Ana-atanın övladlarına qarşı vəzifələri / Müşfiq Xəlilov

      Share

      Övladlar dünya həyatının bər-bəzəyi, qəlbin meyvəsi, ata-ananın imtahanı, Allahın ən böyük bəxşişidir. Həyatımız onların varlığı ilə şirin və bərəkətlidir. Gələcək onlarındır. 

      Ancaq bütün bunların həyata keçməsi üçün uşaqlarımızı İslam əxlaqıyla yetişdiryməyimiz şərtdir. Dini və milli dəyərlərlə yetişməyən bir fərdin cəməyyətə faydası yoxdur. Övladlarını bu dəyərlərlə yetişdirməyən valideynlər uşaqlarını oda atmış olurlar. Necə ki, bir ayədə belə buyurulur:

       “Ey iman gətirənlər! Özünüzü və ailənizi elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xədmətciləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir.”[1]       

      Elə isə gəlin görək valideynlərin övladlarına qarşı nə kimi vəzifələri var?

      1.Valideynlər övladlarının hər cür ehtiyaclarını təmin etməyə çalışmalıdırlar. Onların yeyəcək və geyəcəklərini halal yollardan təmin etməli, bunu edərkən də xəsislik və israfçılıqdan uzaq olmalıdırlar. Bir hədisi-şərifdə belə buyurulur:

      “Bir adamın xeyir yolunda xərclədiyi pulun ən fəzilətlisi, ailə fərdlərinə xərclədiyi puldur”.[2]

      2.Valideynlər övladlarını İslam əxlaqıyla yetişdirməlidirlər. İlk növbədə onlara Allahı, Hz Peyğəmbəri, Quranı tanıtmalı və müəyyən yaşa gəlincə də ibadət etməyə alışdırmalıdırlar. Hz. Peyğəmbər (s.ə.s) belə buyurur: “Heç bir ata uşaqlarına gözəl tərbiyədən daha üstün bir hədiyyə verməmişdir”.[3] Ata-ana uşaqlarını başıboş buraxmamalıdır. Başıboş buraxılan bir uşaq uçun nəfsə xoş gələn şeyləri etmək daha cazibədar gəlir. Bu cür bir boşluq içərisində olan övlad bu boşluğu içki içmək, qumar oynamaq vaxtının böyük bir qismini internetdə keçirməklə dolduracaqdır. “Allaha ibadət et”, “namaz qıl”, dedikdə isə isə “vaxtım yoxdur”, -deyə bəhanə gətirəcəkdir. Bunun üçün valideynlər övladlarının məşğuliyiyətlərini  dini və milli dəyərlər çərçivəsində təmin etməlidirlər. Əks halda nəfsin istəklərinə uyğun olan məşğuliyyətlər çoxluq təşkil edəcəkdir.

      3. Ata-ana övladlarına gözəl ad qoymalı, sevgi və şəfqət göstərməli, (oğlan uşağıdırsa) sünnət ettirməli və onların gözəl bir peşəyə sahib olmalırını təmin etməlidir. Xususilə bayramlarda hədiyyə alaraq bu vasitə ilə bayramı və İslamı onlara sevdirməlidirlər.  

      4. Ata-ana uşaqlarına hər zaman, hər sahədə gözəl nümunə olmalıdır. Onlara əmr etdikləri şeyləri əvvəlcə özləri yerinə yetirməlidirlər. Məsələn, özü namaz qımadığı halda “namaz qıl”, -deyən, özü  içki içdiyi halda “içki içmə”, -deyən, özü siqaret çəkdiyi halda “siqaret çəkmə” -deyən bir valideynin sözü heç bir zaman təsirli olmaz. Məhz bunun üçün Uca Rəbbimiz belə buyurur:

       “Ailənə namaz qılmağı əmr et və özündə ona (namaza) səbirlə davam et....”[4]

      5. Ata-ana övladlarına qarşı eyni münasibəti göstərərək oğlanla qız arasında ayrı-seçkilik etməməlidir. Hədisi-şərifdə belə buyurulur: “Allahdan qorxun, uşaqlarınız arasında (ayrı-seçkilik etməyin) ədalətli olun!”[5]

      6. Ata-ana evlənmə çağına gələn övladlarını əxlaqı gözəl olan birisiylə evləndirməlidir.

      Əgər uşaqlarımızın bizə hörmət və ehtiram göstərmələrini istəyiriksə, öldükdən sonra bizi xeyirlə yad edən, bizə dua edən bir övladımızın olmasını istəyiriksə, onlara qarşı burada sadalanan vəzifələrimizi yerinə yetirməliyik. Onları gözəl bir şəkildə tərbiyə edib, cəhənnəm oduna girməkdən qorumalıyıq. Əməllərimizlə onlara gözəl nümunə olmalıyıq. Övladlarımızın bizim üçün bir imtahan vəsiləsi olduğunu da heç bir zaman unutmamalıyıq.

      “Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır.[6]     

       


      [1] ət-Təhrim 6.

      [2] Müslim, Riyazussalihin terc. c. 1 s. 329. No 288.

      [3] Tirmizi, et Tac c. 5.s.8.

      [4] Taha 132.

      [5] Təbərani, Kəşful Xafa c. 1 s. 43. No:84.

      [6] əl-Ənfal 28. 

       

      • Hits: 836 clicks

      Tecox component by www.teglo.info