sonunda Hz. Yusif qonağına:

          “Söylə görüm mənə nə hədiyyə gətirdin, çünki dostun evinə əliboş gedilməz”, -dedi.

          Qonaq kədərlənərək üzr bəyan etdi:

          “Sənə gətirmək üçün hər nəyə baxdımsa, heç birini bəyənə bilmədim, layiq görmədim. Bir qızıl zərrəsi alınıb qızıl mədəninə, bir damlacıq su okeana hədiyyə aparılarmı? Sənə könlümü və canımı hədiyyə olaraq gətirsəm belə Hindistana ədviyyat satmağa aparmış olaram.

          Sənin gözəlliyinə layiq bir hədiyyə tapmaq çox çətin oldu. Lakin sonunda sənə bir güzgü gətirməyə qərar verdim, ona baxdıqca günəş kimi parlayan gözəl üzünü görər, sevinər, məni xatırlayarsan”, dedi və gətirdiyi güzgünü çıxararaq Hz. Yusifə təqdim etdi.

          Hz. Yusif bu hədiyyəyə çox sevindi.

       

          Varlığın güzgüsü yoxluqdur, axmaq deyilsənsə yoxluğu seç.

       

      İmamın sərxoş qonşusu.

      İmam Əzəm həzrətlərinin gənc bir qonşusu vardı.

         Hər gecə evinə içkili gəlir, çıxardığı səs-küy ilə imamı çox narahat edirdi. İmam heç vaxt gəncdən şikayətçi olmaz, qonşusunun halına dözərdi. Bir gün başqalarının şikayəti səbəbilə gənci həbsə atdılar. Ertəsi gecə gəncin səsini eşitməyən Əbu Hənifə (r.a.) təəccübləndi və:

         - Gənc qonşumuzun səsi nə üçün qulağımıza gəlmir?, -deyə soruşdu.

         - Əfəndim, o sərxoşu vali həbsə atdırdı, -dedilər.

        Ertəsi səhər düz valinin evinə getdi. Tələbələri düşünürdülər ki, müəllimimiz hər halda valiyə təşəkkür edəcək. Vali onu görən kimi ayağa qalxdı. Hörmət etdi və:

         - Ya imam! Təşriflərinizin səbəbini lütfən söyləyərsinizmi? dedi.

         O da qonşusu olan gəncin sərbəst buraxılmasını xahiş etdi. Vali:

         - Əfəndim, belə əhəmiyyətsiz bir məsələ üçün niyə zəhmət çəkdiniz? Xəbər göndərsəydiniz əmriniz dərhal yerinə yetirilərdi, cavabını verdi.

         Cavan sərbəst buraxıldı. İmamla qarşılaşdıqlarında olduqca xəcalətli idi. Özünü şəxsən çox narahat etmişdi. Əbu Hənifə:

         - Bax biz səni unutmuruq, sözləriylə iltifat buyurdu.

         Gənc qısa zaman sonra tövbə etdi və imamın tələbələri arasında qatıldı.

       

         Onlar heç kimi özlərindən uzaqlaşdırmır, qınamır, günahlandırmır, bəlkə yalnız özünə zülm edən yazıqların halına acıyır və kömək etməyə çalışırdılar. Başqası nə edirsə etsin, onlar özlərinə düşəni edirdi.

      Cənnət köşklərinin haqqı

      Hz. Ənəs (r.ə) rəvayət edir:

         - Rəsulullah (s.ə.s) ilə birlikdə idik. Birdən azı dişləri görüləcək şəkildə gülümsədi. Səbəbini soruşduğumuzda belə buyurdu:

         - Ümmətimdən iki adam Allahın hüzuruna gələrlər. Biri,

         - Ya Rəbb, mənim bunda haqqım var. Haqqımı bundan al, mənə ver, deyər. Allah Təala da o birinə;

         - Haqqını ver, -buyurar. Adam,

         - Ya Rəb, məndə savab adına bir şey qalmadı, deyər. Allah:

         - Bax, bu adamın savabı qalmadı, nə deyirsən? buyurar. Adamcığaz:

         - O halda mənim günahlarımdan alsın, deyər. Rəsulullah (s.ə.s) bunu danışarkən gözləri yaşarardı və: “O gün böyük bir gündür. İnsan günahının alınmasını istəyər”, -dedi. Bunun üzərinə Allah-Təala haqq sahibinə,

         - Başını qaldır və cənnətə bax, buyurar. Adamcığaz:

         - Ya Rəbb, inci ilə işlənmiş, gümüşdən mənzillər və qızıldan köşklər görürəm. Bunlar hansı peyğəmbər, hansı siddiq və ya hansı şəhid üçündür?, -deyər. Allah Təala:

         - Bunlar mənə haqqını verənlər üçündür, -buyurar. Adamcığaz:

         - Bunların haqqını kim ödəyə bilər?, -deyər. Allah (c.c):

         - Sən istəsən bunlara sahib ola bilərsən, buyurar. Adam:

         - Necə olar, ya Rəbb? Dedikdə Allah:

         - Haqqını bu adama bağışlamaqla, -buyurar. Adam:

         - O halda mən bunu bağışladım, -deyər. Allah zül-Cəlal həzrətləri də:

         - Yoldaşını götür, birlikdə cənnətə girin, -buyurar.

         Sonra Rəsulullah (s.ə.s) buyurdu:

         “- Allahdan qorxun, Allahdan qorxun və siz də öz aranızı düzəldin. Baxın, Allah özü şəxsən möminləri barışdırır.” 

      • Hits: 816 clicks

      Tecox component by www.teglo.info