Olmaq / Adem Şahin

      Share

      Xəbərlərə baxsaq, qan, müharibə və göz yaşlarının heç əskik olmadığını görərik. Bazarda, qonum-qonşu arası münasibətlərdə, evlilik və boşanmalarda, ticarət sahəsində fitnə-fəsad və eqoizmin hakim olduğuna, yaxşılıq və yaxşıların səsinin zəif qaldığına şahid oluruq.

      Məhkəmə, xəstəxana və həbsxanalardakı adamların sayı kitabxana və ibadət məkanlarını çoxdan keçib. Stres və depressiya hər yerdə və hər evdə hava kimi mövcuddur. Bu gedişatla depressiya əleyhinə dərmanları şəhərin içməli suyuna qataraq bütün əhaliyə içirmək məcburiyyətində qalacaqlar.

      Hələ insan yaradılmamışdan əvvəl mələklər bu hadisələrdən xəbər vermişdilər:

      “Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər…” (əl-Bəqərə, 30)

      Bir gün Harun ər-Rəşid Bəhlul Danəndə daxmasına gəlir və ondan nə üçün insanlardan uzaqlaşdığını, sarayda qalmamasının səbəbini soruşur. Bəhlul susur. Harun onun saraya gəlməsi üçün çox israr etdikdə Bəhlul “məsləhətləşməliyəm”, -deyir.

      Harun ər-Rəşid “kiminlə istəyirsən məsləhətləş”, -cavabını verir.

      Bəhlul daxmadan çıxır, yaxınlıqdakı ayaqyoluna üz tutur, amma içəri girməyi ilə çıxmağı bir olur. Haruna “məsləhətləşdim, tövsiyə etmirlər”, -deyir. Harun təəccüblə “başa düşmədim, kiminlə məsləhətləşdin, nəyi tövsiyə etmirlər?”, -deyə özünü itirir. Bəhlul bu cavabı verir:

      “Ayaqyolundakı nəcasət hal dili ilə deyir ki, əsla insanların içinə girmə. Biz təzə meyvələr, gözəl qoxulu çörəklər və ləzzətli kabablar idik. İnsanlar bizi əldə etmək üçün çox əlləşib-vuruşdular. Bir dəfə insanların içinə girdik, ondan sonra belə olduq. Sən sən ol, onlardan uzaq dur!”.

      Xəlifə Bəhlulu razı sala bilməyəcəyini başa düşərək geri qayıdır.

      İnsanın burnundan, qulağından, boğazından, ağzından, bir sözlə vücudundan çıxan hər şey çirklidir. İnsan bədənindən təmiz heç nə çıxmaz. Çıxan hər şey insanları diksindirir. Bu, yağış üçün də belədir. Yuxarıdan aşağı düşən və rəhmət olaraq adlandırılan tərtəmiz su aşağıda kirlənir.

      Yağışın yağması və vəhyin enməsini ifadə etmək üçün eyni feil işlənir. İnzal: yuxarıdan aşağı lütf olaraq endirilmək deməkdir. Eynilə yağış sularının aşağılarda kirlədilməsi kimi 4 böyük kitabdan 3-ü insanlar tərəfindən təhrif edilmişdir.

      Bədənindən kir çıxardan insandan diksindirməyən və göylərə yüksələ bilən iki təmiz şey çıxır: gözəl söz və saleh əməl. Kəsilən qurbanın da qanı və əti göyə çıxmaz. Dünyada qalar.

      “…Gözəl söz Ona tərəf yüksələr və gözəl sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar.” (əl-Fatir, 10)

      Dua, zikr, fikir sözlərin ən gözəlidir. Allaha yüksələn bu sözləri insanın saleh əməli yüksəldir. Gözəl söz söyləmək asandır. Gözəl sözə saleh əməllərdən qanad taxılmalıdır ki, yüksələ bilsin.

      İnsan köhnəlmə və köhnəltmə, kirlənmə və kirlətmə xüsusiyyətinə sahibdir. İnsanın yaşlanması ilə əşyaları köhnəltməsi, kirlənməsi ilə kirlətməsi bir-birinə paraleldir, əsla bir-birindən ayrılmaz.

      Dünyada yaşanan zövq-səfanın da vəfası yoxdur. Ləzzət alınan hər şey bir-bir uçub gedər. Yatmaq, yemək, içmək, sağlamlıq və cinsi duyğular gündən-günə sıfırı tükətməyə başlayar. Tükəndiyini hiss edən insan saçlarını rəngləməyə, estetik əməliyyatlara, enerji verən içkilər və dərmanlar qəbul etməyə başlayar. 24 saatın 15 dəqiqəsini ibadətə ayıra bilmədiyi halda səhər idamnı, üzmə və futbola asanlıqla vaxt tapır. Belə adamlara iki söz demək lazımdır: Haraya qədər? İki kəlmədən ibarət bu sualın cavabını çox yaxşı bilirlər, amma etiraf etməyə və lazım olanı etməyə gücləri çatmaz.

      Həyatda nəfəslər sayılı olsa da yaşanan acılar və həzlər sayıya gəlmədiyi üçün çoxluqla ifadə edilir. Son nəfəs alınmadan bu həyatdan getmək mümkün olmadığı kimi sonuncu acı və ya sonuncu həzz də yaşanmadan da getmək mümkün deyil. Kədər və həzz nəfəs adlanan varlığın tərkibinə qoyulmuşdur. Çəkilən təsbehi, qılınan namazı və tutulan orucu israf etməmək lazımdır. İbadətlər insan bədənindən çıxan kirə bənzəməməlidir. İbadətlərin kirlənməsi niyyətin pozulması, qaydalarına riayət edilməməsi və ədəbsizlik nəticəsində ortaya çıxar. İbadət və itaətlərin kirlənmə və qəbul edilməmə qorxusu hər zaman canlı tutulmalıdır. Sədi Şirazi belə deyir: Asilər günahlarından tövbə edərkən, ariflər ibadətdən istiğfar edərlər.

      Qan tökən, fitnə-fəsad çıxardan, kirlənən və kirlədən insanı və onun həyatını Hz. Peyğəmbər məlun adlandırmışdır. Lənətin olduğu yerdə səadət, təbəssüm və xoşbəxtlik yoxdur. Xəbərlərdə seyr etdiyimiz mənzərələr və eşitdiklərimiz Allahın zikrindən və rizasından çox uzaqdadır. Bu keyfiyyəti daşıyanlar da hələ 1400 il bundan əvvəl Peyğəmbər tərəfindən məlun adını almışdır:

      “Xəbəriniz olsun ki, dünya məlundur. İçindəkilər də məlundur. Ancaq Allah-Təalanı zikr etmək və Onun rizasına uyğun əməllər müstəsnadır.” (Tirmizi)

      Məlunlardan olmadan, sadiqlərlə birlikdə olmaq duasıyla…

       

      • Hits: 665 clicks

      Tecox component by www.teglo.info