Ruzi Ardınca Düşərkən Rəzzaqı Unutmamaq / Salih Zeki MERİÇ

      Share

      İslam infaqa böyük əhəmiyyət verir. İnfaq Rəbbani bir üsuldur. Allah sonsuz kərəm sahibidir. Sonsuz xəzinələrin sahibi Allahdır.

      Ruzi ilahi bölgü ilə hər kəs arasında paylaşdırılmışdır. Hər canlının dünyada alacağı nəfəslər, içəcəyi su, yeyəcəyi çörək, yaxud zahirən sahib olacağı maddi imkanlar Rəbbimizin sonsuz elmi daxilindədir.

      İnsan özü üçün məchul olan bu bölgünün ölçülərini bilmədiyi üçün daha çox mala-mülkə sahib olmaq nəqsədilə dayanmadan çalışır. Zaman-zaman hirslənir və maddiyyatı yeganə məqsəd halına gətirir. Hətta maddənin əsiri olur və hər şeyin maddiyyatla həll edilə biləcəyini zənn edir. İnsan çalışmalı, qazanmaq üçün səy göstərməli, ancaq ruzinin ardınca qaçarkən Rəzzaqı unutmamalıdır. Varlığa qovuşduqda var-dövlətin əsiri olmamalıdır. Qazandığı hər maddi imkanın ilahi lütf olduğunun fərqində olmalı və onu yenə ilahi riza üçün xərcləməyin dərdində olmalıdır.

      Rəsulullahın infaqla əlaqədar hədislərinə baxanda İmam Nəvəvinin məşhur Riyazus- Salihin adlı əsərində mövzu ilə əlaqəli önə çıxan başlıqlar diqqətimizi çəkir:

      İmam Nəvəvi bu başlıqları verir:

      “İnfaq edənə Allah verər”, “İnfaq edənə qibtə olunar”, “İnfaq edilən malın qarşılığı verilər”, “İnfaqa ailə fərdlərindən başlanmalıdır”.

       Bu başlıqlardan da aydın olur ki, infaq böyük bir fədakarlıq istəyir və bu fədakarlığın qarşılığı mütləq Allah tərəfindən veriləcək. Sanki Allah: “qulum, sən ver, mən də sənə verim”, -deyir.

      Uca Rəbbimiz belə buyurur:

      “(Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. ” (əs-Səba, 39)

      Qəsəs surəsində “Kim bir yaxşılıq etsə, ona bundan daha xeyirli qarşılıq vardır”, -buyurularkən, edilən yaxşılığın qat-qat artığının veriləcəyi bildirilir.

      Rəsulullah (s.ə.s) buyurur:

      “Yarım xurma ilə də olsa cəhənnəmdən qorunun!” (Buxari, Zəkat 10)

      İnfaq mömin üçün mənəvi qorumadır. Rəsulullahın ifadəsiylə mömin ən minimum bir şəkildə belə özünü qorumaq üçün yarım xurma ilə də olsa bunu etməlidir. İnfaq faktorun/etmənin maddi bir ölçüsü yoxdur. Mömin bunu bir əxlaq halına gətirməli və sahib olduğu imkanlarını başqalarının faydası üçün sərf etməlidir.

      Qurani-Kərimin ilk ayələrində Rəbbimiz möminlərin xüsusiyyətlərini sayarkən, onların qeybə iman gətirdiklərini, namaz qıldıqlarını və özlərinə verilən ruzidən də infaq etdiklərini bəyan edir. Namaz qılmaq necə ki, mömini Rəbbinə yaxınlaşdırırsa, infaq etmək də o dərəcə mömin ilə Rəbbi arasında bir əlaqə meydana gətirir. Çünki ruzinin şükrü infaqla olur. Özünə lütf edilənin fərqində olmaq və onun şükrünün ədasını yerinə yetirmək ancaq infaq edə biləcək bir qəlbi səviyyəyə sahib olmağı tələb edir.

      İnfaqın ən gözəl nümunələrini yenə Hz. Peyğəmbərin gözəl həyatında görürük. O, Allahın saysız lütf və kərəminə məzhər olduğu kimi maddi mövzularda da ruzilənirdi.

