Vətən Sevgisinə Canini Şahid Tutanlar / Elşən RZAYEV

      Share

      Vətən torpaqlarının, dövlət müstəqilliyinin ölüm-qalım savaşı verdiyi bir anda insanların öz torpağında azad, 

      müstəqil, firavan, yaşamaları üçün düşmən əngəlini yox edən, azadlıq toxumunu vətən torpağına əkmək üçün canını ortaya qoyan, sonra da o toxumun boy atması üçün torpağı qanı ilə suvaran qəhrəmanlara şəhid deyilir.

      Şəhid haqda danışarkən ilk ağla gələn onlara Uca Yaradanın verdiyi dəyərdir. Şəhidlik o qədər müqəddəs bir zirvədir ki, hətta Rəbbimiz şəhidlərə ölü deyilməsini rədd edir: “Allah yolunda öldürülənlərə ölü deməyin, onlar diridirlər, lakin siz onu bilməzsiniz.” (Bəqərə, 154) -buyurur uca Rəbbimiz.

      Bu ayə bizə ölüm və həyatın yenidən dəyərləndirilməsini öyrədir... Həyat və ölüm haqda danışarkən çox diqqətli olmaq lazımdır. Hələ ölüm haqda danışarkən... Çünki ölüm sözün bitdiyi yerdə başlayır. Ondan sonrası Allaha aiddir. Allahın xəbər verdiyi qədər bilirik biz ölümdən sonrasını.  

      Həyatın mərtəbələri var. Bunu dünyada görmək mümkündür. Bitkilərin həyatı, heyvanların həyatı, insanların həyatı və daha üst mərtəbədəki həyatları da bilirik. Cinlərin həyatı, mələklərin həyatı və ölümsüz olanın, hayatı bəxş edənin, yəni Allahın həyatı.

      Gördüyümüz kimi elmimiz daxilindəki həyat belə fərqli-fərqli mərtəbələrdən ibarətdir. Bəs dərk edə bilmədiyimiz həyat, bilmədiyimiz mərtəbələr? Məhz bunlardan biri də şəhidin həyatıdır. Həyatın bizim idrakımızı aşan mərtəbələrindən biri...

      Bəlkə elə buna görədir ki, şəhidlər digər insanlar kimi qəbiristanlıqlarda deyil, onlar üçün ayrılmış xüsusi yerlərdə dəfn edilirlər. Və o yerlər sadə bir qəbiristanlıq deyil, müqəddəs bir yer kimi xalqın ziyarət yerinə çevrilir.

      Şəhidin ölümünü nəql edən bir çox  Nəbəvi xəbərlər var. Bunlardan birində: Ölümün ən asanı bir pambıq topasının içindən bir qarmağın çəkilməsinə bənzədilir. İnsanın ətinin içindən bir qarmağın çəkilməsinin verdiyi ağrını verəcək ən asan ölüm. Ölümün ən asanı... Ancaq şəhid, sadəcə şəhid:

      -Ya Rəbb, məni təkrar dirilt, bir daha ölmək, şəhid olmaq üçün, təkrar dirilt, bir daha şəhid olmaq üçün, -deyəcək.

      Görəsən, hansı istəkdir insanı təkrar-təkrar şəhid olmağa sövq edən. Bunu ağıl almır...  Çünki şəhid imanına, vətəninə, dövlətinə olan sadiqiliyinə canını şahid tutan deməkdir. Allaha imanını, vətənə, millətə, bayrağına sevgisini canıyla isbat edən deməkdir. Yəni:

      -Ya Rəbb! Mən imanıma hayatımı şahid tutdum. Ona görə də canımı sevdiklərim uğrunda şahid olaraq göndərirəm, -deməkdir.

      Bu duyğuları isə ancaq şəhadət şərbətini udumlayanlar bilər. Elə buna görə şəhidlər haqda danışanda söz bitir... Bir insanın nəyinsə uğrunda canını verə bilməsi üçün əvvəlcə ürəyini verməsi lazımdır. Bundan sonra ürəyini verdiyi şeyin eşqi ilə cihada girər və o zaman şəhid olar. Deməli, eyni zamanda şəhid ən böyük aşiq, şəhadət ən böyük eşqdir.

      Bir başqa ifadə ilə şəhid insanlığa örnək və model olan şəxsdir. Çünki şəhid sözünün mənalarından biri də örnək və model deməkdir

      Şükürlər olsun ki, Uca Allah Azərbaycan xalqının taleyinə tarixin hər dövründə milləti müqəddəs amallar ətrafında birləşdirə bilən, xalqı bir topa insan yığını olmaqdan qurtarıb millət edən, dövlət qura bilən, bu dövləti inkişaf etdirə bilən siyasi dühalar bəxş etdiyi kimi, lazım gələndə müqəddəs amallar -vətən, torpaq, bayraq, dövlət uğrunda canını qurban verə bilən igid övladlar da bəxş etmişdir. Və qurbanlar hər dövrdə özlərindən sonra gələn nəsillərə örnək və model olmuşdurlar.

      Təkcə ötən əsrdə istər əsrin əvvəllərində, istərsə də sonlarında xalqımızın taleyinə dəfələrlə şəhid vermək düşmüşdür. Bu, Allahın xalqımıza bir lütfüdür desək, zənnimcə doğru olar. Çünki şəhidlər milləti ayaqda tutan dirəklərdir sanki...

      Belə örnəklərdən biri də hər il sentyabır ayında Bakının İşğaldan Qurtuluşun il dönümündə yad etdiyimiz Nuru Paşanın rəhbərlik etdiyi, 12-14 min Osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusudur.  Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olan bu ordu mənfur düşmənlər tərəfindən törədilən Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmişdir. Məhz onların Allaha olan imanının, vətənə, torpağa olan sevgisinin sayəsində bu gün Bakı vətənimizin paytaxtıdır. Onlar öz canları ilə Bakımızı düşmən işğalından xilas edə bildilər. Bu, bizə və bizdən sonra gələcək hər bir Azərbaycan övladına ən gözəl nümunədir.     

      • Hits: 810 clicks

      Tecox component by www.teglo.info