Birlik Və Bərabərlik Ayi Ramazan / Dr. Əhməd Niyazov

      Share

      “Mərhaba ya şəhri Ramazan, Mərhaba!” qəsidələri evlərdən eşidilən ən gözəl sədalar idi. Bu səs ən böyük ibadət ayı, ən fəzilətli bir mövsümün xəbərçisi olardı.

       Kiçik-böyük, yaşlı-gənc hər kəsin ümidlə gözlədiyi mübarək an gəlmişdi. Toplumda geyri-adi bir ab-hava təzahür edər, maddə ilə məna birləşərək öz rəhmət əsintilərini hər tərəfdə hiss etdirərdi. Çünki məna aləmindən gələn səs əzəldən əbədə belə olmuşdur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (əl-Bəqərə, 183)  Keçmişdən bugünədək yurda gələn bahar kimi ilahi dərgaha pənah aparan qəlblər və könüllər ildə bir dəfə gələn bu ayda bəşəri dəyərlərində həssaslaşır, diqqət və riqqətlə götür qoy edir, paklıq, saflıq, hüzur və təskinlik taparaq bərəkətlənir. Həzrət Peyğəmbərin buyurduğu kimi: “Kim inanaraq və savabını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar.” (Buxari, İman 28)  

      Əlbəttə, əqidəsi bu çərçivədə olanlar üçün bu söz çox şey ifadə edir ki, xeyirli aqibət də ancaq bunun nəticəsində ola bilər. Çünki bu işdə səmimiyyət əsasdır. Zorla oruc tutan, kiminsə xətrinə ac qalan, orucun şərtlərinə sədaqət göstərməyənlər onun ülvi dəyərlərindən məhrum qala bilərlər. Necə ki, Peyğəmbər (s.ə.s) buyurur: “Oruc tutan elə insanlar vardır ki, onların qazancı ancaq aclıq və susuzluq çəkməkdir”. (İbn Macə, Siyam 21) Belə bir misalla bunun izahı mümkündür. Ac qalan insanla, oruca niyətli insan arasındaki fərq kimi; Elmə məlumdur ki, bütün bədən üzvləri birlik və bərabərlik harmoniyası əsasında iş icra edir. Səhərdən oruca niyyət edənin axşama qədər qidasızlıq şəraiti beyin kontrolunda bütün bədən orqanlarına bir əmr xarakteri daşıdığı üçün sağlam bir bədəndə qastrit kimi heç bir fəsada yer yoxdur. Belə bir bədən Həzrət Peyğəmbər əleyhissalamın: “Oruc tutun səhhət tapın” hədisinə məzhər ola bilər. Ancaq niyyətsiz, məqsədsiz ac qalan bu töhfədən məhrumdur. Bunlar bir-birinə qarışdırılmamalıdılr. Burada diqqətləri cəlb edən nüans odur ki, kainatda zərrədən kürrəyə hər şey birlik və bərabərlik ruhu əks etdirir ki, elə müsbət və gözəl nəticələr də bu amalda birləşə bilənlər üçündür.   

      Ramazan ayı ibadətinin ictimai əsaslara dayalı olması İslam dininin cəmiyyət indeksli bir din olması ilə əlaqədadır. Ona görədir ki, bu ibadəti yerinə yetirənlərin ətraf mühit, xüsusilə də ünsiyyətdə olduğu insanlara qarşı şərt olan bəzi qaydaları vardır. Məsələn oruc davranışlara müsbət təsir göstərməlidir. Hədisi-şərifdə buyurulur: “Yalan danışmağı, yalanla iş görməyi tərk etməyənin, yeyib-içməyi tərk etməsinə, ac qalmasına Allahın ehtiyacı yoxdur.” (Buxari, Savm 8; Tirmizi Savm 16.) Kimə isə hörmət etmək ona yalan danışmamaqdırsa, əksi hörmətsizlikdir. Elə isə oruc tutan üçün hər kəsə hörmətamiz davranmaq ümumi bir meyardır ki, göz bəbəyi kimi onu qorumalı, aşınmasına imkan verməməlidir. Əks halda ibadətinə xələl gəlmiş, Yaradan ilə bəndə arasında qeyri-ciddi bir hal təzahür etmiş olar.

      Ən yüksək əxlaqi məziyyət səbirli olmaqdır. Bəşər tarixi boyu bu cövhərin əldə edilmə yolları axtarılmışdır. Ramazan ayı, oruc ibadəti bu sınaq üçün ən ideal yoldur. Belə ki, ibadətinə xələl gəlməməsi üçün qəzəblənməmək, kiminsə xətrinə dəyməmək üçün əlindən gələni etmək, qəlbə dəyməmək, incitməmək, haqlı da olsa bəzi haqlarından vaz keçmək əsasdır. Deməli, Ramazan ayı həm də səbir ayıdır. Bir ay davam edəcək bu təlim yolu belə bir cövhərin əldə ediməsi üçün kifayətdir.

      Ramazan eyni zamanda yardımlaşma ayıdır. Belə ki, dünya nemətlərinin insanlar arasında paylaşıldığı, bölüşüldüyü bir aydır. Hər şeydən əvvəl mömin qardaşlar arasında bir-birinə iftar vermə ən gözəl ibadətlərdəndir. Həzrət Peyğəmbər (s.ə.s) bu barədə belə demişdir: “Kim bir orucluya iftar versə, ona həmin adamın savabı qədər savab yazılar, həm də bu səbəblə oruclunun heç bir savabı əskilməz”. (Tirmizi, Savm, 82) Ehtiyacın nə olduğunu bilmək  böyük bir hikmət möhtəvası daşıyır ki, əldəki imkanın bundan məhrum olanlarla bölüşdürülməsi əsasına dayanan  fitrə adəti bir başqa ibadət növüdür.

      Bütün bunlar sosial fərqliliyi aradan qaldıran, yardımlaşma, dayanışma, birlik və bərabərlik ruhunu canlandıraraq toplumu qaynaşdırır və güclü bir ictimai birlik əsası təşkil edir ki, bu, müasir toplumlarda əldə edilməsi müşkül bir məsələyə çevrilmişdir. Bu arqumentlər eyni zamanda fərd baxımından da müsbət kodekslər əmələ gətirən bir aora təşkil edir. Belə ki, hər cür imkana əli çatan fərdi hərislik, tamah, ənaniyyətdən qoruyaraq həm dünyanın saysız nemətlərinin faniliyini ona aşılayaraq sərvətə bağlılığın fayda verməyəcəyi fəlsəfəsini öyrədir, həm də uca Allahın əbədi lütfü və rizasını qazanma məqsədi ilə comərdlik, səxavət, xeyirxahlıq ruhunda tərbiyə edir ki, hər iki konteks firavan cəmiyyətin təşkili üçün əvəzolunmazdır.

      Rəhmət ayı Ramazan ildə bir dəfə könüllərin rəhmət əsintiləri ilə coşduğu ay olsa, bu ayda sadalanan gözəlliklər təzahür etdirilsə və ən gözəl məziyyətlər əldə edilmiş, birlik və bərabərlik duyğuları qazanılmış olsa, geriyə qalan kiçik bir məsuliyyət var ki, bu, işin əsasıdır. O da qazanlmış bu gözəllikləri ömür boyu davam etdirməkdən ibarətdir. Hər il qazanılanlar bir sevgi yumağı kimi bütün ömrü əhatə edəcək və xoşbət -model- şəxslər xoşbəxt cəmiyyəti təşkil edəcəkdir.

       

      • Hits: 882 clicks

      Tecox component by www.teglo.info