Müsəlmanın Pulla İmtahanı / Osman Nuri TOPBAŞ

      Share

      İnsanın şəxsiyyəti əsasən iki xüsusun təsiri altındadır:

      - Qazancı,

      - Birlikdə olduğu insan.

      Pulun haradan və nec qazanıldığıə çox mühümdür. Çünki insanın könül dünyası buna görə formalaşır. Xərcləmələr də bu formalaşma çərçivəsində həyata keçir. Bu baxımdan qazancımızın halal yoldan olmasına hədsiz dərəcədə diqqət etməliyik.

      Çünki ağızdan girən hər loğma əgər halaldırsa, insana ruhaniyyət və mənəvi təravət verər. Haram və ya şübhəli bir loğma isə qəflət və tənbəllik verər; duyğuları qısırlaşdırar, qəlbə pərdə olar. Bu iki təsiredici amil, yəni qazancın və birlikdə olduğu insanın keyfiyyəti çox mühümdür.

      Süfyan Sevri həzrətləri buyurmuşdur:

      “İnsanın dindarlığı çörəyinin halallığı nisbətindədir”.

      Təəssüf ki, zəmanəmizdə kapitalist zehniyyət mənəvi dəyərləri o qədər zədələmişdir ki, hətta bəzi dindar firmalarda da İslamın əxlaq və qanunları ilə uzlaşmayan işlər təbii hala gəlmişdir. Həccə gedən və namaz qılan bir çox adam “Daha çox xeyir əməl işləmək üçün çox qazanmalıyam”, -deyərək, qəbuledilməz səhvlərə yol verirlər. Halalla haram bir-birinə qarışmışdır.

       

      “BU İŞLƏR BELƏ GEDƏR” MƏNTİQİ

      Məsələn, qeyri-əxlaqi reklamlar, iş həyatında cazibədarlığı ilə müştərini cəlb edəcək katibələr ən çox rast gəlinən xüsuslardır. Dünya qazancı axirət qazancının önünə keçdiyi üçün nəfs: “Bu işlər belə gedər!” -deyə bəhanə gətirərək işin haram tərəfini gözardı etdirir. Halbuki heç bir səhv addımın doğru bir bəhanə və şəri niyyəti ola bilməz. Xüsusilə də “Mən gələcəkdə xeyir işlər görmək üçün qazanıram”, -deyərək halal-haram ölçülərini saymamaq ən zərərli addım və nəfsin aldatmasıdır.

      Böyük sərmayələrin sistemləri və hətta insanları formalaşdırmasıma əsaslanan kapitalist zehniyyətin heç bir mənəvi tərəfi yoxdur. Əksinə, eqoizmə yol açdığı üçün mənəviyyatı zəiflədən bir sistemdir. Çünki bu sistem daha çox qazanmaq uğruna “Yol verin etsin, imkan verin keçsin!”, -deyər, aşağıda əzilənlərin pərişan halı yuxarıdakıla zərrə qədər də təsir etməz.

      Bu zehniyyət sərmayəsini daha da böyüdə bilmək adına ağlı və könlü alan dəblərlə, kampaniyalarla, müxtəlif təbliğatlarla israf iqtisadiyyatının reklamını edər. Çünki enerjisini aşırı istehlakdan alır.

      Bu səbəblə əvvəlcə özümüzü israf iqtisadiyyatına indeksli ticarətdən mühafizə etməliyik. Çünki israf, rahatlıq və lüksun artması cəmiyyəti pərişan etməkdədir. Bu istiqamətdə ölçüsüz xərcləmələri artıran kredit kartları da iqtisadi tələlərdir, istismar vasitəsidir. Ehtiyacı buna bəhanə gətirmək olmaz.

      Bu, elə bir istehlak tələsidir ki, sırf bəziləri qazansın deyə kasıbları belə mərhəmətsizcə bu tələnin içinə salmaqdadır. Edilən bərbəzəkli və aldadıcı reklamlar səbəbindən nə qədər biçarə insan qeyri-qanuni yollara baş vurmaq məcburiyyətində qalmaqdadır.

      Qlobal mədəniyyət istilası, internetin mənfi mühitləri, televiziyanın nəfsaniyyətə mükafat verən filmləri də ruhlara zəhər saçaraq mənəvi həssaslıqları zərərə uğratmaqda, kapitalist nizamın israf dəyirmanına su tökməkdədir.

       

      İNSANLIQ YIĞINI

      Kapitalizmin nəticəsi insanlıq yığını, törtöküntüsüfür. Çünki insana gözyaşını unutdurar, mərhəmətini itirmiş bir vicdan formalaşdırar. Ruha şəfa verəcək əczaxanaların da qapısına kilid vurar.

      İslam isə həyatın hər sahəsində olduğu kimi iqtisadi sahədə də bir nizam qoymuşdur. Halal və haram hüdudları çəkmişdir. Mərhəmət və şəfqəti əmr edib, mömini mömindən məsul tutmuşdir. Qazancı haqq, ədalət və mərhəmətlə birləşdirmişdir.

