MƏHƏRRƏM AYININ ƏHƏMİYYƏTİ / Aqil ƏLİYEV

      Share

      Məhərrəm ayının digər islami aylar arasında fərqli bir yeri vardır. 

      Çünki bu ay insanlara örnək olmaq üçün göndərilən şərəfli elçi olan bəzi peyğəmbərlərə fərqli ikramın verildiyi, Aşura kimi mühüm bir günün olduğu, hicri yeni ilimizin başlanğıcı, Rəsulullahın (s.ə.s) hicrəti və Həzrət Hüseynin (r.a) şəhadəti kimi bir çox mühüm hadisələrin baş verdiyi fəzilətli bir aydır. Gəlin əvvəlcə Məhərrəmin və aşuranın mənasının nə olduğuna nəzər salaq.

      Adından da məlum olduğu kimi bu ay haram aydır. Məhərrəm: haram edilmiş bir şey deməkdir. Hələ islamdan öncə də bu ay eyni adla adlanır və bu aya hörmət edilirdi. Çünki ərəb qəbilələri arasında mütəmadi qan davaları baş verirdi. Yalnız haram adı verdikləri müəyyən aylarda (Rəcəb, Zilqədə, Zilhəccə və Məhərrəmdir) bu aylarda savaşlar və düşmənliklər bir kənara qoyulur, sülh bərqərar olurdu. Bu da ona görə olurdu ki, bu aylarda kənar qəbilələrdən gələn ziyarətçilər Kəbəni qorxu və təşviş içində deyil, tam bir sakitlik və hüzur içində ziyarət etsinlər. İslam dini göndərildikdən sonar da bu aylar haram aylar olaraq qaldı. Aşura isə ərəb dilindəki on rəqəmindən (aşərə) götürülmüşdür və onuncu gün deməkdir. İslam tarixində Məhərrəmin onuncu gününə Aşura deyilmişdir.

      Əvvəlcə gəlin peyğəmbərlərə verilən ikramlardan danışaq. Tarixi məlumatlara əsasən deyə bilərik ki, bu ayda bəzi peyğəmbərlərə Allah (c.c) tərəfindən ikramlar və mükafatlar verilmişdir.

      1. Hz.Adəmin (ə.s) tövbəsi qəbul edilmiş.

      2. Hz.Nuh (ə.s) tufandan xilas olmuş.

      3. Hz.Yunus (ə.s) balığın qarnından çıxarılmış.

      4. Hz. Musa (ə.s) Fironun zülmündən xilas olmuş.

      5. Hz. İsa (ə.s) dünyaya gəlmiş və bu gündə səmaya yüksəldilmiş.

      6. Hz. Yusif (ə.s) quyudan çıxarılmış.

      7. Hz. Davudun (ə.s) tövbəsi qəbul edilmiş.

      8. Hz. İsmayıl (ə.s) dünyaya gəlmiş.

      9.Hz. Əyyub (ə.s) şəfa tapmışdır.

      Digər mühüm tarixi hadisə isə Rəsulullahın (s.ə.s) 622-ci ildə Məkkədən Mədinəyə hicrət etməsidir. Məkkəli kafirlər tərəfindən bir çox əziyyətə məruz qalan Rəsulullah (s.ə.s) Allahın izni ilə Mədinəyə köçmüşdür. Hicrətin meydana gəldiyi bu gün İslam tarixində mühüm bir dönüş nöqtəsi olmuşdur. Müsəmanlar mədinəli qardaşları ilə güclənmiş daha sonra isə bir dövlət qurmuşdular. Bu gün Hz. Ömərin xəlifəliyi əsnasında aralarında Hz. Əlinin də olduğu bir elmi şurada müsəlmanların təqviminin başlanğıcı kimi qəbul edildi. Buna görə də müsəlmanların yeni ili Məhərrəm ayının 1-nə təsadüf etməkdədir. Çox təəssüf ki, ölkəmizdə bəziləri hələ də  bu günü hicri yeni il kimi tanımamaqdadır.

      Yuxarıda da qeyd etdiyimiz kimi bu ayın onuncu gününə Aşura deyilir. Aşura günü yəhudilər tərəfindən də əlamətdar sayılırdı. Belə ki, Rəsulullah (s.ə.s) Mədinəyə hicrət etdikdən sonra oradakı yəhudi qəbilələrinin bu gün oruc tutduqlarını görmüş və nə üçün tutduqlarını soruşmuşdu. Yəhudilər: “Allahın Musanı düşmənlərindın qurtardığı üçün bu günə hörmət edərək oruc tutduqlarını” söyədilər. Bunu öyrənən Rəsulullah (s.ə.s): “Biz Musaya onlardan daha yaxınıq  və bu günü biz də oruc tutacağıq”, -demişdir. (Buxari, Savm 69) Ancaq biz yəhudilərə bənzəməmək üçün bir gün öncə və ya sonra da oruc tutmalıyıq.

      Başqa bir tarixi və ən mühüm hadisə isə aşura günündə Rəsulullahın (s.ə.s) nəvəsi, cənnət gənclərinin əfəndisi və Hz. Əli (r.a) ilə Hz. Fatimənin (r.anhə) göz bəbəkləri olan Hz. Hüseynin (r.a) Yezidin ordusu tərəfindən Kərbəla çölundə yaxınları ilə birlikdə şəhid edilməsidir. Bu hadisə hər bir vətəndaşımız tərəfindən çox yaxşı bilinməkdədir. Çünki hələ Sovet imperiyası dönəmində bütün dini mərkəzlərin bağlandığı, dini ayinlərə heç bir şəkildə icazə verilmədiyi bir dövrdə belə, bu günü qeyd etməyi qadağan edə bilməmişdilər. Bu, müsəlmanların Hz. Hüseynə (r.a) olan sevgi və məhəbbətinin bir təzahürüdür. Təbii ki, hər bir müsəlman Hz. Hüseynə (r.a) və onun yoldaşlarına qarşı edilən bu qanlı hadisədən kədərlənməli və lazımi dərslər çıxarmalıdır. Hz. Hüseyn (r.a) üçün sadəcə ağlamağı deyil, onun kimi cəsur olmağı, haqq-ədalət və vətən uğrunda lazım gəldikdə candan, maldan, ailə-uşaqdan keçməyi də bacarmaq lazımdır.    

       

      • Hits: 798 clicks

      Tecox component by www.teglo.info