Mədəniyyətimizdə Xeyriyyəçiliyin Təməlləri / Elşən RZAYEV

      Share

      Nizam yaradılışın sirridir. Nizam məxluqatın tabe olduğu ən böyük qanundur. Nizam sünnətullahdır. 

      Kainat ilahi bir nizamla hərəkət edir. Nizamsızlığın bir adı da qiyamətdir. Fərdi nizamsızlıq insanın qiyamətinə, sosial nizamsızlıq isə cəmiyyətin qiyamətinə səbəb olur.

      Hər bir müsəlman Allahın “Salam” adının bir təcəllisi olaraq yaradılışın qanunu olan nizamı qorumalıdır. Tarix nizamı pozanlarla nizamı qorumaq istəyənlər arasındakı amansız mübarizənin adıdır. Peyğəmbərlər ilahi nizamı davranışları ilə nümayiş etdirən ideal örnəklərdir. Kitablar isə nizam qanununu öyrədən ilahi mətnlərdir.

      Quranda iman və namazdan sonra xeyirxahlıq zikr edilir. Quran xeyirxahlıqdan o qədər çox bəhs edir ki, “vəhy insana Allah yolunda xərcləməyi öyrətmək üçün gəlmişdir” deyilsə, yerinə düşər. Xeyirxahlıq insanın sanki Allahı öz qazancına ortaq etməsidir. Qazancı artırmanın ən etibarlı və ən ağıllı yolu Allah yolunda xərcləməkdir. Allah yolunda xərcləmək əskiltmək deyil, çoxaltmaqdır.  

       Xeyriyyəçilik - insanların təfəkküründə şəfqət, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək, halına yanmaq kimi keyfiyyətlərlə ehtiva olunur. Xeyriyyəçilik fəaliyyətinin dairəsi məhdud mənada əhalinin zəif sosial təbəqəsinin üzvlərinə müxtəlif yöndə yardımlarla əhatələnir. Bu isə sübut edir ki, xeyriyyəçiliyin kökü qədim zamanlara gedib çıxır.

      Allah insanları malları və canları ilə sınayır. Mal sınağından keçməyənlər can sınağına girə bilməzlər. Eynilə Qabil kimi... O, mal sınağından keçmədi və məhv oldu. Habil isə mal sınağından keçərək can sınağına girdi və onu da qazanaraq ölümsüzləşdi. 

      Qulluqda ucalmağın iki qanadı var: Biri quldan Allaha doğru açılan qanaddır ki, bunun adı namazdır. Digəri isə quldan qula doğru açılan qanaddır ki, bunun adı da xeyirxahlıqdır. Bu iki qanad ən gözəl ifadəsini Maun surəsində tapır. Aşağıdakı ayə də bu həqiqəti ifadə edir:

      “O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.” (Həcc, 35)

      Bir müsəlmanın dərdinə dərman olmağı dünyalar dolu qızıl və gümüşdən üstün tutanların fəzilət ənənəsi öz əsasını uca kitabımızdan aldığı kimi, onun davam etməsi də əlbəttə ki, eyni qaynaqdan olacaq. Ayeyi-kərimədə buyurulur: “...Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir..” (Bəqərə, 177)

      Xeyirxahlıq etməyin yolu vəhyin inşa etdiyi bir sərvət təsəvvürünə sahib olmaqdan keçir. Bu təsəvvürün istinad edəcəyi əqidə tövhid əqidəsidir. “Mülk kimindir?” sualına Quranın qətiyyətlə verdiyi cavab açıq-aşkardır: “Mülk Allahındır!” Bəs onda bu mülkdən insanın payına düşən nədir? Bu bir həqiqətdir ki, bu pay da insana verilən bir əmanətdir. Çünki insan bu dünyaya sahib olmaq üçün deyil, şahid olmaq üçün gəlmişdir. Sərvəti imana şahid tutmaq lazımdır. Bu isə sərvətə mülkiyyət deyil, əmanət gözü ilə baxmaqla olur.