      İslamda mülk Allahındır. Onu əldə etmək üçün insanı istismar etmək əsla yolverilməzdir. İslam iqtisadiyyatı insanın problemini həll etməklə başlayır. Paylaşmaq və başqalarına, xüsusilə ehtiyac sahiblərinə faydalı olmaq şərtdir, fərzdir. Ayeyi-kərimədə:

      “Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.” (əz-Zariyat, 19) -buyurulur.

      Bu düstur həm puldan necə istifadə etmə təhsilidir, həm də könülləri yaxınlaşdırma vəsiləsidir.

      Kapitalist sistem yalnız mənfəətini və qazancını düşünür. Onun gözündə insan iqtisadiyyat çarxını çevirən dişlərdən ibarətdir. Buna görə insanı istismar edər. Məqsədinə çatmaq üçün hər yolu qanuni sayar.

       

      İSLAMIN ÜÇ PRİNSİPİ

      İslam kapitalizmin əksinə olaraq bir vicdan mühasibəsi edər. “Haradan və necə qazandın, hara və nə şəkildə xərclədin?” sualını verər. Çünki İslamda mülk Allahındır, qul yalnız bir qənaət məmurudur.

      Puldan istifadə edə bilmək bir sənətdir. Qəlbin şahəsəridir. Bunun üçün də;

      1) Qazanc halal olmalıdır.

      2) İsraf edilməməlidir.

      3) Xəsislik edilməməlidir.

      İsraf güc nümayiş etdirərək aşağılıq duyğusunu örtbasdır etməyə çalışmaqdır. Xəsislik isə qorxaqlıq nəticəsində özü üçün yığmaqdır. Haqqa təvəkkül nöqsanlığından və qorxaqlıqdan irəli gələn bir zəiflikdir. Pulu sığınacaq və dayaq halına gətirməkdir. İsraf da, xəsislik də mülkün gerçək sahibi olan Allaha üsyan qəbilindəndir.

      Mömin israf və xəsisliyin əskinə, ürəyindəki imanın səviyyəsi nisbətində bol infaq edəcək. Yəni imkanı olan müsəlman çox qazanmağa və çox infaq etməyə səy göstərəcək. Çünki Qurani-Kərimdə 200-ə yaxın yerdə “infaq” vəzifəmiz xatırladılır. Hədisi-şərifdə də:

      “Verən əl alan əldən xeyirlidir”, -buyurularaq infaq edə biləcək bir mömin olmaq təşviq edilir.

      Təqva sahibi bir mömin hər yeni günə başlayarkən vicdanı ondan soruşar: “Bu gün Allah-Təala sənə ömür təqvimindən yeni bir səhifə açdı. Bugünkü işində nə qədər özünə, nə qədər başqalarına? Allah nemətlərini sənə verdi, lakin filankəsə vermədi. Demək ki, səni ondan məsul tutdu…”

      Çünki ayeyi-kərimədə Haqq-Təala:

      “Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et.” (əl-Qəsəs, 77) buyurur.

      Bu səbəblə kamil bir mömin qayğı dolu könüllə məxluqata yönələrək özünü onların ehtiyaclarını şəfqət və mərhəmətlə təmin etməkdən məsul bilər.

      Nəhayət, bir möminin könül üfüqü elə olmalı ki:

      - Qayəsi: Haqqın razı olacağı, təqva sahibi bir qul ola bilmək,

      - Vasitəsi: Yer üzündə Allahın şahidi ola biləcək şəkildə İslam xarakter və şəxsiyyətinə bürünə bilmək,

      - Nəticəsi də əlindən və dilindən ümməti-Məhəmmədin, hətta bütün məxluqatın istifadə etdiyi, şəfqət və mərhəmət dərgahı bir könül dünyasına nail olmaqdan ibarət olmalıdır…

       

      KAPİTALİZMLƏ İSLAM QARŞILAŞDIRILSA

      Kapitalizmin çıxdığı və yayıldığı cəmiyyətlərin əksəriyyəti xristian cəmiyyətlərdir. Xristianlıq: “Rəbbin İsa olduğunu bil, o sənə kifayətdir”, -deyir. “Sezarın haqqı Sezaradır”, -deyir. İqtisadi və ictimai həyatı tənzimləmək kimi bir dərdi yoxdur. Yəni təlqin etdiyi şeylərin cəmiyyət həyatında heç bir bağlayıcılığı yoxdur. Mərhəmətli olacaqsan deyir, vəssalam. Mərhəmətli olmaq da hər kəsin anlayışına görə dəyişir. Məsələn, zalım bir müdir də: “Mən mərhəmətliyəm”, deyə bilər.

      Bu baxımdan qarşısında mənəvi dəyərlər adına heç bir maneə olmadığı belə cəmiyyətlərdə kapitalizmin sürətlə yayılması çox təbiidir.

      Lakin İslam iqtisadi və ictimai həyatla bağlı möminlərin önünə bir çox qayda qoyur.

