Ağsaqqal Nəsihəti

      Share

      Göylər kəndinin ağsaqqalı Rəhimov Cəlil:

      HƏYATI LƏYAQƏTLƏ YAŞAMAQ LAZIMDIR

      İrfan: Cəlil dayı, əvvəlcə özünüz haqqında məlumat verin zəhmət olmasa.

      Cəlil dayı: Mən, Rəhimov Cəlil Xəlil oğlu 1940-cı ildə Şamaxı rayonunun Göylər kədnində anadan olmuşam. Mən hələ balaca ikən, 7 yaşımda anam dünyasını dəyişib. Atam çox dindar adam olub. Allahı, Peyğəmbəri tanıyan adam olub. Heç vaxt namazdan, orucdan, ibadətdən uzaq olmayıb. Hər addımını atanda Allahı yada salıb. Bilirsiniz, o dövrdə SSRİ hakimiyyəti ateizmi təbliğ edirdi. Dindarları tuturdular, incidirdilər. Ona görə də atam özü ibadət etsə də heç vaxt bizə namaz qılmağı, oruc tutmağı təbliğ etmirdi. Mən evin ən kiçiyi olmuşam. Bu gün isə şükürlər olsun ki, dinimizi rahatlıqla yaşayırıq.  

      İrfan: Göylər kəndinin yerlisisiniz?

      Cəlil dayı: Bəli

      İrfan: Təhsili harda almısınız?

      Cəlil dayı: 10 illik təhsil almışam, ali təhsilim yoxdur.

      İrfan: O vaxt necə təhsil alırdınız? Bilirik ki, kənd yerində vəziyyət ağır olub, üstəlik indiki kimi bolluq yox idi, dolanışıq çətin idi. Bəs məktəbə vaxt ayıra bilirdinizmi?

      Cəlil dayı: Düzdü, onda iş-güc çox idi. Həm oxuyurduq, həm mal-qara dalınca düşürdük, əkin-biçinə gedirdik. Amma pis oxumamışam. Yaxşı oxuyurdum. Yadıma gəlir, 4 və ya 5-ci sinifdə oxuyurdum. Müəllim dalımca uşaq göndərmişdi. Gələndən sonra tapşırdı ki, Rəhimov, çıx lövhəyə yaz, uşaqlar da dəftərə köçürsün. O qədər çətinlik olsa da oxumağa həvəs var idi. İndi isə hər cür şərait var, şükürlər olsun.

      İrfan: Atanız necə adam olub?

      Cəlil dayı: Halal çörəyini qazanan adam olub. Təsərrüfatla məşğul idi. Sovetlərin qıtlıq günlərini görməmişəm. Atam kolxozda taya qarovulçusu olub. Xırmanda yerə tökülən buğdaları süpürüb dolanışığımızı təmin edirdi. Hətta kasıb və imkansız ailələrə də əl tutub. Cəbhədə atasını itirən yetimlərə kömək edib həmişə. Kəndimizdə kimdən soruşsan necə adam olduğunu deyərlər.

      İrfan: Sizi ağsaqqal bir dindar kimi tanıyırıq. Bəs nə zaman ibadətə başladınız, bunun tarixçəsi necə olub?

      Cəlil dayı: Əvvəllər traktor sürən işləmişəm. Sonra xəstəlik keçirmişəm və bununla əlaqədar olaraq məni təqaüdə çıxardıblar. 4 övladım var. Onları böyütmək üçün çox çətinlik çəkmişəm. Təxminən 1975-77-ci illərdə ruzimi qazanmaq üçün Rusiyaya getmişəm. Bu yolla balalarımı saxlamışam. 3-4 ay Rusiyada olurdum, orada qazandıqlarımı da götürüb gəlirdim bura. Əlimdə olanlar qurtaranda yenə geri qayıdırdım. Bəziləri kimi ailəmi yaddan çıxarıb illərlə orda qalmamışam. 1994-cü ildə Rusiyadan birdəfəlik gəldim və öz-özümə qərar verdim ki, artıq burda ticarətlə məşğul olaram. Nəsimi bazarında alverə başladım. Xeyli pul qoymuşdum alverə, amma tamamilə müflis oldum. Ömrümdə birinci dəfə idi ki, ticarətdə əlim gətirmirdi. Bu hadisə mənə bərk təsir elədi. Öz-özümə fikirləşirdim. Hər şeyi götür-qoy edirdim. Keçmişdə olanları, həyatımı... Birdən ürəyimə gəldi ki, heyhat, mənim yaşım artıq 50-ni keçib. Sabah dünyamı dəyişəcəyəm. Allah məndən soruşacaq ki, sən dünyalıq işlərin ardınca düşmüşdün, sənə ruzi verirdim, məni niyə yada salmırdın. Elə bu hisslərlə düşündüm ki, Allahın əmrini tutmaq lazımdır. O gündən Allahın izni ilə ibadətə başladım. Şamaxıda İslam təmayüllü texnikum vardı. 1998-ci ildə ora ilə çox əlaqə saxlamışam, məktəbin müəllimlərindən də çox şey öyrənmişəm.

      İrfan: Siz Sovetlər dövrünü də görmüsünüz, indiki zəmanəni də yaşayırsınız. Nə fərq var bu iki rejim arasında?

      Cəlil dayı: Yerlə-göy qədər fərq var. Bu gün hər şey qaydasındadır, bolluqdur, əmin-amanlıqdır, bu günlərə şükür etmək lazımdır.

      İrfan: Sizin gənclik illərinizi yaşadığınız dövrdə böyük-kiçik münasibətləri necə idi? Bu gün ilə müqayisədə hansı mənzərə çıxır ortaya?

      Cəlil dayı: Həmişə atamdan misal verirəm, amma yenə deyəcəyəm, atam bir adamla danışanda həyasından başını qaldırıb adamın üzünə baxmazdı. Bizim vaxtımızda balacalar böyüklərin yanında çox danışmazdılar. Hər işə qarışmazdılar. Heç kim inciməsin, indiki dövrdə bir az fərqlidir hər şey.

      İrfan: Cavanlara nə tövsiyə edirsiniz?

      Cəlil dayı: Allah gənclərimizi qorusun. Dünya malının əsiri olmasınlar. Yaşlılara hörmətdə qüsur etməsinlər ki, özləri də yaşlananda hörmət görsünlər. Milli-mənəvi dəyərlərimizə sahib çıxsınlar. Vətənə, millətə sadiq olsunlar. İçki, qumar kimi mərəzlərdən uzaq dursunlar. Bir dəfə yaşadığımız bu həyatı ləyaqətlə başa vurmaq lazımdır.

        

      • Hits: 654 clicks

      Tecox component by www.teglo.info