      Qeyd edək ki, şəfqət, başqasının halına yanmaq, xeyirxah işlər görmək, qonaqpərvərlik və səxavət kimi keyfiyyətlər həmişə Azərbaycan xalqının ən mühüm həyati dəyərləri olub və bu gün də olmaqdadır. XIX əsrin sonu XX əsrin əvvəllərində bu tarixi-mədəni və mənəvi təməl üzərində Azərbaycanda mesenatlıq geniş vüsət almışdı. Olduqca qənaətcil sahibkarlar kimi tanınmış insanlar cəmiyyətin rifahı naminə - maarif və təhsilə, mədəniyyət və incəsənətin inkişafına, mülki tikinti işlərinə külli miqdarda vəsait sərf etmişdilər. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev kimi xeyirxah insanların adı bu siyahıda xüsusilə seçilir. Azərbaycanın xeyriyyəçilik institutunun formalaşdırılması istiqamətində qadın xeyriyyə cəmiyyətləri də böyük işlər görmüşdü. Bu sıraya Gövhər xanım Qacar, Həmidə xanım Cavanşir, Nigar xanım Şıxlinskaya və başqalarının yaratdıqları qadın xeyriyyə cəmiyyətlərini aid etmək olar.

      Keçmişdən günümüzə çox şey dəyişdi... Xeyirxahlıq və yaxşılıq etmək anlayışımız da bunlardan biridir. Artıq başqalarından çox özümüzü düşünür, nəfsimizin “mənə yardım edənə yardım edərəm, yaxşılıq edənə yaxşılıq edərəm” təlqinləri ilə özümüzü haqlı çıxarırıq. Başqalarının bizim haqqımızda deyəcəyi “yaxşı insandır” ifadəsini belə özümüz haqda “mən yaxşı insanam” deyirik. Sözümüz nəfsimizə xoş gəlir, ancaq “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” (Ali İmran, 92) buyuran Rəbbimizə necə gəlir onu düşünmürük.   

      Xərcləyə bildiyimiz şey bizimdir. Çünki insan ancaq sahibi olduğu şeyi verə bilər. Əgər vermirsə, deməli, o malın deyil, mal onun sahibidir. Elə bu baxımdan da möminlə münafiqi bir-birindən ayıran xüsusiyyət xeyirxahlıqdır. Təəccüblü haldır ki, “infaq” ilə “nifaq” kəlməsinin kökü ərəb dilində eynidir. Hər iki kəlmə də “iki tərəfində iki dəliyi olan yeraltı keçidi” ifadə edir. İnfaq kəlməsində iki dünyalığa aid bir işarə vardır. Sanki dəliyin biri bu dünyaya, digəri o biri dünyaya açılan tuneldən nə isə göndərməyi bildirir. Xeyirxah şəxs əslində infaq etdiyini zahirən özündən vermiş kimi görünsə də, həqiqətdə verdiyini axirətə öz hesabına göndərir.  Nifaqda isə bu məna özünü “ikiüzlülük” olaraq göstərir.

      İnfaq və nifaq kəlmələrinin kökü eyni olmaqla yanaşı, dəlalət etdikləri mənalar etibarı ilə bir-birinə ziddir. Nifaq ikiüzlülüyün, infaq isə iki dünyalılığın adıdır. Nifaq əhli tək dünyalı olduğu üçün infaq edə bilməz. Çünki xeyirxah insanlar axirətdə əvəzini alacaqlarına inananlardır. 

      Quran xeyirxahlığı sahibini cənnətə aparan bir yol, xəsisliyi də sahibini cəhənnəmə aparan bir yol olduğunu aşağıdakı ayələrdə bildirir:

      “Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü (lə iləhə illəllah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olanı (cənnəti) müyəssər edəcəyik! Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü yalan saysa, Biz ona ən çətin olanı (cəhənnəmi) müyəssər edəcəyik!” (Leyl, 5-10)

      • Hits: 793 clicks

      Tecox component by www.teglo.info