      Möminlər bunlara riayət etdiyi təqdirdə ruhsuz və mərhəmətsiz bir iqtisadi həyatın cəmiyyəti əhatə etməsi mümkün deyil. Lakin “Təbiət boşluq qəbul etməz” qaydasına əsasən möminlər ictimai və iqtisadi həyatdakı vəzifələrini yerinə yetirmədikləri təqdirdə, bu sahələri başqa sistemlərin doldurması qaçınılmazdır.

      Demək ki, bu xüsusda da əsas məsuliyyət müsəlmanların üzərinə düşür. Çünki İslam Haqqın rizasına uyğun yaşamağın ölçülərini bildirir, onu yaşamaqsa müsəlmanın vəzifəsidir.

      İslami həssaslıqlar yaşans,a kapitalizmin iqtisadi həyatımızı işğal etməsi mümkün deyil, lakin islami ölçülərdən nə qədər yan keçilsə, o nisbətdə kapitalizm dəvət edilmiş olar.

       

       

      ZƏİFLİK BƏHANƏ DEYİL

      Əsri-Səadət cəmiyyəti ümumiyyətlə zəngin cəmiyyət deyildi. Onları yox etməyə çalışan, ətraflarındakı müşrik və qeyri-müsəlman birliklər isə onlardan daha imkanlı və maddi baxımdan güclü idilər. Lakin Əsri-Səadəti meydana gətirən o insanlar düşmənləriylə mübarizə edə bilmək üçün maddi cəhətdən güclənmək üçün qeyri-müsəlman qəbilələr kimi faizə, sələmçiliyə, haqsız qazanca yönəlmədilər. Hətta belə bir səhvə ən kiçik bir meyil göstərmədilər. Yeganə güc-qüvvət və qüdrətin Allahın təqdir və təqsimatı ilə olduğuna təvəkkül edib cəhd göstərdilər. Nəticədə də müvəffəq oldular. Ən böyük fəthlər səhabə zamanında yaşandı. Çünki bu bir gerçəkdir ki, fövqəlbəşər güc, yəni mənəvi güc, maddi gücü daim aradan qaldırar. Ayeyi-kərimədə buyurulur:

      “…Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmiş-dir! Allah səbir edənlərlədir.” (əl-Bəqərə, 249) Yenə Fatihə surəsindəki: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (əl-Fatihə, 5) ayeyi-kəriməsi gərəyincə biz də nə qədər Allaha itaət üzrə ola bilsək, Haqq-Təalanın bizə köməyi də o nisbətdə olacaqdır.

      İnsan tərbiyəyə möhtacdır. Bunun üçün cəmiyyətlərin cahiliyyə dövrlərində ən böyük insan tərbiyəçiləri olaraq peyğəmbərlər göndərilmişdir. Ən böyük cahiliyyə dövrü də Peyğəmbər (s.ə.s)-in təşrif etdiyi əsrdir ki, o zamanın iqtisadi şərtləri bugünün kapitalizmindən daha betər idi. İnsanlıq olaraq hər şey sıfırlanmışdı. Vicdan sıfırlanmışdı. O zaman da zənginlər və kasıblar vardı. Kapitalizmdən daha betər olan bir cahiliyyə cəmiyyətini Rəsulullah necə İstiqamətləndirdi? Allah Rəsulu onları necə tərbiyə etdi ki, bir “Əsri-Səadət Cəmiyyəti” meydana gəldi? Həbəşli Vəhşi necə Həzrət Vəhşiyə çevrildi. Qız uşaqlarını analarının ürəyindən fəryadlar içində söküb qopararaq diri-diri basdırmağa aparan insanlar necə gözü yaşlı, qəlbi mərhəmət və şəfqətlə dolu möminlər halına gəldi? Məhz buna diqqət etmək lazımdır. Qədim zamanlarda da kapitalizm kimi, sosializm kimi sistemlər çox gəlib keçdi.

       

      MÖVCUD SİSTEMƏ QARŞI TƏQVA ZİREHİ

      Hər kəs artıq qurulmuş güclü bir sistemin varlığından söz açır. Bəs müsəlman bu güc qarşısında öz dəyərlərini necə qoruyacaqdır? Əlbəttə ki, təqva ilə. Qəlbdəki Allah məhəbbəti və qorxusu möminin ən böyük zirehidir. Çünki həyatın hansı sahəsində olursa olsun, haramlara, hətta şübhəlilərə qarşı özünü qorumağın yeganə meyarı “təqva”dır. Mömin dünya mülkünün fani oyuncaqları üçün əbədi səadətini məhv edəcək qədər axmaq ola bilməz. Üç günlük dünya zövqləri uğruna ilahi ölçülərdən vaz keçməkdənsə, yeri gəldikdə maddi baxımdan geri addım atmağı gözə alar. Ziya Paşanın təbiriylə:

      “İnsana sədaqət yaraşır görsə də ikrah,

      Yardımçısıdır doğruların Həzrəti Allah!”

