Allahı murad etmək / Mübariz ƏLİOĞLU

      Share

      Uca Allah Qurani-Kərimdə belə buyurur:

      “Ey cin və insan camaatları! Əgər göylərin və yerin çevrəsini aşıb keçməyə gücünüz yetərsə dərhal keçin. Keçə bilməzsiniz! Bu, ancaq Ondan gələn ilahi bürhanla olur. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?!” (ər-Rəhman, 33-34)

      Yerin ilk süni peykinin buraxılması ilə günümüzədək davam edən kosmik fəzanın fəth proqramları insan cəmiyyətinin hər bir sahəsində öz praktiki tətbiqini tapan yeniliklərə səbəb oldu. Yaxın fəzanın öyrənilməsi ilə kifayətlənməyən alimlər artıq günəş sistemindən kənarda öz axtarışlarını davam etdirmək eşqi ilə bir birinin ardınca xüsusi təyinatlı gəmiləri fəzaya göndərdilər. Lakin verilən məlumatlara görə milyonlarla kilometr məsafəni qət edən bu gəmilərdən ən uzağa gedəni günəş sistemini əhatə edən və təbiəti məlum olmayan maneəni aşa bilmir. Alimlər bunun səbəbini tapmaqda acizdirlər. Halbuki ər-Rəhman surəsinin 33-cü ayəsi bu müşkülün cavabını verməkdədir. Yalnız ilahi yardımla bu maneələri aşmağın mümkünlüyünü bildirən ayənin sonluğunu anlamaq üçün Rəsulullahın zəngin irşad mədəniyyətinə müraciət etməmiz zəruridir. Muaz bin Cəbəlin timsalında bütün ümmətinə yönələn Allah Rəsulu (s.ə.s) mübarək kəlamı ilə Adəm övladlarını eyni zamanda böyük bir nəfs müsahibəsinə dəvət edir:

      “Ya Muaz! Mən sənə bir şey anladacağam. Əgər bunu layiqincə mühafizə etsən, sənə faydası toxunacaqdır. Ey Muaz! Allah-Təala yer və göyləri yaratmadan əvvəl yeddi mələk yaratdı, sonra göyləri yaratdı. Hər göy üçün bu mələklərdən bir qapıçı təyin etdi. Onların hər birini əzəmət libasına bürüdü. Mühafiz mələklər qulun günəş kimi işıq saçan əməlini göylərə çıxarırlar. Birinci qat göydə əməli təmizləyərək böyüdürlər, lakin bu qatdakı vəzifəli mələk: -“Bu əməli sahibinin surətinə çırpın. Çünki qeybət edənlərin əməlini buradan irəli buraxmamamı Rəbbim mənə əmr etdi”, -deyər. O kimsənin əməli bu şəkildə geri çevrilər. Rəbbimiz Qurani-Kərimdə möminlərə qeybətdən uzaq durmağı əmr edir: “Ey iman gətirənlər! Bir-birinizin qeybətini etməyin. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?” (əl-Hucurat, 12)

      Sonra mələklər başqa birinin əməlini gətirər. Artıq ikinci göyə yüksələn əmələ oradakı vəzifəli mələk belə deyər: -“Götürün bu əməli sahibinin surətinə çırpın. Çünki onun əməli göstərişdən ibarətdir. Riyakarların əməlini buradan keçirməməmi Rəbbim mənə əmr etdi.” Quranda Allah-Təala riyakarlığı belə dəyərləndirir: “Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər.” (ən-Nisa, 142)

      Sonra başqa bir parlaq əməl birinci və ikinci qat göyləri keçdikdən sonra üçüncü qata gələr. Oradakı mələk: “Götürün bu əməli çırpın sahibinin üzünə, təkəbbür edənin əməlini buradan keçirməməmi Rəbbim mənə əmr etdi”, -deyər. Rəbbimizin Qurani-Kərimdə təkəbbür əhlinə münasibəti qətidir: “Allah təkəbbür edənləri sevməz.” (ən-Nəhl, 23)

      Sonra daha parlaq bir əməl göyləri keçdikdən sonra dördüncü göyə qaldırılır. Namaz, oruc, həcc və zəkat kimi müxtəlif ibadətlər inci kimi düzülərək parlaq vəziyyətə gələr. Lakin dördüncü göyün mələyi: “Götürün bu əməli sahibinin üzünə çırpın. Bu adam özünü bəyənən birisidir”, -deyər. Uca Rəbbimiz Quranda bu mənasız əxlaqa sahib olanları şiddətlə qınayır:

      “Adamlardan təkəbbürlə üz çevirmə, yer üzərində lovğa-lovğa gəzib dolanma. Həqiqətən Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz.” (Loğman, 18)

      Daha bir əməl beşinci qat göyə yüksələr. Lakin buradakı mələk: “Götürün bu əməli sahibinin üzünə çırpın. Rəbbim həsədçinin əməlini irəli keçirməməmi mənə əmr etdi”, -deyər. Uca Rəbbimiz Quranda həsədçinin şərindən Ona sığınmağı qullarına əmr edir: “De ki: paxıllığı tutanda paxılın şərindən sübhün Rəbbinə pənah aparıram.” (əl-Fələq, 1, 5)