      Bəzilərinin düşündüyü kimi Rəsulullah kasıb bir həyat sürməmişdi. Ancaq O, varlıq içərisində zöhd həyatını seçmişdi. Bu da kasıblıq və yoxsulluq içində olmaq deyil, kasıbların halını anlamaq və nəfs tərbiyəsi üçün bir seçim idi. Biz bilirik ki, Rəsulullahın yoldaşı Xədicə anamız Məkkənin ən varlı insanlarından idi. Peyğəmbərimiz ailə olaraq köklü və varlı bir nəsildən gəlirdi. Sonrakı illərdə döyüşlərdən alınan qənimətlər belə Onun sahib olduğu imkanları göstərmək baxımından mühüm  meyardır.

      Həzrət Peyğəmbərin fədakarlığını izah edən ibrətli bir hadisəni burada nəql etmək yerinə düşər:

      Bir gün Peyğəmbərimiz (s.ə.s) özünə köynək almaq üçün bazara çıxmışdı. Üstündə on dirhəm pul vardı. Dörd dirhəmə bir köynək alır. Evə qayıdarkən mədinəlilərdən bir nəfər yanına gələrək:

      “Ya Rəsulallah! Mənə bir köynək geydirin, Allah da sizə cənnət paltarlarından bir paltar geydirsin”, -deyə dua edir. Peyğəmbərimiz dərhal əynindəki köynəyi çıxardır və ona verir. Sonra geri qayıdaraq dörd dirhəmə yeni bir köynək alır. Cibində son iki dirhəmi qalmışdı.

      Mədinə küçələri ilə gedərkən bir cariyənin ağladığını görür. Dərhal yanına gedir və: “Nə üçün ağlayırsan?”, -deyə soruşur. Kədərli cariyə qarşısında Peyğəmbərimizi görüb, ondan kömək istəyən bir səslə: “Ya Rəsulallah! Xidmət etdiyim ailəm mənə, un almaq üçün iki dirhəm vermişdi. Lakin onu itirdim. Nə edəcəyimi bilmirəm”, -deyər. Peyğəmbərimiz dərhal cibindəki iki dirhəmi çıxarıb ona verir. Gedib onunla un almasını söyləyir. Cariyənin ağlamaya davam etdiyini gördükdə ondan:  “İtirdiyin pulu sənə verdim. İndi nə üçün ağlayırsan?”, -deyə soruşur. Cariyə: “Məni döyəcəklərindən qorxuram”, -deyə cavab verir.

      Hz. Peyğəmbər onunla birlikdə evinə gedir. Ev sahibləri Peyğəmbərimizi böyük bir sevinclə qarşılayırlar. “Bu cariyə onu döyəcəyinizdən qorxur”, -dedikdə: “Ya Rəsulallah! Madam ki, onunla birlikdə gəldiniz və kömək onu qoruyursunuz, biz də Allah rizası üçün həmin cariyəni azad etdik”, -deyə cavab verirlər.

      Baş verən hadisə Peyğəmbərimizi çox sevindirir. Geri qayıdarkən qəlbindən bunları keçirirdi: “Uca Allah on dirhəmə bərəkət verdi. Onunla Peyğəmbərinə və mədinəli ənsardan bir müsəlmana köynək geydirdi. Bir cariyəni də azad etdi. Bunu bizə verən yalnız Allahdır. Uca Allaha şükürlər olsun.”

      Xülasə, mömin qazanmalı, qazandığının özünə verilən bir əmanət olduğu şüurunda olmalıdır. Ruzinin əsl sahibini unutmamalıdır. Mən etdim, mən qazandım fikrindən şiddətlə qaçmalı və ehtiyac sahibi bütün insanların özünə bir əmanət olduğunu bilməlidir. Haqq qatında malının hesabını verə bilməyə səbəb olduqları üçün infaq etdiyi adam və xeyir qurumlarına təşəkkür duyğuları içində olmalıdır.

      • Hits: 866 clicks

      Tecox component by www.teglo.info