      Yəni mömin mənəvi dəyərlərini qorumaq və ilahi ölçülərdən çıxmamaq üçün maddi olaraq geri addım atmaq məcburiyyətində qala bilər. Bir miqdar sərvət itirmək məcburiyyətində qalsa belə, bunun həqiqətdə özünə böyük mükafatlar qazandıracağının şüur və idrakı içində, halından məmnun və rahat olar. Unutmayaq ki, Allahın bizə: “Maddi cəhətdən daha çox zəngin olun!”,  -deyə bir əmri yoxdur. Yalnız “Halalından qazanın, halal ölçülər içərisində yaşayın və infaq edin!”, -deyə əmri var. O halda nə olursa olsun həyatımızı və ticarətimizi halallar üzərinə bina etməliyik. Haqqımızdakı ilahi təqsimatın / qədərin sərhədlərini zorlamamalıyıq. Yəni Allahın nəsib etdiyi ölçüdə halalından qazanıb infaq etməyə səy göstərməliyik. Maddi rifah uğruna könül dincliyimizə zəhər səpməməliyik. Əsl və sonsuz zənginliyin qəlbi həyatda olduğunu unutmamalıyıq…

       

      ZƏNGİNLİK MÜSƏLMANI POZMAMALIDIR

      Müsəlmanlar zənginləşdikcə ölçülərin arxa plana atıldığı, hər şeyin mübahlaşdığı, pulun hər şeyi həll etdiyi, dünyəviləşmə virusunun müsəlmanlara da yoluxduğunu deyənlər var. İslamın doğru idrak edilib layiqiylə yaşandığı əsrlər bu tənqidlərə ən gözəl cavabdır. Məsələn, Ömər bin Əbdüləzizin iki il yarımlıq xilafət dövrü və Osmanlının ilk üç əsri xaricdən gələn tənqidlərə qarşı ən gözəl bir cavabdır. Çünki dünyəvi rifah səviyyəsinin yüksəlməsinə baxmayaraq könüllərdə təqva duyğusu qüvvətli olduğu zaman insanlar dünyəviləşmir, xəsisləşmir, əksinə cəmiyyətdə zəkat verəcək kasıb tapa bilmirlər.

      Daxildən gələn tənqidlərə də Osmanlının son üç əsri ibrətli bir nümunədir. Allah yolunda xidmət və səy həyəcanı zəifləyib dünya məhəbbəti könüllərə girməyə başlayınca Allah da nemətini, bərəkətini, əmanətini çəkib aldı.

      Haqq-Təala müsəlmanlara Allahın yer üzündəki şahidləri olmağı, ilahi həqiqətləri könüllərə nəqş etməyi, İslamın ucalması yolunda xidmət etməyi, yəni yaşayışlarıyla Allahın dinini təmsil və təbliğ etməyi vəzifə verir. Bu vəzifə layiqiylə idrak edilib ifa edilsə, nə ictimai böhranlarla qarşılaşılar, nə də iqtisadi böhranlarla. Belə bir rəhmət cəmiyyətində zahirən quraqlıq, qıtlıq və fəlakətlər də olsa, yenə bir narahatlıq və qarışıqlıq atmosferi yaşanmaz.

      Maddi imkanların ən aşağı olduğu Əsri-Səadət cəmiyyətinə baxdığımızda insanlarda ruhi  böhran görmürük. Lakin nemətlərin dolub daşdığı indiki zəmanədə isə ruhi böhranlar, psixoloji və psixi xəstəliklər, təəssüf ki, hədd mərhələyə çatdı. Çünki ehtiraslar canavarlaşdı, paylaşma əxlaqı zəiflədi, bir sözlə, infaq və comərdlik unuduldu. Bu səbəblə insan ruhunun sağlığı din ilə həyatın sintezinə bağlıdır...

       

      KAPİTALİZMƏ QARŞI İSLAMİ DURUŞ

      Unutmamaq lazımdır ki, batil ilə İslam birləşməz. Bu mümkün deyil. Çünki kommunizmdə mülk cəmiyyətindir. Kapitalizmdə mülk fərdlərindir. Əslində ikisinin də iddiası eyni xüsusdadır. Kommunizm mülk cəmiyyətindir deyir. Kapitalizm isə mülk fərdlərindir deyir. Yəni mülkün kimə aid olması üstündə mübarizə gedir. İslam isə “Mülk nə fərdlərindir, nə cəmiyyətindir, mülk Allahındır”, -deyir. Onun üçün İslam digər sistemlərlə sintez oluna bilməz. İslamın gözəlliyi və ehtişamı da bundadır. Protezə ehtiyacı yoxdur. Onu başqa cərəyanlarla sintez etmə səyi yalnız bir qəflətdir.

      Mövlana Həzrətlərinin bu qəfləti izah edən gözəl bir misalı var. Allah balıq üçün hər cür ruzini dənizdə yaratmışdır. Lakin o, çöldən atılan qarmaqdakı yemə heyran olar. Qarmağı görməz, onun ucundakı soxulcana ram olar. O soxulcanı almaq istəyərkən həyatını məhv edər.

