Həyat Dəftərindən / Ülvi Məmmədov

      Share

      Böyük bir hədiyyə bağlamasını xarab etdiyi üçün üç yaşı yeni olmuş qızına çox hirslənmişdi. O boyda bağlamanı kağız bir qutunu necə gəldi qablaşdırmaq üçün zay etmişdi…

      Bayram səhəri üç yaşlı qızı həmin bağlamanı gətirib “Atacan, bu sənə çatacaq” dedikdə bir  gün əvvəl ona hirsləndiyinə peşman oldu, deyəsən, həddən artıq kobud hərəkət etmişdi. Etdiyi bu hərəkətə görə özünü qınadı, çox utandı…

      Amma bağlamanı açar-açmaz təkrar hirsləndi. Qutunun içi bomboş idi… Qəzəblə qışqırmağa başladı:

      - Kiməsə hədiyyə verəcəksənsə, bağlamanın içinə nə isə qoymalısan. Bunu hələ öyrənmədinmi?

      Kiçik qız yaşlı gözlərlə atasına baxdı və bunları deyə bildi:

      - O qutunun içi boş deyil ki, ata. Öpüşlərimlə doldurmuşdum onu.

      Bu cavab qarşısında özünü çox pis hiss etdi… Yerindən sıçrayıb qızına tərəf atıldı, bağrına basdı, bir-birini möhkəm qucaqladılar… Birlikdə ağladılar o gün…

      İllər keçsə də, həmin qutunu ömrünün sonuna qədər yatağının baş ucunda saxladı. Nə zaman özünü pis hiss etsə, həyatdan bezsə, qutunu açar, içindən kiçik qızının sevgi ilə dolu xəyali öpüşlərindən birini çıxardardı…

       

       

      HAVADA UÇAN ŞAR

       

      Qaradərili bir uşaq bayram şənliyinin keçirildiyi meydançada gəzişən yaşlı bir satıcının əlindəki şarları seyr edirdi. Müxtəlif rəngdə və hər formada olan şarlar onun kimi bütün uşaqların baxışını oxşayırdı. Şarsatan müştərinin bəyəndiyi qırmızı bir şarı seçib açarkən birdən əlindən buraxdı. Şar sallanan uzun ipiylə sağa sola yellənərək göyə doğru yüksəlir və hər kəs “Ora bax, şar, şar” deyə qışqıraraq havada uçan şarı bir-birinə göstərirdi.

      Uşaq yuxarı yüksələn şarı diqqətlə izlədi və onu gözdən itirmək üzrə idi ki, bu səfər yaşıl rəngli bir şarın havaya uçduğunu gördü.

      İşinin ustası olan satıcı sürüşüb əlindən çıxan ilk şarın bütün diqqətləri özünə cəlb etdiyini görmüş və yaxşı bir reklam olacağını düşündüyü üçün ikinci şarı havaya buraxdıqdan dərhal sonra sarı rəngli şarı da onun ardınca göndərmişdi. Qaradərili uşaq ürkək addımlarla satıcının yanına gələrək:

      - Əmi, görəsən, bir dənə də qara rəngli şar buraxsanız, digərləri kimi havaya yüksələr?

      Yaşlı satıcı bu azyaşlı uşağın nə demək istədiyini çox yaxşı anlamışdı. Onun əsmər yanaqlarından öpərək qara rəngli bir şarı səmaya buraxdı və:

      - Bu şar bəlkə də digərlərini keçər, oğlum, -dedi.

      Çünki bizim kimi şarları da yüksəldən rəngləri deyil, daxilindəki cövhərdir!

      BAYRAM HƏDİYYƏSİ

      Fəryadlar, ağılar və hıçqırıqlar bürümüşdü hər tərəfi. Hamı ağlayır, lakin içlərindən birinin səsi bütün səsləri batırırdı. Onun fəryadı daha ağrılı, daha tükürpədici idi.

      Qucağında bir cüt ayaqqabı vardı. Onları möhkəm qucaqlamış, körpə uşaq kimi bağrına basmışdı. Sonra öz-özünə deyirdi:

      - Geyinə bilmədin, balam, geyinə bilmədin…

      Bir cüt ayaqqabını nə üçün doğma balası kimi qucaqladığını hamı yaxşı bilirdi.

      Bağrına basdığı ayaqqabılar bayrama bir gün qalmış traktorun altında qalaraq can verən oğluna aid idi.

      Ona bayram hədiyyəsi alınan o bir cüt ayaqqabını uşağın bütün israrlarına və yalvarmalarına baxmayaraq, bayramdan əvvəl geydirməmişdilər və səbirlə gözləməsini istəmişdilər.

      Heç kimin ağlına bu yaşda uşağın ölə biləcəyi gəlməmişdi. Heç kim bayrama çıxmadan ölə biləcəyini hesablamamışdı. Hətta belə bir ehtimal heç kimin ağılına gəlməmişdi.

      Amma qoca-cavan demədən qəfil gələn əcəl azyaşlı bir uşağı da ayırmışdı onlardan.

      ...Və bir cüt ayaqqabı. Bütün israrına baxmayaraq uşağa geyindirilməyən ayaqqabılar… Bir anda ondan qalan ən acı xatirə olmuşdu.

      *****

      Heç kim nə vaxt öləcəyini bilmir. Əslində bu məchul böyük nemətdir, lütfdür. Eyni zamandan bir o qədər də böyük imtahandır. Ölənə də, qalana da böyük dərsdir.

      Lakin ölənlər üçün vaxt bitmişdir. Qalanlar üçün daha nə qədər vaxt qaldığı hər kəsə məchuldur. 

      • Hits: 674 clicks

      Tecox component by www.teglo.info