İnsan / Mübariz ƏLİOĞLU

      Share

      Uca Allah Qurani-Kərimdə belə buyurur:

      “And olsun əncirə və zeytuna; And olsun (Allah-Təalanın Musa ilə danışdığı) Tur dağına; And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki, Biz insanı ən gözəl biçimdə yaratdıq!” (ət-Tin, -4)

      Rəbbimiz olan Allahın Qurani-Kərimdə insanın yaradılışı haqqında buyurduqları, Adəm övladının varlıq səbəbini dərindən düşünməyə vadar edən məqamları özündə birləşdirir. İnsan ilahi istəklə fövqəladə məsuliyyət dairəsinin mərkəzində öz yerini tutmaqla bu məsuliyyətin tələblərinə ciddi şəkildə əməl etmək məcburiyyəti ilə qarşı-qarşıyadır. Bəli, insan onu yaradan Rəbbinə qulluq etmə və Onu inanılmaz ölçülərdə tanıma keyfiyyətinə sahib olan bənzərsiz varlıqdır.

      “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (əz-Zəriyət, 5 6) -buyuran Rəbbimizin insan övladını qəflətdən oyandırmaq üçün Quranın mənliyimizə nüfuz edəcək ifadələri ilə bizi bir daha qulluq məsuliyyətinə dəvət etməsi ağlı olan hər bir varlıqda inkar təşəbbüslərini yerindəcə məhv etmə iqtidarındadır:

      “(Ey İnsanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları; meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər.” (Loğman /20)

      Təbiidir ki, Quran ayələrini və kainatdakı möhtəşəmliyi üsyan girdabına yuvarlanmış nəfsimizlə tanıma yolunu tutsaq, bu bizi əbədi rəzillik girdabına sürükləyəcəkdir. Lakin Uca Allahın təsəvvür sərhədlərini aşan mərhəməti çılğın insan təbiətini faydasız bağlantılardan qurtaracaq və ona əbədi qurtuluşun nəfəsini hiss etdirəcək bütövlükdədir:

      “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz! Məgər (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır! Allah evlərinizi sizə məskən (yaşayıb dincəlmə yeri) etdi, heyvanların dərilərindən həm köç vaxtı, həm də bir yerdə qaldığınız zaman (daşınması) sizin üçün yüngül (asan) olan evlər-çadırlar düzəltdi, onların yunundan, tükündən və qılından müəyyən vaxta qədər (ömrünüzün sonuna kimi və ya onlar köhnələnədək) istifadə edəcəyiniz ev əşyası (pal-paltar, xalça-palaz) və (satlıq) mal verdi. Allah yaratdığı şeylərdən (ağaclardan, evlərdən, dağlardan və buludlardan) sizin üçün (günəşin hərarətindən qorunmaq məqsədilə) kölgəliklər əmələ gətirdi, sizdən ötrü dağlarda sığınacaqlar (mağaralar, kahalar), sizi istidən (və soyuqdan) saxlayacaq (yun, kətan, pambıq) köynəklər, (sizi müharibədə) qoruyacaq zirehli geyimlər düzəltdi. Allah nemətini sizə belə tamamlayıb verdi ki, bəlkə, Ona itaət edəsiniz (müsəlman olasınız)! (Ya Rəsulum! Əgər bütün bunlardan sonra müşriklər) yenə də (səndən) üz döndərsələr (ürəyini qısma)! Çünki sənin vəzifən ancaq (Mənim dinimi, hökmlərimi) açıq-aşkar təbliğ etməkdir!”. (ən-Nəhl, 78-82)

      Son dövrün ən böyük İslam alimlərindən olan Musa Topbaş bəyəfəndinin insanlıq məsuliyyətinə yanaşma tərzi xüsusi bir cazibəsi ilə seçilməkdədir. Qulluğa məsul olan hər bir insanın hərtərəfli tərəqqisi üçün etibarlı bir inkişaf rəhbərinə çevrilmiş dəyərli məqalələrində Musa əfəndi bunları bildirməkdədir: “Allah-Təala bizi Özünə qul etdi. Yerlə sürünən bir həşərat da edə bilərdi. Sevimli Rəsuluna ümmət etdi. Bunlar bizim üçün böyük nemətlərdir. Bunlardan istifadə etmək lazımdır. İnsanlar iki qisimdir: Allah-Təalaya vasil olanlar və Allah-Təalaya vasil olmayanlar. Allah-Təalaya vasil olmayanlar zahirən ibadət edərlər. İbadətləri çoxdur. Səhərə qalxanları belə vardır. Fəqət qəlbi cəhətdən inkişaf etməmişlər. Hər şeyi özlərindən görərlər. Mən etdim, mən düzəltdim və s. deyərlər. Qardaşlarını layiqincə sevməzlər. Halbuki həqiqi bir qul hər şeyin Allah-Təaladan olduğunu bilir. Madam ki, Allah-Təala bizi Özünə yaxınlıq gözəlliyinə qərq etmişdir, biz də uzaq qalanları bu yaxınlığa nail olmağa təşviq edəcəyik”.

      Allaha vasil olan ariflərin, yəni ilahi rəhmət və məhəbbət nurları ilə bəsləndiklərindən dolayı, fərqli bir mənəviyyat şüuruna sahib olan bu mötəbər insanların hallarından xəbər verən Abdulqadir Ceylani belə buyurur:

      “Arifin əxlaqı Allah-Təalanın əxlaqı cümləsindəndir.  O, şeytanın, nəfsin və istəklərin əlindən günahkarı qurtarmaq üçün çalışır. Sizdən biriniz övladını bir kafirin əlində əsir olaraq görsə, təlaşlanmazmı? Elə arif də təlaşlanmaqdadır. Onun nəzərində bütün insanlar övladları kimidir. O, insanlara Allahın (c.c) əmrlərini və yasaqlarını bildirər. Sarsılmaz iman sahibi olan arif qəlbi, içi və mənası ilə digər insanlardan ayrıdır. Arif insan qəlbini dünyalıqdan və insanlardan təmizlədiyi zaman sanki maddi varlığı ortadan qalxar. Maddi və bədəni mənfəət əndişələrini hiss etmə duyğusu ortadan qalxar. Özləri üçün əsla bir şey təmənni etməz. Heç bir şeyə həris olmaz. Ariflərin Allah-Təalanın nəzərində necə dəyərləri olmasın ki, onlar Ona vasil olmuşlar, hər şeylərini Onun yolunda fəda etmişlər. Hər işlərini Haqla, Haqqın rizası yolunda sərf etmiş, Allahın  xas qulları  olmuşlar və arif ləqəbini almışlar.”

      Uca Allahın əmrlərini yerinə yetirmək və bu vəzifənin icrasında nöqsanlardan qurtulmağın Allaha gözəl bir şəkildə vasil olmaqla mümkün olacağı şübhəsizdir. Tərəddüd içində olanlara isə Rəbbimiz ciddiyyətlə bildirir:

      “Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə (aldanıb haqdan) döndərilirsiniz?” (əl-Fatir, 3)

      • Hits: 789 clicks

      Tecox component by www.teglo.info