      İslamın başqa bir sistemlə sintezləşdirilməsi İslam üçün bir zəiflik olar. Halbuki İslam ən böyük sistemdir. Onun əsası Allahdan gəlir. Heç bir bəşəri sistem ilə sintez olunmaz. Buna cəhd göstərildikdə bəzi səhvlər ortaya çıxar. Ya kapitalizmə yanaşar, ya da kommunizmə yaxınlaşar. O ehtişamını itirər. Möminlər də şəxsiyyətlərini, xarakterlərini itirərlər.

      Fateh İstanbulu fəth etdikdən sonra şəhərin yenidən abadlaşdırılması zərurəti yaranmışdı. Leonardo da Vinçi II Bəyazidə məktub yazdı. “Sizin üçün İstanbulun məscidlərinin, bulaqlarının, yollarının layihəsini çəkə bilərəm”. Bu təklifə sarayda sevinənlər oldu. Düşündülər ki, “Dünya səviyyəsində məşhur bir memar gələcək, İstanbulu tikəcək”… II Bəyazid Xan isə bunu qəbul etmədi. “O gəlsə, bizim ruhumuzu əks etdirməyən, yad bir memarlıq nümunəsi meydana gətirər”, -dedi. “Biz öz mümarlığımızı, öz sənətimizi özümüz icra edəcəyik”, -dedi. Ona görə də özümüzdən Sinanlar yetişdi. Şeyx Həmidullahlar, Qarahisarilər, böyük sənətkarlar yetişdi. Öz mədəniyyətimizi özümüz inşa etdik. Yəni İslamın bir protezə ehtiyacı yoxdur. Protezə ehtiyac  hiss etmək İslamı layiqincə tanımamaqdır.

      Bu gün tarixiçilərin də içində olduğu hal budur. İslamı bəzi müasir cərəyanlarla uzlaşdırmaq istəyirlər.

      Nəhayət, mömin özünü İslama tam mənasıyla ram etməli, İslamın izzətini, şərəfini qorumalıdır. İslamın, iqtisadi və ictimai hər sahədə qoyduğu hüququn hüdudlarına diqqət yetirməlidir…

       

      QƏLBİ AŞINMANI ÖNLƏMƏK ÜÇÜN…

      İslam “Nə yoldan qazanırsan-qazan, əsas olan xeyriyyəçilikdir”, -demir. “Halalından qazan”,  -deyir. Mömindən taqətindən artığını istəmir. Bizə taqətimiz ölçüsündə vəzifə verir. Bir də Əbu Zərr modeli var. Əbu Zərr modeli bəzi şəxslərə məxsusdur, ümumi cəmiyyətə şamil edilə bilməz.

      Allah-Təala Quranın 200-ə yaxın yerində müxtəlif qəliblərdə “infaq”ı əmr edir. Mömin təşkilat quracaq, fabrik quracaq ki, infak edə bilsin. Qazanmadan necə infaq edəcək?

      Onun üçün müsəlman halalından qazanacaq, israf etməyəcək, xəsislikdən uzaq duracaq, təvazökar bir həyat yaşayacaq və infaq edəcəkdir.

      Sənayenin inkişafı üçün də çalışacaq. Qeyri-qanuni bir yola getməyəcək. Qazancını artırmaq üçün xanımların cazibədarlığından istifadə edib onları reklamların vitrini etməyəcək.

      İsra surəsinin 64-cü ayəsində şeytanın mallara və övladlara ortaq olmasından bəhs edilir. Bu gün təəssüf ki, qazanclara iblis ortaq edilir. Şəhərciklər salınır, onu yüksək qiymətə satmaq üçün müxtəlif vasitələrə əl atılır. Orada yaşayacaq olan ailələrin mənəviyyatını zədələməyin yolları fikirləşilir.

       

      “NECƏ QAZANIRSAN QAZAN” DÜSTURU

      Reklamçılıqda insanlar şəhvətlə cəzb edilməyə çalışılır. Sonra da xeyir işlərə çox xərcləmək bəhanəsiylə bir aldanışa sürüklənmə gəlir. Bunlar pulla imtahandakı həzin aldanışlardır…

      Rəsulullah (s.ə.s) ən çətin şərtlər altında belə imanda azacıq da olsa güzəştə getməmişdir. Bədir döyüşündə müsəlmanlar maddi cəhətdən çox zəif idilər. Məkkə müşrikləri müsəlmanları tamamilə ortadan qaldırmaq üçün hərəkətə keçmişdilər. Müsəlmanlar canlarını qurtarmaq üçün mallarını-mülklərini geridə qoyub hicrət etdikləri üçün son dərəcə kasıb vəziyyətə düşmüşdülər. O dərəcə ki, Bədrə gedən İslam ordusunda bir dəvəni üç nəfər növbə ilə  minirdi. Hz. Əli, Hz. Əbu Lübabə və Rəsulullaha da bir dəvə düşmüşdü.

      Məhz həmin çətin günlərdə Allah Rəsulunun yanına müsəlman olmayan bir mədinəli gəldi.

