Həyat dəftərindən / Ülvi Məmmədov

      Share

      Onun üçün fərqi var

      Yeni romanına başlamaq üçün okean sahillərinə gəzintiyə çıxan bir yazıçı səhərin alaqaranlığında qumların üstündə sanki rəqs edirmiş kimi görsənən bir adam gördü. Bir az yaxınlaşdıqda o adamın dalğaların sahilə vurduğu dəniz ulduzlarını okeana atdığını fərq etdi. Ona yaxınlaşdı və soruşdu:

      - Nə üçün dəniz ulduzlarını okeana atırsan?

      Gənc cavab verdi:

      - Bir azdan günəş yüksələcək və su çəkiləcək. Onları suya atmasam öləcəklər.

      Yazıçı soruşdu:

      - Kilometrlərlə uzun sahil, minlərlə dəniz ulduzu var. Bu hərəkətin nəyi dəyişdirəcək ki, nə fərqi var?

      Gənc adam əyilib yerdən bir dəniz ulduzu götürdü və okeana doğru atdı. Sonra isə bunu dedi sadəcə:

      - Amma onun üçün fərqi var…

      Yeni barmaqlarım nə vaxt çıxacaq?

      Yeni aldığı maşınına baxmaq üçün çölə çıxanda üç yaşlı oğlunun gülə-gülə əlindəki çəkiclə maşının qapısını əzik-əzik etdiyini gördü. Qəzəbindən dəli kimi oğlunun üstünə cumdu və əlindəki çəkici alıb bu səfər maşının qapısını əzən əllərinə vurmağa başladı. Hirsi bir az soyuduqdan sonra etdiyinə peşman olaraq özünü qucağındakı uşaqla tez xəstəxanaya çatdırdı. Həkimlər uşağın qırılan barmaqlarını xilas etməyə çalışsalar da məcburiyyət qarşısında qalaraq hər iki əlinin barmaqlarını kəsməli oldular.

      Əməliyyatdan çıxan uşaq gözlərini açanda sarğı içərisindəki əllərini görüb məsum ifadəylə üzünü atasına tutdu və:

      “Atacan, yeni maşınını əzdiyim üçün üzr istəyirəm. Bəs yeni barmaqlarım nə vaxt çıxacaq?” –dedi.

       

      Uşaqlar südü dağıdanda və ya bir uşağın ağladığını eşidəndə bu hekayəni xatırlayın. Əşyaları təmir etmək mümkündür, amma qırılan sümüklər və incidilmiş duyğular əsla təmir edilməz.  

       

       

      Çatlaq vedrə

       

      Çində bir nəfər hər gün çiyininə qoyduğu düz çubuğun hər iki ucuna asdığı böyük vedrələrlə işlədiyi evə su daşıyırdı. Onun su daşıdığı vedrələrdən biri çatlaq idi. Salamat vedrə içinə doldurulan suyun hamısını evə qədər saxladığı halda, çatlaq vedrə yalnız doldurulan suyun yarısını saxlayırdı. Bu vəziyyət aylarla davam etdi. Həmin adam hər səfər evə vedrə yarım su daşıya bilirdi.

      Vedrələrdən isə salamat olanı vəzifəsini layiqiylə yerinə yetirməyin qürurunu yaşayarkən, çatlaq olan vedrə vəzifəsini yerinə yetirə bilmədiyi üçün daim boynubükük idi.

      Bir gün artıq dözə bilməyən zədəli vedrə sahibinə:

      - Səndən üzr istəmək istəyirəm! -dedi.

      - Nə üçün?

      - Neçə aydır çatlaq olduğum üçün vəzifəmin yalnız yarısını yerinə yetirə bilirəm. Sən isə mənim bu qüsurumdan ötrü əməyinin tam qarşılığını ala bilmirsən.

      Adam “Lütfən, özünü günahlandırma!”, -dedi və davam etdi: “Evə qayıdarkən yolun kənarındakı çiçəklərə bax!”.

      Vedrə qayıdarkən yol boyu gözəl çiçəkləri seyr etdi... Sonra da çiçəklərin yalnız yolun bir kənarında olduğunun fərqinə vardı... Evə çatanda isə yenə əskik gətirdiyi suya görə kədərlənmişdi...

      Sahibi isə bunları dedi:

      - Gördünmü? Yolda yalnız sənin tərəfində çiçəklər vardı. Mən sənin qüsurunu görürəm, o yol kənarındakı çiçəkləri də mən əkdim. O gözəl çiçəklərə həyat verən sənin qüsurundur... Mən də o çiçəklərlə hər gün ağamın süfrəsini bəzəyirəm. Sənin qüsurun olmasaydı, o gözəl çiçəklər yetişməzdi, ağam da evində belə bir gözəlliyi yaşaya bilməzdi.

      Ən yaxşı buğda

      Hər il keçirilən “ən yaxşı buğda” yarışmasında bu dəfə də eyni adam qalib gəlmişdi. Əkinçidən bu işin sirrini soruşduqda belə cavab verdi:

      - Mənim sirrim sahib olduğum toxumluq buğdanı qonşularımla bölüşməkdədir.

      - Sahib olduğunuz toxumu rəqiblərinizlə bölüşürsünüz? Nə üçün belə edirsiniz, qorxmursunuz sizdən üstün olarlar?

      Bu sualı isə belə cavabladı:

      - Bilmədiyiniz bir məsələ var. Külək yetişən buğdaların tozunu tarladan-tarlaya daşıyır və tozlanma baş verir. Qonşularımın pis məhsul yetişdirməsi mənim də məhsulumun keyfiyyətinə təsir edər. Əgər ən yaxşı buğdanı mən yetişdirmək istəyirəmsə, qonşularımın da yaxşı buğda yetişdirməsinə kömək etməliyəm.

      Sevgi və paylaşmaq ən yaxınınızdakı adamdan başlayar. Kin, paxıllıq və nifrəti heç kim bəyənməz.

      • Hits: 698 clicks

      Tecox component by www.teglo.info