ŞƏBİ-ARUS / Dr. Əhməd Niyazov

      Share

      İnsanoğlunun təfəkkür aləmində müəmmalar çoxdur.

       Bunladan biri də ölüm həqiqətidir. Kiminə görə bu, bir kimyəvi dəyişiklik, kiminə görə puç olmaq, kiminə görə isə bir aləmdən başqa bir aləmə köçməkdir. Hər kəsin özünə görə bir izahı və tərifi olsa da, böyük filosof, mütəfəkkir və sufi alim Mövlana Cəlaləddin Ruminin (ö.672/1273) bu haqda dedikləri dünyanı heyrətə salmış, elmin ən yüksək pilləsində duranlar belə onun təsirindən yan keçə bilməmişdir.

      Mövlana hər şeydən əvvəl ölüm həqiqətini Qurani-Kərimin sirlərindən bir sirr kimi  insanlara açmış, zehinlərə bu çərçivədən aydınlıq gətirmişdir.

      Həzrət Mövlana Allah-Təalanın: “Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!” (Ənkəbut, 57) ayəsinin möhtəvasında ölüm hadisəsi üçün: “Cismin ortadan qalxması deyil, Allaha doğru uçmasıdır” deyərək hər kəsin ayrılıq dediyi ölümə o, getdiyi yer baxımından vüslət, yəni qovuşma kimi baxmışdır. “Dönmə” kəlməsini Allaha qovuşmaq “vüslət” mənasında bir müjdə kimi qiymətləndirmişdir. Mövlana bu haqda: “Hər kəs ayrılıqlardan bəhs etdi, mənsə vüslətdən”, “Hələ ölümdən bir qurtulsun, qurtuluşa qovuşsun. Çünki sevdiyinə çatmaq abi-həyatdır” demişdir.

      Həzrət Peyğəmbər əleyhissalamın: “Ölmədən əvvəl ölün” hədisindən ilhamla o, dünya həyatında nəfsi arzuların əsarətindən qurtulmağa da ilk vüslət kimi “Haqda fani olma” demişdir. Buna görədir ki, o, ilahi eşqin həzzini duymuş, bu eşqə mübtəla olmuş və onun izinə düşmüşdü. Həyatı boyu bu izi təqib edə bilsə, onu itirmədən izləyə bilsə həyatın sonunda ona qovuşmanın sevinci böyük bir vüslət anı olacaqdır. Dahi mütəfəkkir Hüseyn Cavidin beyti ilə bunun təsviri yerinə düşərdi:

      “Vüslət dəmlərini anar da hər an,

      İzlər yollarını yorğun gözlərim...”   

      Həzrət Mövlana hər an Rəbbinə daha yaxın olmağın arayışında idi. Çünki buna olan arzusunun hüdudları sonsuz, eyni zamanda bəndə ilə Rəbbi arasındadakı məsafə də sonsuzdur. Bu səbəblədir ki, o belə deyirdi:

      “Ya Rəbb! Səni lazımınca və layiq olduğun qədər tanıya bilmədim. Sənə haqqın olan qədər qulluq edə bilmədim.”

      İlahi eşqə pərvanə olan bir ömür üçün onun oduna yanmaq ən böyük arzudur ki, bu da onun əmri olan ölümlə sevdiyinə qovuşmaqdan ibarətdir. Həzrət Mövlana sevdiyinə qovuşma anı olan bu ölüm anına, özünəxas üslubla sevənin sevdiyinə qovuşduğu “toy gecəsi” mənasında “şəbi-arus” demişdir ki, bu, əslində həyatı ancaq ona qovuşmaq məqsədilə yaşayan Haqq aşiqlərinin intizarla gözlədikləri ölüm anıdır. Bu, fədakarlıqla başlayaraq ömür boyu davam edər və axirət aləminə qovuşmaqla tamamlanar.

      Odur ki, Həzrət deyirdi: “Ölmək şəkər kimi dadlıdır, canı sən aldıqdan sonra səninlə olduğu üçün də ləzzətli, candan da dadlıdır ölüm.”

      Həzrət Mövlana ömrünün sonlarında bir qəzəl qələmə alaraq həm ölüm həqiqətinin mahiyyətini bizə tərənnüm edir, həm də bu həqiqət qarşısında sevdiklərinə öz nəsihətlərini belə bildirirdi.

      “Öldüyün gün tabutumu çiyinlərdə görəndə

      Məndə bu cahanın dərdi var sanma...

      Mənim üçün ağlama, yazıq, yazıq, “vay” demə.

      Bil ki, bu acizliyin şeytanın tələsidir,

      Vay-şivən qoparmağın, “yazıq, yazıq” deməyin.

      Cənazəmi görəndə sən gəl ayrılıq demə,

      Çünki mənim görüşməm, qovuşmam o zamandır.

      Məzarıma qoyarkən mənə “əlvida” demə,

      Məzarım bir pərdədir cənnətin qapısına.

      Batmağımı gördün, doğmağımı da seyret.

      Günəşin də, ayın da batmağı nə ziyandır?

      Sənə batış kimi görünən, doğuşa hazırlıqdır, yenidən doğumdur.

      Dustaqxana bilməyin, məzarımın yerini,

      Qurtulduğu məkandır canın həbsxanadan.

      Hansı toxum torpağa düşdü də bitmədi ki,

      Cücərməyəcək zənni insan vahiməsidir.

      Hansı qabı quyuya saldı da boş gəldi ki.

      Can Yusifi quyuya düşəndə ağlamaz ki.

      Bu tərəfdə yumdunsa, o tərəfdə ağzın aç!

      Çünki artıq, hay-küydən, qəfəsdən uzaqdasan,

      Məkansızlıq aləmi, aləmi-ərvahdasan.

      Bu vüslət və qovuşma sevinci içində Mövlana həzrətləri ölüm gününü bir qəm-qüssə, bir kədər günü olaraq deyil, bir sevinc və şadyanalıq günü kimi qəbul edirdi. Onun elminin kölgəsi daim üzərimizdə olsun! Amin!

      • Hits: 821 clicks

      Tecox component by www.teglo.info