      “- Ya Məhəmməd, mənim gücümü bütün mədinəlilər bilir. Məkkəlilər çox güclü, sən isə zəifsən. İcazə ver, Sənin tərəfdə döyüşüm, qənimətdən payıma düşəni də götürüb gedim”, -dedi. Həzrət Peyğəmbər işin zahirinə baxaraq: “Gəl bizə qoşul”, -demədi.

      “- Sən mənim Allahın Rəsulu olduğumu qəbul edirsənmı?”, -deyə soruşdu. O: “xeyr”, -cavabını verdikddə Həzrət Peyğəmbər:

      “- Onda bizim sənə ehtiyacımız yoxdur, Allah-Təalanın köməyi bizə kifayət edər”, -dedi. Həmin adam bir müddət sonra yenə gəldi. Eyni şeyləri söylədi. Rəsulullah da eyni sualı soruşdu. Adam yenə mənfi cavab verdikdə Allah Rəsulu: “Allah bizə kifayətdir!”, -dedi. Həmin adam üçüncü dəfə gəldikdə:

      “- Bəli, Sən Allahın Rəsulusan, bu qədər zəif halında yalnız ilahi gücə arxalanan bir adam söyləyə bilər bu sözləri. Bəli, Sən Allahın Rəsulusan”, -deyərək İslama girdi.

      Yəni Həzrət Peyğəmbər heç vaxt şəri bir məqsəd üçün qeyri-şəri bir metoddan istifadə etmədi. Bir güzəştə getmədi. Xülasə, Allah-Təala və Rəsulu bizə: “Necə olursa-olsun mütləq çox qazan, çox infaq et”, demir.

       

      GARAUDYDƏN BİR XATİRƏ

      Bir neçə il bundan əvvəl Garaudy İstanbula gəlmişdi. Yıldız Sarayında konfransı vardı. O konfransda mən də iştirak edirdim. Ondan:

      “- Sizi əvvəl xristian, sonra kommunist olaraq gördük. İndi müsəlmansınız. Hindistan tərəflərə də bir səyahət edəcəksinizmi?”, -deyə kinayəli bir sual soruşdular. O da:

      “- İzah edim”, -dedi, “Mən xristian idim. ABŞdakı böyük kartellərin qiymətləri sabit saxlamaq üçün milyonlarla ton südü çölə tökdüklərini, milyonlarla ton buğdanı yandırdıqlarını gördüm, bu vicdansızlıq məni kommunizmə yönəltdi. Gördüm ki, kommunizm də quru bir məfkurədir, heç bir mənəvi tərəfi yoxdur. Xristianlıq ilə kommunizm arasında bir körpü qurmağa çalışdım, amma olmadı.

      O dövrlərdə fransızlar mənim ölümümü istəyirdilər. Əlcəzairli bir müsəlman əsgərin köməyiylə bu təhlükədən xilas oldum. Sonra o müsəlman əsgəri tapdım. “- Fransız zabiti mənim ölümümü istədiyi halda nə üçün məni qurtardın?”, -deyə soruşduqda: “- Ben müsəlmanam, Allahın verdiyi cana bilmədən qıya bilmərəm. Bunun axirətdəki məsuliyyətindən qorxuram”, -dedi. Mən o zamana qədər İslamı bir tayfa dini olaraq qəbul edirdim. Bu hadisə mənim İslama yönəlməmə vəsilə oldu. İqtisadçı olduğum üçün İslamın iqtisadi quruluşunu da araşdırdım. Faiz nədir, kommunizmdə necədir, İslamda necədir, hara qədər qadağandır, hüdudları nələrdir? Bu kimi xüsusları araşdırdım. (Bilal Həbəşini nəzərdə tutaraq) Bilalın bir hədisi məni qurtuluşa çıxardı. Bilal Allah Rəsuluna bir xurma aparır. Həzrət Peyğəmbər: “Bunu haradan tapdın?”, -deyə soruşduqda Bilal da: “Bizdə adi xurma vardı. Rəsulullah (s.ə.s)-in yeməsi üçün ondan iki ölçək verərək bundan bir ölçək satın aldıq”, -dedi. Bunun üzərinə Hz. Peyğəmbər (s.ə.s): “Əfsus! Bu ribanın / faizin elə özüdür, əsla belə etmə! Əgər yaxşı xurma satın almaq istəsən əlindəkini ayrıca sat, sonra onun puluyla yaxşı xurmanı satın al!”, -dedi.

      Gördüm ki, Allah Rəsulu faizə gedəcək bir qapının açar dəliyini belə bağlamışdır. Bu vəziyyət məni İslamı daha çox tədqiq etməyə sövq etdi.

      İslamda iqtisadiyyat nədir sualının cavablarını axtararkən orada böyük bir dahi ilə qarşılaşdım. O dahi Əbu Hənifə idi. Çox təəssüf ki, bu gün Əbu Hənifənin dahiliyini müsəlmanlara mən izah edirəm. İslam dünyası hələ Əbu Hənifəni layiqincə tanımır”, -dedi.

      Xülasə, Allah Rəsulu bu kimi mövzularda heç vaxt güzəştə getmədu. Möminlər olaraq biz də İslamı bütün məzmunuyla yaşamağa məcburuq.

