Yaxşi Adamlar Yaxşi Atlara Minmədən... / Nurlan MƏMMƏDZADƏ

      Share

      Bu yaxınlarda maraqlı bir hadisə ilə qarşılaşdım. Səhər saat 9 radələrində həmişə olduğu kimi işə gedirdim. Dayanacaqda avtobusa minib yoluma davam etdim.

       Yaxınlıqda biri oturan, digəri ayaq üstə dayanan iki məktəbli də vardı. Söhbətlərindən paralel siniflərdə oxuduqları anlaşılırdı. Təxminən 7-8-ci sinif şagirdi olan bu yeniyetmələr ətrafdakı sərnişinlərə əhəmiyyət vermədən hər şeydən danışırdılar. Araya qısamüddətli pauza girdikdən sonra birdən ayaq üstə olan digərinə hamının eşidəcəyi səs tonu ilə “ikinci dərsdən qaçarsan də bu gün”, -dedi. Qarşı tərəf səbəbini və hara gedəcəklərini soruşdu. Qaçma təklifini edən isə “heç, elə belə, bir az gəzərik”, -cavabını verdi və razılaşdılar. Eşitdiklərim bir anlıq məni düşüncələrimin tənha adasına atdı. Etiraf etməliyəm ki, bu gün bu sətirləri yazan şəxs də məktəb və universitet illərində hamı kimi dərsdən də qaçıb, hər yeniyetmənin və gəncin yoldaşları ilə birlikdə yaşadığı macəraları da azdan-çoxdan yaşayıb. Burada məni təəccübləndirən şey ondan ibarət idi ki, biz dərsdən qaçmaq planlarını qurarkən kənardan bizi kiminsə eşitməsindən utanardıq, hətta etiraf edim ki, qorxardıq. Çünki bir vaxtlar cəmiyyətdə “ictimai qınaq” adlanan bir məfhum vardı və bu məfhum vadar edirdi ki, ayaqüstü yeyilən qida tullantılarını heç kim küçəyə atmasın, ictimai yerlərdə söyüş söyülməsin, heç kim yolun ortasında maşınını saxlayaraq düşüb mağazaya girməsin, məktəblilər dərsdən qaçma planlarını xəlvət yerdə qursunlar. Bu gün isə “ictimai qınaq” məfhumu demək olar ki, sıfıra bərabərdir. Cəmiyyətimizdə belə bir halın yaranması və getdikcə vərdişə çevrilməsi çox acınacaqlıdır. Müşahidələrimə əsasən deyə bilərəm ki, məsələn, Rusiyada küçədə gedərkən yediyin konfetin kağızını yerə atsan, o dəqiqə səni görən yaşlı adamlar hərəsi bir tərəfdən danlamağa başlayacaqlar ki, bu nə biyabırçılıqdır. Bu qədər məzəmməti görüb ikinci dəfə heç kəs küçəni zibilləməyəcək. Yenə bir neçə ay bundan əvvəl qardaş Türkiyədə bir mənzərənin şahidi oldum: İstanbulda hava qaralmağa başlamışdı. Məşhur camelərdən birinin yaxınlığında oturub dilənən bir adam vardı. Elə hey dil töküb yanından keçənlərdən nə isə istəyirdi. Bu qədər yalvar-yaxardan sonra hər halda istədiyinə nail olmadığını görüb bu səfər belə deməyə başladı: “Verənə dua edirəm, verməyənə bəd-dua”. Bu cümləni bir-iki dəfə demişdi ki, yol keçən cavan bir oğlan cəld yanına yaxınlaşıb “qardaşım, niyə camaata bəd-dua edirsən” deyib, danlamağa başladı. Səsləri ətrafa yayıldı.  Bir neçə saniyənin içində hərə bir tərəfdən qınaq atəşinə tutdu o dilənçini. Adamı söylədiklərinə peşman etdilər. Zənn etmirəm ki, o adam bir daha eyni sözü təkrar edə. Bizdə isə eyni mənzərə qarşısında hərə üzünü bir tərəfə çevirib müəyyən bəhanələrlə özünü görməməzliyə vurardı məncə.  

      Neçə vaxtdır məni düşündürən bir məsələni də oxucu ilə paylaşmaq istəyirəm. Ümumiyyətlə metro, avtobus və s. kimi kütləvi nəqliyyat vasitələrinə minəndə hər dəfə beynimə bir fikir hakim kəsilir. Yadıma gəlir, biz hələ onda balaca idik, avtobusa minənlər arasında kimin əlində çanta və ya yük olardısa, oturanlardan biri mütləq bu yükü ondan alar, onsuz da ayaq üstə getmək məcburiyyətində olan bu adamın daha çox əziyyət çəkməsinə imkan verməzdilər. Yaşadığımız zəmanədə isə kütləvi nəqliyyat vasitələrinə belə nəcib duyğularla minən adamlar həddən artıq azalıb. (Hələ böyüklər üçün ayağa qalxmayan, yaşlılara, qadınlara, hətta əliuşaqlılara yer verməyənləri demirəm. Çünki artıq bu mövzular o qədər çox sadalanıb ki, təkrar edib başınızı ağrıtmaq istəmirəm) Hətta acınacaqlı haldır ki, əliçantalı və oturmuş bir gənc özündən yaşlı biri üçün ayağa qalxdıqda belə hörmət görən adam yerində oturduğu alicənab insanın əlindəki çantasını ondan alıb bir növ yaxşılığa yaxşılıqla qarşılıq verməyə tənəzzül etmir. Nədir görəsən bunun səbəbi? Düzdür, hər kəsi günahlandırmaq doğru deyil. Az da olsa hərdən kiminsə (maraqlıdır ki, bu hərəkəti edənlər çox vaxt gənc oğlanlar olur) arxadan başqa bir adamın çantasını dartdığını, çevrildikdə isə “qardaş, ver çantanı saxlayım” dediyini də görmüşəm. Hətta bunda israr edənləri də görürük hərdən. Amma ümumi götürdükdə bu göstərici təəssüf ki, yox deyəcək qədər azdır. Zamanla bu kimi nəcib adamların digərlərinin təsirinə düşərək tədricən onların sıralarına keçəcəyi narahatlıq hissi yaradır adamda.

      Sonda məqaləmə başlıq olan ibarənin tarixçəsini birlikdə oxuyaq: Ustad Nəcib Fazilin “Aynadaki Yalan” romanının qəhrəmanı Naci vicdani arayış içində olduğu bir vaxt ona: “Sənin axtardığın yaxşı adamlar yaxşı atlara minib getdilər...” deyirlər və bu kiçik hekayə anladılır: “Bir gün cins atlara marağı olan bir nəfər cins atları ilə məşhur olan bir yerə gedir. Hansı ki, uzun illər bundan əvvəl orada olmuşdur... Tanıdığı adamlardan kimi soruşsa, “öldü” deyirlər. Filan ağa, filan dayı?.. Cavablarsa eyni: “köçdü”, “öldü”. Bəs filan atın balası, filan dayça… Bir cavab var: “kökü kəsildi”. Ən sonda at həvəskarına belə deyirlər: Sözün qısası, yaxşı adamlar yaxşı atlara minib getdilər…

         

      • Hits: 755 clicks

      Tecox component by www.teglo.info