NƏ QALDI SƏNDƏN GERİYƏ?.. / Nurlan MƏMMƏDZADƏ

      Share

      Sıradan yaşanmış bir günün gecəsi idi. 

      Fövqəladə sayılacaq heç bir yenilik olmamış, həyat öz axarı ilə davam edərkən bir günü də beləcə başa vurmuşdu. Növbə istirahətə çəkilməyə gəlmişdi. Hər axşam olduğu kimi yatağına uzanmış və hər zaman olduğu kimi elə ilk dəqiqədən yuxuya getmişdi...

      İş otağındakı yazı masasının arxasında əyləşib yazı yazmaqla məşğul idi. Birdən vəfat etdiyini gördü. Ruhsuz bədəni yerində qalsa da yuxuda olduğu üçün hər şeyi seyr edə bilirdi. Gözü kopüterin monitoruna sataşdı. Məgər jurnalın “Redaktordan” bölümünü hazırlayırmış. Ən son cümləsini bitirmiş, “Gülə-gülə” yazmışdı oxuculara. Sən demə burada yazdıqları da həyatının qısa xülasəsi və oxucularla vidalaşma mahiyyətində idi. Ağlına bəzən fikirləşdiyi “görəsən? bir gün olmazsam, ardımca nələr deyiləcək, ən son hansı yazım yayımlanacaq” fikri gəldi və ən son yazısını özü yazdığı, xüsusilə də hər kəsə “gülə-gülə” deyə bildiyi üçün sevindi...

      Elə bu sevinclə yuxudan ayıldı və bir az əvvəl nələr yazdığını, yaxud da yaza biləcəyini düşünməyə başladı. Adətən gecə yuxudan oyananda ağlına gələnləri o anda yazmadığı üçün səhər yadında heç nəyin qalmadığını dəfələrlə yaşamışdı. Ona görə də dərhal yerindən qalxdı və kağız-qələm götürüb yuxudakı yazının eynisini yazmağa başladı, təbii ki, bir az da əlavələr etdi bu dəfə. Belə yazırdı:

      Yaşadığım həyatı xülasə edirəm. Öz əllərimlə kəsib-yapışdırdığım yerlər var, montaj etdiyim yerlər... Bu həyat hekayəsində vicdan əzabı yoxdur. Çünki sonradan acısını çəkdiyim yerləri kəsmişəm. “Kaş ki olmayaydı” dediyim yerləri çıxarmışam bu filmdən. Necə olmasını istəyirəmsə, elə də yazıram. Sən demə həyatımdakı bəzi günlər faydasız və ətalətlə keçdiyi üçün ardarda tətillər etmişəm. Halbuki həmin günləri yaşayarkən tətil olmasını istəmişəm. Ey Allahım, sən necə də böyüksən! Böyüksən ki, bir gün daha yaşasaq və keçdiyimiz həyat yoluna düzəliş et deyilsə, yenə də nələrisə dəyişərdik. Çünki yaşadığımız hər bir saniyə içərisində təfəkkürümüz, duyğularımız, anlayış və düşüncə dünyamız bir az daha böyüyür, inkişaf edir. Halbuki gözlə görülməyəcək qədər kiçikdir onlar, mücərrəddir. Bəlkə də həddən artıq böyük olduqları üçün görə bilmirik onları...

      Sevdiyim şeylərin siyahısını yazıram. Ağlıma ən çox hansı namazı sevdiyimi də yazmaq gəlir. Halbuki hamısına eyni sevgi ilə durmalıyıq. Eh, insanın acizliyi... Özümüzü aldatmasaydıq, başımızı kiçik təfərrüatlarla qatmasaydıq hər şey tamam fərqli olardı bəlkə də...

      Sonra nə üçün siqaret çəkmədiyimi yazmaq istəyirəm. “Ağız dadını pozur” yazıram böyük hərflərlə. Sadəcə yeyilən nemətlərin deyil, həyatımızın da dadını pozurmuş. İnsanlarla münasibətləri pozur məsələn... Çəkəndən çox ətrafdakıları zəhərləyirmiş.

      Sevdiyim yeməklərin adını yazıram, ən başda “anamın yeməkləri” deyə bir qeyd düşürəm.

      Sevdiyim insanların, dostlarımın adını yazıram. Bəzən səbəbsiz yerə hirsləndiyimi, yanımdakıları acılamağımın əsas səbəbinin kənar müdaxilələr olduğunu yazıram izah edə-edə, bir növ üzrxahlıq edirəm. Yersiz bir zəng, yersiz tənqid, yersiz suçlama, heç kimə gərəkməyən yersiz tövrlər səbəbilə səbir kasamın dolduğunu, özümdən çıxdığımı və buna görə kimisə incitdiyimi yazıram... “Əslində mən belə deyiləm, dostlar” –demək istəyirəm.

      Sevdiyim ətirləri yazıram bir-bir. Ən başa “südəmər bir körpənin ətri” yazıram təbii ki... Günahsızlıq qoxuyur çünki. İnancımıza görə dünyanın kirinə bulaşmadan ölən körpələrin cənnətdə olacağı haqdır. Ona görə qoxuladıqda cənnət ətri gəlir hər dəfə burnumuza sanki. Başqa bir yazımda da yazmışdım zatən, Rəbbimizin Rəhim sifətinin təcəllisini dünyaya gəlmədən ana rəhmində yaşadıqlarını...

      Sonra sevdiyim rəngin lacivərd olduğunu yazıram. Hələ uşaq ikən yaz axşamlarında qaralmağa başlayan səmanın mavidən qaraya keçiş rəngini çox sevsəm də sonradan orta məktəb illərində Mikayıl Müşfiqin “Göylərin lacivərd ətəklərində / Gedən bu qovğadan necə əl çəkim” misralarını oxuyanda öyrənmişdim bu rəngə lacivərd deyildiyini.

      Sonra sevdiyim rəqəmin beş olduğunu yazıram. Sonralar “Allah təkdir, tək olanı sevər” hədisi-şərifini oxuyanda beşi sevdiyim üçün özümü çox xoşbəxt hiss etmişdim...

      Yuxuda yazdıqlarından sadəcə bunları xatırladı. Dərin düşüncələrə daldı. Pəncərənin önünə gəlib sanki keçdiyi ömür yoluna baxırmış kimi çölə boylandı. Bu zaman yadına rəhmətlik Emin Yetərin illər öncə yazdığı “Camın soyuqluğu dəydi dodağıma” başlıqlı yazısı düşdü. Divardakı təqvimdən yaşadığı sonuncu günə aid səhifəni cırarkən ömür təqvimindən bir yarpağın da beləcə düşdüyünü fikirləşdi. İnsanın yaşadığı hər gün hissə-hissə öldüyünü xatırladı bir daha, sonra yeni günə “mərhəba” dedi. Dəstəmaz alıb sübh namazı vaxtının girməyini gözləməyə başladı səssizliyin qaranlığında. Elə bu zaman hər gecə telefonuna gələn hikmət dolu mesajları xatırladı. Görəsən, bu gecə nə yazılmışdı? Oxumağa başlaması ilə sübh azanının da oxunması üst-üstə düşdü. Bu sətirləri oxuyanda yanağına süzülən iki damla göz yaşına hakim ola bilmədi:

      Nə qaldı səndən geriyə? Dəyər verdiyin hər şey nə qədər də dəyərsiz imiş. Qarışqa kimi onları yığıb yeyə bilmədən, verilən hər bir əmanətdən lazımınca istifadə etmədən sənə verilən möhlət doldu...

       

       

      • Hits: 868 clicks

      Tecox component by www.teglo.info