       

       

      HALAL YOLLA QAZANMAQ

      Zaman-zaman bəzi müsəlmanların düşdükləri səhvlərdən biri də xətalarını qanuniləşdirmə yanlışıdır. Xeyir işlər görərək qazandıqları kirli pulları təmizlədiklərini sanırlar. Bu yolla özlərini arxayınlaşdırırlar. “Verən əl oluram”, deyirlər, “Mənim fabrikimdə üç min adam işləyir, bu qədər adam sayəmdə çörək yeyir.”

      İslam bizə qeyri-qanuni yollardan da olsa bu qədər adama çörək ver, deyə əmr etmir. Ruzini verən Allahdır.

      Həzrət Peyğəmbər (s.ə.s):

      “Əgər siz Allaha lazımınca təvəkkül etsəydiniz, (Allah) quşları doydurduğu kimi sizi də ruziləndirərdi. Quşlar səhərlər qursaqları boş olaraq çıxdıqları halda axşam doymuş halda yuvaya qayıdarlar”, -buyurur. (Tirmizi, Zöhd, 33)

      Yenə Haqq-Təala “Ruzisini təmin edə bilməyənlərin də ruzisini Biz təmin etdik”, -buyurur. Rəbbimiz müsəlmanların bu təlaşda olmamalarını bildirir. Halalından qazanıb bunu paylaşmağı əmr edir.

      Allah dostlarının həyatlarına baxdığımız zaman qazanc üstündə çox titrədiklərini görürük. Məsələn, Bəhaüddin Nəqşbənd həzrətləri bir süfrədə yemək yeməmiş:

      “- Bu süfrədə zülmət var”, demişdi.

      “- Əfəndim, bunlar halaldır”, -deyildikdə isə:

      “- Halaldır, amma bişirən hirslə bişirmişdir”, -cavabını vermişdi.

      Atom partladıqda radiasiya yayılır və yayılan bu radiasiya dəmirin də içindən keçir. Mənəvi təsirlər də çox mühümdür. Məsələn, Hz. Peyğəmbər (s.ə.s) Vida Həccində Əbrəhə ordusunun həlak olduğu yerdən sürətlə keçdi. Orada Allahın qəhri təcəlli etdiyini buyurdu.

      Təbuk Səfərində müsəlmanlar Səmud Qövmünün həlak olduğu evlərə girmişdilər.

      Allah Rəsulu (s.ə.s):

      “- Əsla burada su içməyin!”, -buyurdu.

      “- Ya Rəsulallah, tuluqlarımıza su doldurduq və bu sudan xəmir yoğurduq”, -dediklərində isə:

      “- Suları boşaldın, xəmirləri də dəvələrinizə verin!”, buyurdu.

      İslam qida mövzusunda bu qədər həssasdır. Qiyamət günü soruşulacaq ilk beş sualdan biri “Haradan qazandın, haraya xərclədin?”, olacaqdır.

       

      SƏRVƏTİN NEÇƏ FAİZİ XEYRƏ XƏRCLƏNİR?

      “Mən çox qazanım ki, çox verim” deyənlərə baxaq görək, sərvətlərinin neçə faizini xeyrə xərcləyirlər?

      Bir xatirəni sizlərlə paylaşmaq istəyirəm: Səudiyyə Ərəbistanında Kral Faysal zamanında Həcc vəziri Həsən Qütbi Bəy rəhmətlik atamı ziyarətə gəlirdi. Rövzənin inşaatı günlərində o nəql etmişdi. Atam demişdi ki:

      “- Əlhəmdülillah, Rövzə necə də gözəl inkişaf etdirilir. Müsəlmanlar rahatlatlıq tapacaqlar.”

      Həsən Qütbi Bəy bir az dayandı, düşündü sonra da:

      “- Ən çətin şey puldan istifadə edə bilməkdir...” -dedi. “Mən bunun şəxsən çətinliyini yaşayıram”, -dedi. Hər halda özünün neft ticarəti də vardı. “Mən pulun ən yaxşı şəkildə istifadəsini Osmanlılarda gördüm”, -dedi. “Onlar arxalarında, nəsildən nəslə keçən böyük əsərlər buraxdılar. Bu gün isə dünya platformasında müsəlmanlar sərvətlərinin görəsən neçə faizini müqəddəs məkanlara xərcləyirlər?”, -dedi.

      Allah-Təala ayeyi-kərimədə buyurur:

      “Sevdiyiniz şeylərdən infaq etmədikcə əsla “birr”ə (yəni xeyrin kamal nöqtəsinə) çata bilməzsiniz!..” (Ali-İmran, 92)

      Mərhum atam Musa Əfəndi mənə xeyrat və zəkat dəftərini göstərər və tövsiyə edərdi: “Bu səhifə zəkatım, bu səhifə də xeyrə xərclədiklərimdir. Nəfs daim insanı aldadır. Az bir xeyri çox kimi göstərir. Bunun üçün şübhəsiz zəkat və xeyratlarınızı ayrı-ayrı yazın. Xeyratınız da zəkatınızdan -xüsusilə çətin zamanlarda- çox olsun!”

