Tənha Məzar / Bəxtiyar VAHABZADƏ

      Share

      1918-ci ildə erməni basqınına məruz qalmış Azərbaycana köməyə gələn türk ordusunun zabiti şücaətlə döyüsmüş, Şamaxı ətrafında erməni gülləsinə tuş gəlmişdir. O, öz, arzusu ilə yaralandığı yerdə də dəfn olunmuşdur. 

       

      Yolun kənarında tənha bir məzar 
      Üstündə nə adı, nə soyadı var. 
      Ey yolçu, masını əylə bu yerdə 
      Soruş kimdir yatan tənha qəbirdə? 

      O, bir türk zabiti, qəhrəman, mətin! 
      Doğma qardaşına yardıma gəldi. 
      Qırğına tutulan millətimizin 
      Haqlı savaşına yardıma gəldi. 

      Uzaqdan hay verib sənin səsinə, 
      Gəldi, qayıtmadı öz ölkəsinə. 
      Düşmən səflərini o, soldan sağa 
      Biçib dəstəsiylə cəbhəni yardı. 
      Torpağın yolunda düşüb torpağa 
      Sənin torpağını sənə qaytardı. 

      Özü qoruduğu, həm can verdiyi 
      Yolun kənarında dəfn edildi o. 
      Uğrunda canını qurban verdiyi 
      Torpağı özünə vətən bildi o. 

      Yolçu, masınını bu yerdə əylə 
      O məzar önündə sən təzim eylə. 
      Səcdə qıl, dua ver onun ruhuna 
      Ayaq basdığın yer borcludur ona. 

      • Hits: 877 clicks

      Tecox component by www.teglo.info