QİYAMƏT / Eldar Kərimov

      Share

      Bu da son… 

      Amma nəyin sonunun olduğunu bir az sonra deyəcəyəm. Son vaxtlar demək olar ki, bütün insanlığı təşvişə salan bir xəbər yayılıb. Bu günlərdə qiyamət qopacaq. Bütün dünya zülmətə qərq olub yoxluğun qucağına yuvarlanacaq. Günəş enerjisi tükənəcək, bütün fizika qanunları fəaliyyətsiz qalacaq. Dünya əhalisinin on faizi aclıq və qorxudan məhv olacaq. Bir sözlə hər şey olub dünya dağılacaq. Məsələ bu qədər sadədir. Günlərin bir günü mayalı qardaşlarımızdan biri qeyd edilən tarixdə dünyanın sonunun yetişəcəyini deyib və indi də yüz ağıllı quyuya atılan bu daşı nə qədər çıxartmağa çalışsa da bu daş çıxmır ki, çıxmır. Hətta bu günlərdə şam alıb zülmətli günlərini aydınlatmağa çalışanlar və dərin bunkerlərdə evlər inşa etdirib qiyamətdən qorunmağa hazırlıq görənlər də çoxalıb. Hələ onu da deyim ki, bu fürsətdən istifadə edib şam və suxarı alverindən kar əldə edib özlərini tutanlar da var. Bu məsələnin müsəlmanlar arasında da ajiotaj yaratması mənim kifayət qədər təəccübümə səbəb oldu. Ətrafımda olan insanların da bu barədə verdikləri saysız suallar da demək olar ki, məni təngə gətirdi.
      Bəlkə də bu xəbər müsəlmanlara bir o qədər təsir etməzdi, amma həmin günün cümə gününə təsadüf etməsi müsəlmanları belə qorxuya sala bildi. Müsəlmanlar hər nə qədər özlərinə təskinlik verib boş şeylərdir desələr də gözlərindən müdhiş bir qorxu və həyəcan hiss olunur. Axı biz müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə qiyamət gününün Allahdan başqa heç kimə məlum olmadığı açıq bir şəkildə bəyan edilmişdir. Axı biz bir müsəlman olaraq hər zaman ölümün qapımızda qonaq olacağına inanan insanlarıq. Qıldığımız namazları son namazımız kimi qılan, yaşadığımız günü ömrümüzün son günü kimi yaşayan biz deyilikmi? Yox, deməli, elə deyilik əslində. Bu şayiələrə inanmağımız onu göstərir ki, biz dediklərimizə belə inanmayan insanlarıq. Hər zaman ölüm hazırlığında olan deyil, bu fani dünyadan əbədi yapışmaq istəyənlərik. Başqa din mənsublarının bir ay sonra gözlədiyi qiyaməti biz hər gün gözümüzün qarşısında yaşanan və müsəlman qardaşlarımızın başına gətirilən fəlakətlərdə görən insanlarıq. Fələstinli müsəlman qardaş və bacılarımıza 21 dekabr tarixini gözləmək lazım deyil, bizim qorxuyla gözlədiyimiz qiyamət onların hər gün başlarının üzərində qopur.
      Bir tərəfdə güllə səsləri, dağıntı və hər zaman ölüm qorxusu. Ata-anasını itirən uşaqların göz yaşlarına qarışan boğuq səsləri. Övladının cansız bədənini qucağına almış ata-anaların arşı-əlaya yüksələn fəryadları. Bu gündən sabaha çıxıb yeni doğan günəşi bir daha görəcəyindən əmin olmayan insan kütləsi. Fələstinli məsum uşaqların başına yağan mərmilərdə yəhudi həmyaşıdları tərəfindən yazılan rişxənd dolu mesajlar. İnternet səhifələrində ürəkləri dağlayan görüntülər və xəbərlər. Heyvanlara belə edilməyən zülmlərin insanlar üzərindəki təlim səhnələri.
      Digər təfədə isə bütün bu hadisələrə göz yuman insanlar və biz müsəlmanlar. Cavan-qoca, qadın-uşaq demədən qanlarına qəltan edilən müsəlmanların bugünkü halları ən böyük qiyamət deyilmi? Ya bu hadislərəin başımıza gəlmədiyinə, ya da ki, günü-gündən qəlblərimizin daşlaşmasına görə laqeyd yanaşırıq gördüklərimizə. 
      Gözümüzün qarşısında hər gün qiyaməti yaşayan, bu gündən sabaha çıxmağa ümidi olmayan, varını-yoxunu itirmiş  insanları görə-görə bir gün qiyamətin qopacağından ehtiyat edib hazırlıqlara başlamışıq. Kim üçün və nə üçün? Bəkə də bu suallar üzərində geç olmadan yenidən baş yormalıyıq. Başda dediyim kimi bu da son. Amma dünyanın deyil, insanlığın sonu. Yeni bir başlanğıc: özündən başqa heç kimi düşünməyən bir insanlığın başlanğıcı.
      Ən böyük qiyamət: bir gün bizim və ətrafımızdakıların yox olması yox, biz firavan yaşayarkən müsəlman qardaşlarımızın zülmə məruz qalması.
       
      • Hits: 878 clicks

      Tecox component by www.teglo.info