Hər Şey Onun Əlindədir / Eldar Kərimov

      Share

      Nə qədər özümüzü böyük görüb, çox şeyə qadir olduğumuzu zənn etsək də hər birimiz Allahın yardımına möhtacıq.

       O ilahi yardım hər anımızda bizə yetişir və imdadımıza çatır. Heç təsəvvür etmədiyimiz və gözləmədiyimiz hallarda ilahi bir qüvvənin bizə kömək olduğunun fərqinə varırıq. Qaçan da Ona yalvarır, qovan da. O isə hamıya yardım edir. Çənnətə tərəf qaçan üçün oranın yolunu asanlaşdırır, yükünü xəfiflədir, gücü çatmayacağı yükü yükləmir. Kiçiyindən böyüyünə, kafirindən mömininə kimi yaradılan bütün məxluqat Onun rəhmətinə möhtacdır. Hər canlının ruzisi, hər hadisənin nəticəsi Onun əmrinə tabedir.

      Cəhənnəmə üz tutana da öz istəyi olduğu üçün ora girməyini təmin edir. Necə deyərlər, niyyətin hara mənzilin də ora. Yönəldiyimiz bütün yollarda doğru istiqaməti bizə göstərən yenə Odur. Bizi bizdən çox sevən və qəlbimizə iman toxumunu əkən də Odur.

      Seçimi biz edirik, yardımı O göndərir. Yardımın gəlişi bizim ixlasımıza və Ona nə qədər güvəndiyimizə bağlıdır. Sonuna qədər gözləyə biləcəyikmi?! Hər hadisənin sonunda gələcək ilahi yarımı gözləmək isə biz aciz qulların borcudur. Yardımı harada tələb edirik? İman etdik, yardım tez yetişsin deyirik və ya yardıma deyil, iman etdiyimizə güvənirik?

      Bilirik və anlayırıq ki, ilahi yardım atəş bədənə, bıçaq sümüyə dirənməyənədək gəlməyəcək. “Rəbbim mənimlədir, mənə yol göstərəcək” (əş-Şuara, 62) deyib suya baş vurmayana, su boğaza çatsa belə geri dönmədən irəli getməyənə ilahi yardım olunmayacaq. Çünki geri döndüyün anda əlindəki əsa dənizi yara biləcək gücünü itirir.

      Sevrin təpəsinə çıxmadan hörümçəyin yardımına ümid edə bilməyəcəyimizi də bilirik. Bilirik ki, əsanın gücü, hörümçəyin toru ilahi əmrə tabedir. Biz üzərimizə düşəni edib Sevrin təpəsinə çaxacaq, boğazımıza qədər suya girəcək, atəşdə yanmaq üçün könüllü olacaq, ya da ki, "İsmayılımız"ın boğazına özümüz öz əlimizlə bıçaq dirəyəcəyik.

      Bunları edə bilməyimiz bizim üçün asanlaşdırılacaq. Çünki onlar yalnız imanın gücü ilə asanlaşa bilərlər. İman insanı atəşə yandırmaq üçün deyil, ən böyük Sevgiliyə qovuşmaq, Onu razı salmaq üçün aparar. İman qəlbdə elə bir sevgi atəşi qalayar ki, dünyanın atəşi onun yanında utandığından sərin və salamat olar. Atəş imanı yandıra bilməyəcəyini anladıqda missiyasını dəyişər. Bundan sonra yalnız inkar edənləri yandırar və özü də əbədi yanan bir cəhənnəmə çevrilər...

      İsmayılın boğazına bıçaq dirəmək əmrini aldıqda heç düşünmədən tabe olacağıq. Çünki “Rəbbimizin bizimlə olmasına iman etmişik” “O isə ən gözəl vəkildir.” Bizdən bizim “İsmayıl” istənilirsə, deməli, daha uca məqama yüksəldilməyimiz istənilir. İbrahimin və İsmayılın təslimiyyəti bizə örnək verilib ki, təslim olmağı bacaraq. İsmayılıqsa, qurban edilməyimiz əmr olunubsa, bıçaq sümüyə dayansa belə imandan vaz keçməməliyik. Çünki bilir və anlayırıq ki, bıçaq imanın boğazını üzməyə qadir deyil. Atəş yandıra bilmədiyi kimi o da kəsə bilməz. Bu onların bacaracağı bir iş deyil. İlahi yardım bizim düşündüyümüz bütün güclərin və qüvvələrin fövqündədir. O istəmədikcə bizə heç bir qüvvə zərər yetirə bilməz.

      Musanın açdığı yolda yürüyəcəyik. Bilir və anlayırıq ki, bu yol yalnız onun davamçılarının gedə biləcəyi bir yoldur. Fironlar bu yolda yürüyə bilməz, boğularlar. Onlar da Nuhun qövmü kimi suda boğulub, atəşdə yanacaqlar.

      Ey iman etdiyini iddia edən! Pislikdən yaxşılığa, küfrdən imana, büt dolu Məkkəndən iman yolu Mədinənə hicrətə niyyət etmirsənsə, Sevrin ətəyində dolaşma, təpəsinə çıx! Yardım ancaq oradadır. Orada səni gözlə görə bilmədiyin gözəlliklər və ağlınla dərk edə bilmədiyin müjdələr gözləyir. Hər şey Onun əlində, hər şey onun iqtidarındadır.

      İman imtahan olunmadan cənnətə girmək mümkün deyil. İman mayak olub yolunu işıqlandıracaq. Bu yol dənizlərdən, dağlardan, atəşlərdən keçir. Lakin bu yolda ölüm yoxdur. Şəhadət var. Həqiqi iman edənlər üçün bu həqiqət yolunun sonu qaranlıq zülmət və yoxluq deyil, əbədi səadət və xoşbəxtlikdir. 

      • Hits: 780 clicks

      Tecox component by www.teglo.info