Ağsaqqal Nəsihəti

      Share

      Qala kəndinin 102 yaşlı ağsaqqalı Kamalov Rza:

      O vaxt qadağalara baxmayaraq dini yaşamağa çalışırdıq.

      İrfan: Zəhmət olmasa özünüzü təqdim edin.

      Rza dayı: Mən Kamalov Rza Malım oğlu 1910-cu ildə Şamaxı rayonunun Ərəbşalbaş kəndində anadan olmuşam.

      İrfan: Eşitdiyimizə görə müharibədə də iştirak etmisiniz.

      Rza dayı: Bəli, II Dünya Müharibəsində iştirak etmişəm. 1938-ci ildə Fillandiyada olmuşam. Oradan qayıtdıqdan sonra 1941-ci ildə Böyük Vətən Muharibəsi başladı. Mən də hamı kimi müharibəyə yollandım. Qanlı döyüşlərdə iştirak etmişəm. Sovet qoşunlarının tərkibində Berlinə qədər getmişəm.

      İrfan: Müharibədən sonra necə oldu?

      Rza dayı: Müharibədən sonra kənddə kolxozda işləmişəm. 1951-ci ildə mədənlərdə işləmək üçün bizi kolxozdan məcburi şəkildə şəhərə gətiriblər. Şəhərdə 1 il Binə mədənlərində fəhlə işləmişəm. Ondan sonra 2 il də Qaradağ rayonunda yol idarəsində işləmişəm. Sonradan yenə də kəndə qayıdıb təsərrüfatla məşğul olmuşam. 1973-cü ilin axırında oğlum Qala kəndində yaşadığı üçün onun yanına köçüb gəldim və o vaxtdan bəri bu kənddə yaşayıram. Burada qırçılıqla da məşğul olmuşam. Məscidin damını da o vaxt biz qırlamışdıq.

      İrfan: Neçə uşağınız olub?

      Rza dayı: Bir oğlum, beş qızım var. Hamısı birlikdə yüzə yaxın nəvəm, nəticəm və kötükcəm var.  

      İrfan: İbadətə nə vaxt başlamısınız?

      Rza dayı: Özümü biləndən bu günədək ibadət edirəm. Hətta Sovetin ən güclü vaxtlarında, dinin tamamilə yox edilməyə çalışıldığı, ateistliyin məcburi olduğu dövrlərdə belə ibadətdən qalmamışam. Hətta biçin vaxtı, yayın istisində də orucumuzu tutardıq. Mən keçən ilə qədər oruc tutmuşam, yəni 101 yaşıma qədər. Bu ildə uşaqlar qoymadı. (Oğlu əlavə edir: Artıq çox qocalıb, zəifləyib. Ona görə qoymadıq tutsun)

      İrfan: Bəs Bakıya necə gəlib-gedirdiniz?

      Rza dayı: Dəvə ilə gəlirdik. Yolumuz üç gün davam edirdi. Kənddən saman, arpa gətirirdik, əvəzində duz alırdıq. Çox çətin zamanlar idi. Ancaq buna baxmayaraq hər bir insanın ürəyində Allah sevgisi vardı. Hamı bir-birinə hörmət edirdi. Ədəb-ərkan vardı. İndi baxıram maddi olaraq hər şey var, ancaq insana hörmət qalmayıb. O vaxt böyük-kiçik  vardı.

      İrfan: Gənclərə nə tövsiyə edirsiniz?

      Rza dayı: Ümumiyyətlə bala, iş insanın cövhəridi. Gərək insan boş dayanmasın. Hər zaman işləsin. İndiki cavanlara da tövsiyə edirəm ki, vaxtlarını boş keçirməsinlər. Tənbəl olmasınlar. Hər işə Bismillahla başlasınlar. Mən bu yaşıma qədər yadıma gəlmir ki, Allahın adını çəkmədən evdən çıxım. Gərək Allahın əmrini tutasan. Baxın, bu yaxınlarda görürəm cavan uşaqlar Ramazan ayında siqaret çəkirlər, biri su içir. Bala, indiki zamanda hər şey var, dini sərbəst şəkildə yaşamağa şərait var. Başa düşmürəm cavanlar niyə belə edirlər? Allahın yolunu nə üçün tutmurlar? Axı o vaxt mənim yadıma gəlir ki, qadağalara baxmayaraq biz Allahın əmrlərinə riayət edirdik. Heç olmasa hamının ürəyində Allah xofu vardı.