      Altıncı görə qədər yüksələn əməli mələk qarşılayar və belə deyər: “Götürün bu əməli sahibinin üzünə çırpın. Çünki o, mərhəmətsiz insandır.” Rəbbimizin mərhəmət hissinə xüsusilə önəm verməsi mərhəmət libasına bürünmənin vacibliyindən xəbər verir: “De: Göylərdə və yerlərdə olanlar kimindir. De: Allahındır! O, öz-özünə Rəhmli olmağı yazmışdır. Olacağına heç bir şübhə olmayan qiyamət günü sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar əlbəttə iman gətirməzlər.” (əl-Ənam, 12)

      Üç min mələyin müşayiəti ilə inanılmaz fəzilət libasına bürünmüş əməl yeddinci qat göyə qədər yüksələr. Lakin mələk: -“Götürün bu əməli sahibinin üzünə çırpın, əzalarına vurun, qəlbini bu əməllərlə möhürləyin. Allah rizası üçün olmayan əməlləri buradan irəli buraxmamağı Rəbbim mənə əmr etmişdir”, -deyər. Qurani-Kərimdə bu tükürpərdici və insanı əbədi zəlilliyə sürükləyən hal belə təsvir edilir: “(Ya Rəsulum) insanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qəddarıdır.” (əl-Bəqərə, 204) Əbədi səadətə aparan riza halı isə belə anladılır: “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah öz bəndələrinə qarşı mehribandır.” (əl-Bəqərə, 207)

      Nəhayət, bir qulun namaz, oruc, zəkat, həcc, ümrə, gözəl əxlaq, təfəkkür və zikr kimi əməlləri göyə yüksələr. Hər qapıdan keçər, göylərin mələkləri onu müşayiət edərək pərdələrin hamısından keçirər və Allahın hüzuruna yüksəldərək yalnız Allah rizası üçün xalis əməl olduğuna şəhadət edərlər. Allah-Təala: “Siz qulumun əməlinin qoruyucususunuz. Mən isə onun bütün incəliklərini bilənəm. O, bu əməl ilə Məni murad etmədi, başqasına göstəriş məqsədi ilə etdi. Mənim lənətim onun üzərinə olsun.” -buyurar. Mələklərin hamısı, yer və göylər bu ilahi qəzəb buyruğuna həmrəy olduqlarını ifadə edərlər.”

      Allahı həqiqi mənada murad etmənin ən möhtəşəm təzahürü Rəsulullahın merac səfərində daha qabarıq hiss edilir. Gözün sevdiyinin hüzurunda Ondan başqa heç bir yerə baxmaması, Rəbbindən başqa heç bir şeyi murad etməməsi ədəbin ən yüksək nöqtəsidir:

      “Gözü nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü).” (ən-Nəcm, 17)

      Rəvayət edildiyinə görə Allah-Təala Hz. İbrahimə (ə.s) belə vəhy etmişdir: “Həqiqətən də sən Mənim dostumsan, Mən də sənin. Qəlbinə nəzər yetirdiyim zaman əsla onu başqasıyla məşğul olan görməyim. Yoxsa Mənə olan sevgini kəsərəm. Mən sevgim üçün elə bir kimsəni seçirəm ki, onu atəşlə yandırsam, yenə də qəlbi Məndən başqasına iltifat etməz və Məndən başqası ilə məşğul olmaz.” Bu sözlərin təsdiqi olaraq böyük bir atəşdə yandırıldığı zaman Cəbrayılın (ə.s) köməyindən imtina edən Hz. İbrahim yalnız Rəbbini murad etdiyini inanılmaz bir fədakarlıqla nümayiş etdirmişdir.

      Rəbbini içdən qaynaqlanan bir istəklə murad etmənin ən gözəl tərənnümü Yunus Əmrənin könül aləmindən saçılan sözlərdə öz təsdiqini tapır:

      Eşqin aldı məndən məni, mənə Səni gərək Səni

      Mən yanaram dünü-günü,mənə Səni gərək Səni

      Nə varlığa sevinərəm, nə yoxluğa yerinərəm

      Eşqin ilə ovunaram, mənə Səni gərək Səni.

      Yuxarıdakı hədisdən də anlaşıldığımız kimi mələklərin belə əməl sahibinin xeyrinə olan şəhadətinin əməllərin əsl mahiyyətini bilən Rəbbimizin nəzdində müəyyən hallarda dəyər qazanmayacağını anlayan hər bir insanın Rəbbimizi əhatəli ölçüdə murad etmənin ən etibarlı yardımçısı olan ixlasa sarılması zəruridir.

      Rəsulullah (s.ə.s) bir qüdsi-hədisdə ixlasın əhəmiyyətini ümmətinə bu şəkildə anladır:

      “İxlas Mənim sirlərimdən elə bir sirdir ki, onu qullarımdan ancaq sevdiyim kimsənin qəlbinə əmanət edərəm. Onu əcr dəftərinə yazmaq üçün nə bir mələk, nə də onu zay etmək üçün bir şeytan ixlas bilgisinə malik olmaz.” (ət-Tac, I, 43) 

      • Hits: 679 clicks

      Tecox component by www.teglo.info