Mərhəmət / Niyaməddin MÜZƏFFƏROV

      Share

      Mərhəmət məxluqatın yaxşılığını istəyib onlara kömək etmə arzusu duymaqdır.

       Bizim sahib olduğumuz imkanlara, haqq və hüriyyətlərə başqalarının sahib olmaması içimizdə onlara qarşı acıma yəni şəfqət və mərhəmət duyğusunu oyandırır. Bu kəslərin daha yaxşı həyat şərtlərinə qovuşmasını, hətta bizim kimi olmasını istəməliyik. Beləcə içimizdə ədalət duyğusu hərəkətə keçər. Deməli, mərhəmət eyni zamanda həm də bərabərlik duyğusunun mənbəyidir. Mərhəmət həmçinin bir duyğu, insanı yaxşılıq etməyə, adil olmağa sövq edən bir vasitədir. Mərhəmət duyğusunun hərəkətə keçməsindən sonra əqli və məntiqi bəzi nəticələrin hesabına ədalət və bərabərlik reallaşa bilər.

      Mərhəmət duyğusunun əslində bir bütün olduğunu, sadəcə insanlara deyil, bütün varlıqlara onun çox az bir miqdarının verildiyini Hz. Peyğəmbər belə izah edir: “Allah rəhmətini yüz parçaya ayırdı: 99 parçasını öz qatında saxladı, bir parçasını yerə endirdi. Beləliklə məhz bu bir parça rəhmət səbəbilə məxluqat bir-birinə rəhm edir. Hətta balalı heyvanın balasını incitməmək üçün ayağını qaldırması bu mərhəmətin əsəridir”. (Buxari, Ədəb, 19)

      Rəsulullah (s.ə.s) uzun bir müddət ibadət etmək niyyətilə namaza başlayardı, lakin ağlayan bir uşaq səsi eşidəndə uşağın anasının camaat arasında olub, uşağı ağladığına görə narahat ola biləcəyini düşünərək namazı tez qıldırardı. Müharibələrdə həm ana, həm də körpəsi əsir alınıbsa, onları bir-birindən ayırmamağı əmr edər, ana ilə uşağını bir-birindən ayıranı Allah-Təala qiyamət günündə sevdiklərindən ayırar, buyurardı. Bir gün yoxsul bir qadın Hz. Aişənin (r.anhə) evinə gəldi. Arxasında iki uşağı vardı. Hz. Aişə ona üç xurma verdi. O da uşaqlarının hərəsinə bir xurma verib digərini ağzına salanda uşaqlar onu da istədilər. Qadın əlindəki xurmanı da onlara verdi. Bu yoxsul qadının mərhəmətinə heyran qalan Hz. Aişə gördüklərini Rəsuli-Əkrəmə xəbər verdi, o isə belə buyurdu: “Bu şəfqətinə görə Allah-Təala o qadına mütləq cənnəti verdi (və yaxud onu cəhənnəmdən azad etdi).”

      Daş qəlbli cahiliyyə dövrü insanının arasında İslamın sabitləşib kök salması Rəsuli-Əkrəmin geniş mərhəməti sayəsində mümkün olmuşdur. Çünki şəfqət və mərhəmət sərtliyi yumşaldan, nifrətin yerinə sevgini dəvət edən, insanları bir-birinə daha çox yaxınlaşdıran bir duyğudur. Qurani-Kərimdə buyurulur:

      “Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə...” (Ali-İmran, 159) Uca Allah Peyğəmbərini insanlara qarşı şəfqətli və son dərəcə mərhəmətli yaratmışdır. Əgər qaba və qatı qəlbli olsaydı ətrafında qəlblər birləşməz və duyğular toplanmazdı. Çünki insanlar daim şəfqətli, üstün bir nəzarətə, gülər üzlü bir insanpərvərliyə, onları əhatə edən bir sevgi atmosferinə möhtacdırlar. Hər zaman qayğı, nəzarət, şəfqət, insanpərvərlik, sevgi və məmnunluq tapdıqları böyük bir qəlbə möhtacdırlar. Rəsulullah da məhz belə bir qəlbə sahib idi.

      Həmcinsilə mehriban olan insan isə digər insanların da onunla eyni funksiyanı paylaşdıqlarını, eyni yolun yolçusu olduqlarını, hər kəsin başqalarına qarşı bəzi haqq və məsuliyyətlər daşıdığını, hansı irqdən olursa-olsun, hər kəsin eyni Allahın qulu olduğunu, xülasə bütün insanların bərabərhüquqlu olduqlarını öyrənir.

      Abdullah  İbnul -Amr  İbnil-As (r.a.) Rasulullahın (s.a.s) belə buyurduğunu rəvayət edir: “Allah mərhəmətli  olanlara  rəhmətilə davranar. Elə isə, siz yer üzündəkilərə qarşı mərhəmətli olun ki, səmada  olanlar  da  sizə  rəhmət  etsinlər. Rəhim (qohumluq əlaqəsi) Rəhmandan  bir əlaqədir. Kim  bunu  qorusa,  Allah  onunla  (rəhmət  əlaqəsi)  qurar, kim də qopararsa, Allah  da  ondan  (rəhmət əlaqəsini)  qoparar.”  Tirmizi, Birr, 16, Əbu Davud, Ədəb, 66.

      İslamda  mərhəmət  bütün məxluqatı əhatə edir. Uşaqlara, qadınlara, yaşlılara, yetimlərə, kimsəsizlərə, xəstələrə, yoxsullara və bütün insanlara, hətta digər canlılara da mərhəmətli davranmaq möminlərin vəzifəsidir. Üzünə damğa vurulmuş uzunqulağı  görəndə, “Bu heyvanı  dağlayana Allah lənət etsin” (Müslim, Libas, 107.) buyuran  Hz. Peyğəmbər  (s.ə.s) bir hədisində də pişiyini aclıqdan öldürən  mərhəmətsiz  bir qadının bu  davranışına görə  cəhənnəmə  atıldığını (Buxari, Ədəb,18/27; Müslim, Fəzail, 65.) bildirərək  mərhəmətin sadəcə insanlara aid  olmadığını ifadə etmişdir. Heyvanlara yaxşı baxılması (Əbu Davud, İstizan, 39), zövq  üçün döyüşdürülməməsi (Əbu  Davud, Cihad, 51; Tirmizi, Cihad, 30) nişan  alınan  hədəflər yerinə  qoyulmaması ilə (Müslim, Sayd, s. 59) əlaqədar əmrləri də  İslamın  bu məsələdəki ən geniş üfüqünü açıq-aşkar ortaya qoyur.


       

      • Hits: 639 clicks

      Tecox component by www.teglo.info