Mənlik Duyğusundan Vaz Keçə Bilmək / Salih Zeki Meriç

      Share

      Şeyatn etirazına: “Mən ondan daha xeyirliyəm. Məni oddan, Adəmi palçıqdan yaratdın” (əl-Əraf, 12) deyərək başladı. “Mən” deyə başladı etirazına.

       Allah mələklərə öz ruhundan üfürdüyü Adəmə təzim üçün səcdə etmələrini əmr etdi, mələklər də səcdəyə qapandılar. Ancaq mənliyindən qurtula bilməyən şeytan təkəbbürləndi və əbədi olaraq Allahın rəhmətindən məhrum qaldı. Mənlik duyğusu şeytanın rəhmətdən qovulmasına səbəb oldu.

      İnsan nəfs və ruhdan yaradılmışdır. İmam Qəzalinin ifadəsi ilə “İnsan mənlik üzünü Allaha çevirdikdə ruh, maddəyə çevirdikdə nəfs adını alır.”

      Mənlik duyğusu insanın fitrətinə yerləşdirilmiş, tərbiyəyə möhtac bir özəllikdir. Mənlik yox olmaz, ancaq tərbiyə edilərək nəzarət altına alına bilər.

      Allah insanı elə yaratmışdır ki, eyni insan həm məxluqatın əşrəfi, həm də ən alçaq varlıq ola bilər. İnsan ruhi cəhətdən tərəqqi edərsə, günahlardan paklanar və ən üstün varlıq olar. Mənəvi əlaqələrini kəsib Rəbbindən üz çevirərsə, ən alçaq varlıq olar.

      Qurani-Kərimdə mənlik əngəlini aşmağın, beləliklə də nəfsi nəzarət altına almağın mərhələləri müxtəlif ayələrdə ifadə edilmişdir. İnsan bu mərhələlərdən keçərək mənəvi səviyyə qazanır. Güclü və iradəli olur.

      Rəbbimiz Yusuf surəsinin 53-cü ayəsində belə buyurur:

      “Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər.”

      Burada bəhs olunan nəfsin ən aşağı mərtəbəsi, yəni nəfsi-əmmarədir. Pisliyi, çirkinliyi, şəhvəti əmr edər. Əgər insanın mənəvi olaraq təkamül arzusu yoxdursa, ən pis günahlara batar və hər cür pisliyə bulaşar. Bu mərtəbədə uzun müddət qalan insanın mənəvi duyğuları zəifləyər, Mövladan uzaqlaşar. Həsəd, xəsislik kimi duyğular mənliyinə hakim olar. Hətta insna düşdüyü xətaların fərqində olmaz. Həmişə özünü haqlı və üstün görər. Hətta günahı sevər. Bu vəziyyətdəki insan mərhəmətə möhtac olduğu halda uzaqdır.

      Qiyamət surəsinin 2-ci ayəsində “And içirəm özünü qınayan nəfsə!” –buyuran Rəbbimiz ləvvamə mərhələsindəki nəfsdən söz açır.

      İnsanın işlədiyi günahlara görə özünü qınaması ən aşağı mərtəbəyə baxmış, bir məsafə qət etməsindən xəbər verir. İşlədiyi günahlara görə peşman olmaq insanın mənəvi sensorlarının varlığından xəbər verir. Bir az əmək verərək düzələ biləcəyinə işarədir. BU mərtəbə nəfsi-ləvvamə adlanır. Bu mərtəbədə mənlik duyğusu var olmaqla birlikdə bir az qırılmış və insan acizliyinin fərqinə varmışdır. Nəfsi-ləvvamədə olan insanda gizli riya vardır. Yaxşı əməllərinin camaat tərəfindən bilinməsini istəyər. Pis əməl işləyər, peşman olar, amma içindəki pis duyğulardan xilas ola bilməz.

      Özünü qınama mərhələsinə gələn mənlik daxili aləminin qapılarını açdıqca yavaş-yavaş mənəvi yolda məsafə qət edər. Bu mənada sıfır nöqtəsindən xeyli yuxarı yüksəlmişdir. Nəfsin mülhəmə mərtəbəsi olan bu mərtəbədə mənliyin ram olunması istiqamətində irəliləyiş nəzərə çarpır. Şəms surəsində Rəbbimiz belə buyurur:

      “And olsun nəfsə və onu yaradana. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!” (Şəms, 7-9)

      Nəfsin bu mərhələdən sonrakı halı nəfsi-mutməinnə olaraq ifadə edilir. Mutməinnə sükunət və hüzura qovuşmuş deməkdir. Paklanan və ilham alma başlayan mənlik aldığı həzlə müəyyən hüzura nail olur. Qurana görə bu mərhələyə gəlmiş mənlik Allah qovuşma qabiliyyəti əldə etmiş olur. İnsan mənlik divarını bir az da aşmış və hüzura çatmışdır. Fəcr surəsinin 27-ci ayəsində belə buyurulur: “Ey arxayın nəfs!”

      Bu ayənin davamı olaraq yenə nəfsin mərtəbələri olan və mənliyin demək olar ki, yox olduğu mərhələ Radiyyə və Mərdiyyə mərhələlərindən söz açılır. 

      Radiyyə mərtəbəsində olan insan Rəbbindən gələn hər şeyə tam təslimiyyət içində və riza halındadır. Bu mrətəbədə mənlik Allahın bütün təcəllilərinə eyni qəlb rahatlığıyla “xoş gəldin” deyə biləcək səviyyəyə çatmışdır.

      Mərdiyyə isə özündən razı olunan deməkdir. Bu mrətəbədə mənlik Allahın razı olduğu bir səviyyəyə çatmışdır. Bu iki mərtəbə üçün yuxarıdakı ayənin davamında Rəbbimiz belə buyurur: “Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən!” Qulun Allahdan, Allahın da qulundan razı olması məqamı nəfs tərbiyəsinin yuxarı mərtəbələrindəndir. Burada insan hər halda Rəbbindən razıdır. Bəla da gəlsə, müsibət də gəlsə, lütf də gəlsə könlü Rəbbinin rizasını qazanma dərdindədir.

      İnsanın mənliyindən qurtulmasının ən son mərhələsi nəfsi-kamilədir ki, buna nəfsi-safiyyə də deyilir. Bu mərtəbədəki insan artıq paklaşmış və pisliklərdən təmizlənmişdir. Bu mərtəbədəki insan özünü Allahın köləsi olaraq görər. Mövla istərsə tutar, istərsə atar. Onlar bir damla rəhmətə möhtac olduqlarının fərqindədirlər.

      Uca Rəbbimiz buyurur: “Həqiqətən təmizlənən kimsə isə nicat tapacaqdır. O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!” (əl-Əla, 14-15)

      İnsan bu mərhələləri keçə bildiyi nisbətdə mənlik duyğusundan vaz keçə bilər. Əks halda mənlik hər an qarşımıza çıxacaq və mənəvi həzlərə çatmağımıza əngəl olmağa davam edəcəkdir. Şeytani bir davranış olan “mən daha üstünəm”, “mən daha yaxşıyam”, “mən daha xeyirliyəm” duyğusunu təlqin edəcəkdir. 

      • Hits: 800 clicks

      Tecox component by www.teglo.info