      İrfan: İndi Ramazan bayramı ərəfəsindəyik. Ovaxtkı bayramlardan yadınızda nə qalıb?

      Rza dayı: O vaxt kəndimizdən bir az aralıda yataqlar vardı. Mal-qaraya baxardılar bu yataqlarda. Orada yaşayanlar yolun uzaqlığı səbəbilə bayram namazına gələ bilmirdilər. Kəndimizin imamı öz atına minib bir-bir bu yataqlara gedər, oradakılara bayram namazı qıldırardı.

      İrfan: Bəs müharibə illərində başınız agələn hansısa əhvalat olubmu ki, burada bizimlə paylaşmaq istədiyiniz?

      Rza dayı: Polşada müharibə vaxtı bir evə girdik. İçəridə bir neçə qadın və bir alman kişi vardı. Qadın məni görən kimi soruşdu: “Sən Məhəmmədisən?”. Müsəlman olub-olmadığımı bilmək istəyirdi. Dedim ki, bəli! Türk olduğunu söylədi. Bura necə gəlib düşdüyünü soruşduqda erməni-müsəlman davasında yurd-yuvasından didərgin düşüb buralara gəlib çıxdığını dedi. Yanındakı kişi də qayınatası imiş, övladları müharibədə idilər. Bizə yaxşı qonaqlıq da verdi. 

      İrfan: 1918-ci ildə baş vermiş erməni-müsəlman davası yadınızdadır?

      Rza dayı: Mən onda uşaq idim. Ancaq yadıma gəlir ki, ermənilər Şamaxıda kütləvi qırğınlar törədirdilər. Mənim əmim də gedib Mərəzədən malakan əsgərləri gətirdi, bizim kəndi qorumaq üçün. Onlara pul da vermişdi. Çayın o biri tərəfində Cabanı kəndi var, ermənilər ordan topu qoyub bizim kəndi vururdular. Malakan əsgərləri də burdan atırdılar ki, ermənilər kənddə silahlıların olduğunu görüb yaxınlaşmasınlar. O vaxt evdə danışırdılar ki, ermənilər qabaqlarını çıxanı öldürürlər. Bizim kəndin də aşağısına gəlib çatmışdılar. Sonradan türk əsgərləri gəldi. Bizim kəndin aşağısında da atışma gedirdi. Bizi kənddən çıxardılar. Başqa yerlərə yerləşdirdilər ki, ermənilər zərər verməsin. Kəndimizdən çıxarılan bəzi həmyerlilərimizi ermənilər Acıdərədə mühasirəyə salıb qırmışdılar. Kəndimizdə Yasin kişi olub. Görüb ermənilər gəlir özünü atıb ölülərin arasına, guya ki, ölüb. Ermənilər onun üzünü xəncərlə kəsmişdilər. Qorxusundan tərpənməmişdi ki, sonra sağ olduğunu bilib öldürərlər. Türklər gələndən sonra erməniləri qovub çıxartdılar. Türk əsgərlərindən şəhid olanların məzarları hələ də kəndlərimizdə insanların ziyarət ziyarət yeridir.   

      İrfan: Bəs Qala kəndinə necə gəlib çıxmısınız o vaxt?

      Rza dayı: Qala kəndinin yerli sakinlərinin Şüvəlanda bağ evləri də vardı. Yayda bura isti olduğu üçün orda qalırdılar. Sonradan Sovet belə bir şərt qoydu ki, iki yerdən birini seçin. Qalada da su olmadığı üçün kənd camaatı Şüvəlandakı bağ evlərini seçdi. 1968-69-cu ildə Şamaxının Ərəbşalbaş kəndindən Qala kəndinə köç başlayıb. İlk gələn üç-dörd ailədən biri də bizim ailə olub. Burda o vaxtlar zeytun bağları salınırdı, digər təsərrüfat işləri aparılırdı. Ona görə də bizi bura gətirdilər. 1970-71-ci illərdə burda kolxoz quruldu. Bizim Ərəbşalbaşdan da əksər insanlar bura köçüb gəldilər. Sovet dövründə burda böyük təsərrüfatlar vardı.   

      İrfan: Bir ağsaqqal kimi sonda necə xeyir-dua edərdiniz?

      Rza dayı: Allah millətimizə rəhm eyləsin. Allah cəmi Məhəmməd ümmətinin dadına çatsın. Ata-analarımıza rəhmət etsin. Cavanlara kömək olsun, yolunu azanlara insaf versin, doğru yola qaytarsın. 

      • Hits: 919 clicks

      Tecox component by www.teglo.info