Quran Maddi Və Mənəvi Xəstəliklərə Şəfadir / Aqil ƏLIYEV

      Share

      Qurani-Kərim həm maddi, həm də mənəvi xəstəliklərə şəfadır. Maddi xəstəliklərə şəfa olması inkar edilməsi mümkün olmayan bir gerçəkdir. 

      Bəzi rəvayətlərdə də yer aldığı kimi şəxsən Rəsulullah (s.ə.s) Quranla ruqyə (oxuyub müalicə) etmiş, belə hallarda əshabələrini də Qurandan istifadə etməyə təşviq etmişdir. Bir hədisində belə buyurur: “İki şəfa qaynağını tərk etməyin: Bal və Quran. (İbn Macə, Tibb, 7) Başqa bir hədisində isə belə buyurur: “Fatihə surəsində hər bir xəstəliyə şəfa vardır”. (Darimi, Fəzailil-Quran, 12)

      Qurani-Kərim əsasən mənəvi, ruhi (psixoloji) xəstəliklərə şəfadır. İnsanları cəhalət və azğınlıq qaranlıqlarından çıxarmaq üçün onların qəlblərini və beyinlərini müalicə edir. Çünki Rəsulullah (s.ə.s) Quran oxunanda qəlbə hüzur və təskinlik endiyini bildirmişdir. (Buxari, Fəzailil-Quran, 11)

      İsra surəsinin 82-ci ayəsində Quranın açıq-aşkar şəfa olduğuna diqqət çəkərək belə buyurulmuşdur: “Biz Qurandan, mömünlər üçün bir şəfa və rəhmət olacaq şeylər endiririk”.

      Bəli, Quran bütünlüklə ruhi xəstəliklər üçün bir şəfadır, insanlar onun sayəsində batil inanclardan, pis davranışlardan uzaqlaşaraq mənəvi sağlamlıq qazanırlar. Qurani-Kərim ilə təbərrük etmək, Fatihə surəsini xalis niyyətlə oxumaq da bəzi maddi və mənəvi xəstəliklərə şəfa vəsiləsidir. Elə bunun üçündür ki, əcdadımız hər bir məclisdə Fatihə surəsini oxumağa üstünlük vermişdir.

      Böyük təfsirçi Fəxrəddin Razi yuxarıdaki ayə ilə əlaqədar bunları demişdir: “Qurandan endirdiyimiz ayələrin hamısı möminlərin madi və mənəvi hər cür xəstəlikləri üçün şəfadır”.

      Quranın mənəvi xəstəliklərlə əlaqəli müalicəsi iki şəkildə baş verir. Cünki mənəvi xəstəliklər iki cürdür:

      1. Batil etiqadlar. İslamın təbliğinə uymayan hər inanc tərzi mənəvi bir xəstəlikdir. Bu məsələlərdə Quran həqiqəti dəlilləri ilə bərabər bildirərək, batil dinləri və cərəyanları ləğv etmiş, möminləri zəlalətdən qorumuşdur.

      2. Əxlaqsızlıq. Qurani-Kərim bunu da açıqlayaraq möminləri əxlaqsızlığa düşməmələri üçün xəbərdar etmiş, gözəl əxlaqa, mənəvi kamilliyə dəvət etmişdir. Rəsulullah (s.ə.s): “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” deyərkən, qəsd etdiyi Quran əxlaqı olmuşdur.

      Eyni zamanda Qurani-Kərim bədəni, qəlbi, əqli, ailəvi, ictimai nə cür xəstəlik olursa olsun hamısına bir çarə və şəfadır. Möminləri hidayətə çatdıracaq, cənnətə aparan xüsusiyyəti ilə yanaşı onların dünyaya aid bütün dərdlərini də həll etmə özəlliyi vardır. Əgər cəmiyyət olaraq iqtisadi bir problem yaşıyırıqsa, əxlaqi yöndən cəmiyyətimizdə tənəzzül, evimizdə ailəvi bir sıxıntı və ya bir xəstə varsa, bu kitabla bərabər olmalı, onu çox-çox mütaliə etməli, anlamağa çalışmalı, həyatımızda tətbiq edərək problemlərimizi həll etməyə çalışmalıyıq.Unutmamalıyıq ki, Quransız bir  həyat zərərdir, Quransız bir həyat xüsrandır, Quransız bir həyat itgidir. İçində Quranın olmadığı bir ailə, bir ev, bir cəmiyyət dərtlidir, sıxıntılıdır və problemlidir.

      Ruhul Bəyan təfsirində Quranın maddi və mənəvi dərdlərə şəfa olması belə izah edilir: “Qurani-Kərim möminlərin dini həyatlarını düzəltmək və onları islah etmək xüsusunda xəstələrə verilən şəfalı dərman kimidir”.

      Təfsirçi mərhum Almalılı Həmdi Yazır Əfəndi isə bu ayəni açıqlayarkən: “Burada dünya cürbəcür xəstəlik və bəlalarla dolu xəstəxanaya, Peyğəmbər (s.ə.s) təbibə, ilahi kəlam isə şəfalı dərmanlara və qidalara bənzədilmişdir”, -deyərək belə davam edir: “Qurani-Kərim hər cür şübhələrə, nifaq, küfr, şirk, zülm, düşmənçilik, ehtiras, ümidsizlik, tənbəllik, cəhalət, təəssüb və pis niyyət kimi əxlaqi, ictimai, ruhi xəstəliklərə şəfa və rəhmətdir”.

      Elə isə gəlin Uca Rəbbimizin müqəddəs kəlamına qulaq verək. Maddi və mənəvi kirlərdən və xəstəliklərdən təmizlənmək üçün Quranla həmhal olaq. Bu mübarək Ramazan ayında Quranla bərabərliyimizi artıraq. Müqabilələrdə iştirak edək, gözümüz, qulağımız, beynimiz və qəlbimiz Qurandan öz nəsibini alsın. Bəlkə beləliklə maddi və mənəvi xəstəliklərdən sağalar və Ramazandan paklanmış olaraq çıxarıq.

       Rəbbim bütün müsəlmanları və cəmiyyətimizi Qurani-Kərimin nurlu youndan ayırmasın! Amin!              

      • Hits: 844 clicks

      Tecox component by www.teglo.info