Telefon - Məscid – Namaz / Saleh Şirinov

      Share

      Heç düşündünüzmü, “Cib telefonum bir gün namazda çalarsa...”. 

      Allahın məscidlərindən bir namazgahda, Onun hüzuruna durmuş müsəlmanlar telefonunuzun səsiylə olduqları iqlimdən (yaşadıqları haldan) qoparlarsa, bunun vəbalı nə olar? -bunu heç düşündünüzmü?.. Tez-tez qarşılaşdığım bu problemlə bağlı bir yazı yazmaq istədim. Gəlin hamımız bu sualları özümüzə verək və bir anlıq düşünək...

      Ümumiyyətlə insanlarla xoş rəftar edən Peyğəmbərimiz (s.ə.s) məscidlərin qüdsiyyətini pozanlara qarşı əsla xoş davranmamışdır. Əbu Hüreyrə (r.a)-dan nəql olunduğuna görə Peyğəmbərimiz: “Məsciddə alver edən birini gördüyünüz zaman “Allah ticarətini qazanclı etməsin” deyin” -deyə xəbərdarlıq edir. Məsciddə itən əşyasını elan edib axtarılmasını istəyən birinə: “Allah onu sənə geri qaytarmasın” -deyin” buyurur və bununla birlikdə həmçinin ilahi hüzurda duran müsəlmanları narahat edəcək ağır və pis qoxularla məscidə gəlməyi də qadağan edir.

      Çünki məscidlər Allahı anmaq və namaz qılmaq üçün inşa olunan və yer üzündə “Allahın evi” olaraq anılmağa layiq olan təmiz, pak məkanlardır. Məscidlər Kəbeyi-Müəzzəmənin bütün yer üzərinə yayılan şöbələridir. Bir insan, bir müsəlman da oraya gedərkən haraya girdiyinin şüurunda olmalıdır.

      Hz. Ömər (r.a) bir nəfərin məsciddə səsini yüksəltdiyini eşidəndə ona: “Sən harada olduğunu bilirsənmi?” deyə xəbərdarlıq etmiş, bu hərəkətə qarşı çıxmışdır.

      Bilindiyi kimi məscidlər müsəlmanların kütləvi şəkildə ibadət etdikləri, Quran oxuduqları yerlərdir. Allaha səcdə edilən yerlərdir. Bu səbəblə oraların daim hər yöndən təmiz saxlanması lazımdır. Xüsusilə də səssizliyi, mənəvi ab-havanı qorumaq üçün son dərəcə diqqətli olmaq lazımdır!

      Bu gün də gurultu çirkinliyi məscidlərdən təmizlənməli olan səbəblərdən biridir və məsciddə telefonu çalan bir müsəlman, həmin anda neçə nəfərin hüzuruna mane olduğunu, neçə nəfərin haqqına girdiyini düşünməli (nə qədər vəbal qazandığını) və bunun hesabatını öz-özlüyündə aparmalıdır.

      Yaşanan pis cəhətlərdən biri də telefonu məsciddə çalan birinin sanki küçədəymiş kimi telefonu açıb (başqalarını narahat edib-etmədiyinə əhəmiyyət belə vermədən) məscidin içində sərbəst şəkildə danışmasıdır. Başqa pis cəhətlərdən biri (namazdan əvvəl “lütfən, telefonlarınızı söndürün” deyə xəbərdarlıq edilməsinə rəğmən) namazın ortasında telefonu zəng çalan biri, namazım pozular deyə telefonunu söndürmür. Amma həmin anda neçə nəfərin namazını pozduğunu belə heç düşünmür. Ən acınacaqlısı da ardarda bir neçə dəfə zəng gələrsə, bu lap ağır işgəncə olur camaata. Bir növ musiqi tempində qılınan namaz olur. Həmin adam neçə nəfərin namazını pozduğunu, hüzurunu qaçırdığını, haqqına girdiyni heç düşünmür. Neçə nəfərin vəbalına girdiyini anlamır. Neçə nəfərin deyil, sadəcə bir nəfərin belə diqqətini, hüzurunu pozmamaq üçün sən öz namazını poz. Yetər ki, başqalarının hüzurunu pozmayasan. Üstəlik namazda zəng çalan telefonu bağlamaq çox hərəkət etməmək şərtilə mümkündür, bu, namazı da pozmaz. Amma əsas məsələ namaza hazır olmaqdır. Hazır şəkildə namaza durmaqdır. Yarımçıq deyil.

      İlahi hüzura durmağa hazırlaşan bir müsəlman olaraq Peyğəmbərimizin xəbərdarlıqlarını düşünərək tam bir ciddiyyətlə məscidə girməli, dünya və dünyalıqlardan uzaq durmağa, sıyrılmağa çalışmalıyıq. Əgər buna inanırıqsa, dünya və dünyalıqlarla davamlı olaraq əlaqədə saxlamağımıza vasit olan telefondan uzaqlaşmalıyıq. Elə isə məscidə girərkən birinci növbədə onu yoxlamalı, səsini bağlamaq və ya söndürməliyik. Həmin anda həll edib danışmalı olduğumuz bir məsələ varsa, bunun tədbirini əvvəlcədən almalıyıq, yaxud həmin məsələni çöldə həll edib, sonra məscidə girmək lazımdır. Namazlarını məsciddə camaatla qılmaq istəyən hər müsəlman paltar və bədən təmizliyi ilə dəstəmazının tam olub-olmadığını yoxladığı kimi, yanından heç ayırmadığı cib telefonunu da yoxlamalı və bunu da unutmayacağı bir vərdiş halına gətirməlidir.

      Unutqanlıqla bir dəfə kiminsə telefonunun açıq qalması mümkündür. Ancaq hər dəfə birinin telefonu açıq qalarsa, onda da məsciddə hüzur qalmaz. Ona görə hər kəs bu telefon bağlamaq məsələsini öz-özlüyündə vərdiş halına gətirməlidir. Bunun üstündə ciddi durmalıdır. Başqasının haqqına girib vəbal işləməkdənsə, belə vərdişi qazanmaq daha asandır. Çünki namazda çalan telefonun məsciddəki mənəvi ab-havanı pozması yuxarıdakı hədislərdə qadağan edilən xüsuslardan daha çox narahatlıq verir və nəticə etibarilə zərəri bütün camaatı narahat və hüzursuz edəcək qədər çoxdur, böyükdür.

      Xülasə, bəzən namazlardan əvvəl “cib telefonlarınızı söndürün” deyə xəbərdarlıq edilsə də hər bir müsəlmanın birinci vəzifəsi “məsciddə telefonu çalan şəxs mən olmamalıyam” həssasiyyətini qazanmaqdır. Hər kəs öz-özünə düşünməlidir ki, “məsciddə telefonu çalıb, camaatın diqqətini dağıdıb, haqqa girən və vəbal işləyən şəxs mən olmamalıyam.” Bunun da yolu məscidə girmədən əvvəl telefonu səssizə almaq və ya bağlamaqla mümkündür.

      Unutmayaq ki, biz məscidə ibadət edib savab qazanmaq məqsədilə gəlirik. Nə üçün başqasının haqqına girib, savab yerinə günah qazanmalıyıq?! Onsuz da çöldə həddən artıq dünya və dünyalıqla məşğuluq. Heç olmasa məscidə girəndə dünya və dünyalıqdan bir neçə dəqiqə uzaq qalmağa çalışaq.

      • Hits: 694 clicks

      Tecox component by www.teglo.info