Vicdan nədir ? / Zamir Erkin Agazade

      Share

      Vicdan – içimizdə olan səsdir. Bizi doğru yola səsləyən səs. Nə yazıq ki, bəzi insanlar onun səsini duymayacaq qədər kardırlar. Vicdanı biz duymadıqca,  bütün həssasiyyətimizi itirəcək, ətrafda baş verən hər şeyə laqeyd olacağıq.

      Vicdan – içimizdə olan işıqdır. Bizim gözümüzü həqiqətə açan işıq. Nə yazıq ki, bəzi  insanlar öz içlərində onu görməyəcək qədər kordurlar. Vicdan bizə işıq olmadıqca, kor-koranə yanlış addımlar atacağıq.

      Vicdan – içimizdə olan bələdçidir. Bizi günahlardan çəkindirən, cənnətə aparacaq bələdçi. Nə yazıq ki, bəzi insanlar şeytanın izindən gedəcək qədər axmaqdırlar. Vicdan bizə bələdçi olmadıqca, biz şər  işlər görəcək, pis yollara düşəcək, özümüzü cəhənnəm deyilən bataqlığa sürükləyəcəyik.

      Vicdan – içimizdə olan bir hakimdir. Bizim üçün  ən doğru olanı seçəcək hakim. Nə yazıq ki, bəzi insanlar nəfsinə hakim olmayacaq qədər acizdirlər. Vicdan bizə hakim olmadıqca, biz nəfsimizə hakim ola bilmərik.

      Vicdanımıza qulaq asaq. Əgər azacıq da olsa Allah qorxusu və mərhəməti varsa içimizdə o bizə hər yöndə kömək edəcək.

      Vicdanın rahat olmalıdır. Vicdanın rahat olmadıqca, hüzur tapa bilməyəcəksən. Gecələr başını yastığa yox, sanki bir daşa qoyubmuş kimi hiss edəcəksən özünü. Ta ki, vicdanın dediyini edənə qədər. Doğrular bəzən bizim əleyhimizə olur və biz onu öz xeyrimizə dəyişirik. Burada vicdanımız bizə əngəl olmağa çalışsa da ambissiyamız onu üstələyir. Biz nələrisə kimlərdənsə gizlədə bilərik, lakin özümüzdən – vicdanımızdan gizlətməmiz mümkün deyil. Vicdan hər dəfə üzümüzə vuracaq etdiyimiz bu yanlışı, hər dəfə bizə peşmanlıq duyğusu yaşadacaq.
      Vicdanın varlığından məhrum bir insan kompası olmadan səhranın ortasında yolunu azmış kimidir. Vicdan sahibi olmaq, iman sahibi olmaq deməkdir. Vicdanı olmayanın imanı da olmaz.
      Vicdanı olan vətənini, ailəsini sevən insandır. Şair Abbas Səhhət demişkən: “Vətəni sevməyən insan olmaz, / Olsa da, ol şəxsdə vicdan olmaz”. Vicdanı olan Yaradanı da sevər, Onun yaratdığını da.

      Allah (c.c) Bizə nəyə görə mərhəmət hissi verib?! Bir düşünün. Nəyə görə sevgi verib? Nəyə görə? Biz əgər bir dünyada yaşayırıqsa? nəyə görə özümüzü başqa dünyanın insanı kimi aparmalıyıq. Hamının sonu və axırı bəllidir... Heç vaxt kömək etməkdə gecikməyin... Sizi gözləyən var, tutun onun əlindən. Qaldırın, köməyə ehtiyacı var onun. Sən onu görmürsənsə, deməli o sənin vicdanındır ki? hələ qalxmayıb... Qaldır o vicdanını. Qaldır ki, köməyə ehtiyacı olanlara əl tutsun.

      • Hits: 669 clicks

      Tecox component by www.teglo.info