Sədəqə Bəlanı Dəf Edər / Müşfiq Xəlilov

      Share

      Bildiyimiz kimi zəkat ibadətini yerinə yetirə bilməyimiz üçün müəyyən miqdarda mala sahib olmağımız şərtdir.

       Bunun üçün zəkat yalnız varlı müsəlmanların yerinə yetirəcəyi bir ibadətdir. Sədəqə isə bir az fərqlidir. Hər bir müsəlman səmimiyyəti və sədaqəti nisbətində sədəqə verə bilər. Sədəqə verə bilmək üçün müəyyən bir mala sahib olmaq kimi bir şərt yoxdur. Hətta sədəqə yalnız  mal ilə verilən bir ibadət də deyildir. Hz. Peyğəmbərin (s.ə.s) ifadəsi ilə desək: “(Bir müsəlmanın) qardaşına göstərəcəyi təbəssüm sədəqədir. Yaxşılığı əmr edib pislikdən çəkindirmək sədəqədir. Yolunu azana yol göstərmək sədəqədir; gözü görməyən kimsə üçün kömək göstərmək sədəqədir; yoldan daş, tikan, sümük və bu kimi şeyləri götürüb kənara atmaq sədəqədir...” (Tirmiz, Birr, 36, 1956)

      Heç bir müsəlman sədəqə verməklə malının azalacağını düşünməsin. Əksinə, sədəqəsi verilən malın bərəkətini Allah-Təala artırar. Belə ki, Uca Allah belə buyurur: “Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar.” (əl-Bəqərə, 276)

      Yalnız halal yolla qazanılan maldan verilən sədəqə qəbuldur. Əks halda haram yolla qazanılan maldan verilən sədəqənin Allah qatında heç bir dəyəri yoxdur. Rəsulullah (s.ə.s) belə buyurur: “...Bir adam haramdan mal qazanar və onu xərcləyərsə, bu ona bərəkətli  olmaz; sədəqə versə, qəbul edilməz. Arxasında saxladığı da onu ancaq atəşə yaxınlaşdırar. Çünki Allah-azzə və cəllə- pisliyi pisliklə silməz, lakin pisliyi yaxşılıqla yox edər. Heç şübhəsiz, xəbis xəbisi silib yox etməz.” (Əhməd, I, 387)

      Digər tərəfdən sədəqə dünyəvi və üxrəvi bir çox sıxıntını dəf edər. Bunların bir neçəsi hədisi-şəriflərdə belə xəbər verilir:

      “Suyun odu söndürdüyü kimi, sədəqə də günahın əzabını söndürür.” (Tirmizi, İman, 8, 2616)

      “Sədəqə Rəbbin qəzəbini söndürür və insanı  pis ölümdən uzaqlaşdırır.” (Tirmizi, Zəkat, 28, 664)

      “Sədəqə sahibi üçün qəbrin istilyini söndürür. Mömin qiyamət günü sədəqəsinin altında kölgələnər.” (Heysəmi, III, 110)

      İnsan özünə hər hansı bir şey verilərkən onun necə olmasını istəyərsə, başqasına verərkən də onun elə olmasına diqqət etməlidir. Bir gün Hz. Aişə anamız qoxusu azca dəyişmiş əti sədəqə olaraq vermək istədi. Rəsulullah (s.ə.s) ona: “Özün yemədiyin bir şeyi sədəqə veərəcəksən?!” buyurdu. (Heysəmi, III, 113) Həmçinin bir gün Hz. Aişə anamız Allah Rəsulunun xoşlamadığı bir qida məhsulu ilə bağlı: “-Ey Allahın Rəsulu, bunu yoxsullara verəkmi?”-deyə soruşdu. Rəsulullah (s.ə.s): “-Onlara özünüzün yemədiyiniz şeyləri verməyin!” -buyurdu. (Əhməd, VI, 105, 123)

      Digər bir məsələ sədəqə verməyi gecikdirməməkdir. Daha sonra verərəm düşüncəsi şeytanın hiyləsidir. Xeyirli işləri gecikdirmək məqsədəuyğun deyil. Bunun üçün hər bir müsəlman sədəqə verməyi sonraya buraxmamlıdır. Hər kəs öləcək yaşdadır. Ölüm ərəfəsində verilən sədəqənin savabı isə çox az olar. Allah Rəsulu (s.ə.s) belə buyurur: “İnsanın həyatında (sağ ikən) bir dirhəm sədəqə verməsi ölümü zamanı yüz dirhəm sədəqə verməsindən daha xeyirlidir.” (Əbu Davud, Vəsayə, 3, 2866) Bir ayədə isə Uca Allah belə buyurur: “Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! - deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!” (əl-Münafiqun, 10-11)

      Sədəqə vermək hər zaman gözəl olmaqla yanaşı, ümumiyyətlə onu gizli vermək daha üstündür. Allah-Təala belə buyurur: “Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!” (əl-Bəqərə, 271)

      Hz. Peyğəmbər (s.ə.s) sədəqəni gizli verməyin başqa bir faydasını belə bildirir: “Gizli verilən sədəqə Rəbbin qəzəbini söndürər.” (Beyhəqi, Şuab, III, 244; VI, 255)

      Sədəqə verməyin yuxarıda bəhs etdiklərimizdən başqa bir neçə ədəbi də var. Onlardan bir hissəsi bu şəkildə sıralana bilər:

      1. Sədəqə verən kəsin onu kasıba şəxsən öz əli ilə təqdim etməsi daha yaxşıdır.  İbn Abasın bildirdiyinə görə Peyğəmbərimiz (s.ə.s) sədəqəsini heç kəsə həvalə etməz, şəxsən özü verərdi. (İbn Macə, Təharət, 30)

      2. Sədəqə verən şəxs başa qaxmaq, minnət qoymaq, incitmək və könül sındırmaqla sədəqələri boşa çıxarmamalıdır. (əl-Bəqərə, 262-264). Əksinə, zəkat və sədəqə verən şəxs sədəqəni alana təşəkkür etməlidir. Çünki onun mühüm bir borcdan qurtulmasına və savab qazanmasına səbəb olur.

      3. Sədəqə verən müsəlman verdiyi sədəqəni daha sonra hansı səbəb  olursa olsun, əsla geri almamlıdır. Çünki Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Verdiyi sədəqəni geri alan şəxs, yediyini qusduqdan sonra qayıdıb onu yeyən köpəyə bənzər.” (Müslim, Hibat, 5)

      4. Sədəqə vermə ədəblərinin ən mühümü isə sədəqəni səmimiyyət və ixlasla, sırf Allah rizası üçün verə bilməkdir. Özünü göstərmək və dünyəvi məqsədlər üçün verilən sədəqələr boşa gedər və insana heç bir fayda verməz. (əl-Bəqərə, 264)

      • Hits: 663 clicks

      Tecox component by www.teglo.info