      Zəkatımızı veririk, bu başqa məsələ. Amma zəkat minimum ölçüdür. Mən zəkatımı verdim deməklə bu gün xilas olmaq mümkündürmü, bilmirəm. Allah Rəsulunu sevirsənsə, O necə yaşamışdısa, sən də Onun kimi yaşamağa cəhd göstərəcəksən. Allah Rəsulunu sevirsənsə, qiyamətdə həm Rəsulullah, həm də Onun səhabələriylə birlikdə olmaq istəyirsənsə, ibadət həyatın, iqtisadi həyatın, müamilatın Onun və yetişdirdiyi əshabi-kiramınkı kimi olmalıdır. Bu bizim üçün feli bir nümunədir. Allaha və Onun Rəsuluna olan məhəbbətimizin bir göstəricisidir.

       

      İSLAM BİR ŞƏFA ƏCZAXANASIDIR

      İslam bir şəfa əczaxanasıdır. Bu əczaxanada kim istəyərsə, hər cür xəstəliyini müalicə edəcək dərmanı tapar. Lakin zəmanəmizdə bu əczaxanaya kapitalizm girdi, sosializm girdi. Bir stəkan tərtəmiz suyun içinə bir damla nəcasət düşsə, onun bütün təmizliyi, saflığı, ləzzəti ortadan qalxar. Pozulan İslamın özü deyil, əlbəttə ki, o öz paklığını qoruyur. Müsəlmanın zehni dünyası xəstə vəziyyətdədir. Problem buradadır! Bu gün kapitalizm, sosializm oraya girmişdir.

      Haqq dostları: “Qurtuluşa çıxmaq istəyirsənsə, iki şeyi unut, iki şeyi də unutma!”, -deyirlər.

      Bir: “Rəbbini unutma!” Hər halımızda Allah bizdən razıdırmı? Allah Rəsulu mənim yanımda olsa, mənim bu halıma təbəssüm edərdimi? Yaxud kədərlənərdimi? Müsəlman özünü qorumaq üçün bu ruhi hal içində olmalıdır.

      İkincisi də: “Ölümü, axirəti, bu səbəbdən faniliyi unutma!” Allahın hüzuruna çıxacağını unutma! “Kitabını Oxu!” buyurulacaq o dəhşətli günü unutma!

      “İki şeyi də unut”, -buyururlar: Birincisi: “Etdiyin xeyirləri və yaxşılığı unut!” Çünki kiçik bir həsənat insanın gözündə böyüyər; nəhəng bir şey kimi görsənər. Sonra insan özünü başqalarıyla müqayisə etməyə başlayar: “Mən bu qədər edirəm, başqaları nə qədər edirlər?”. Bir çox insan özünə buradan pay çıxardar, vicdanını rahatlaşdırar. Halbuki bizim üçün feli nümunə, özümüzü müqayisə edəcəyimiz cəmiyyət Əsri-Səadət cəmiyyətidir.

      İkincisi də: “Sənə edilən əza və cəfaları unut!” Çünki Haqq-Təala:

      “…Allahın sizi bağışlamasını istəməzsinizmi?..” (ən-Nur, 22) buyurur. Allah tərəfindən bağışlanılmaq da Onun qullarını bağışlaya bilənlərin haqqıdır.

      Demək ki, bu iki şeyi unudub iki şeyi də unutmayacağıq ki, xilas ola bilək.

      PULLA İMTAHANDA TƏSƏVVÜF NƏ EDƏR?

      Pulla imtahanın təsəvvüf həyatına əhəmiyyət verən bir insana təsir etmə riski ən minimum həddədir. Çünki möminin pul ilə imtahanında zəiflik göstərməsinin təməlində nəfsinə uyaraq Allahın əmrindən çıxması yatır. Təsəvvüf isə nəfsin ehtiraslarına sədd çəkə bilmə təhsilidir. Nəfsə qarşı sülhü olmayan bir cəngdir. Bir paklanmadır. Qəlbi Allahtan qafil qoyan hər şeydən uzarlaşdıraraq təqvaya çata bilmə cəhdidir. Yalnız pul ilə əlaqəli olan deyil, hər sahədəki ilahi imtahan təcəllilərinin sirrini sanki varlığının zərrələrində hiss etdirən bir qəlbi diriliş təlimidir. Hər vaxt və məkanda Haqqın təqdirindən və təqsimatından məmnun olaraq Allah ilə dost qala bilmə sənətidir. Həyatın eniş-yoxuşları, dəyişən şərtləri və sürprizləri qarşısında ruhi müvazinəti qoruyub, şikayət və sızlanmağı unuda bilmə məharətidir...

      Kapitalizmin meydan tapdığı və cücərib yaşıllaşdığı sahə qənaət və təvəkkülün zəiflədiyi, ehtiras, həsəd və haqsız qazancın artdığı mühitlərdir. Bu baxımdan möminlər, özlərini əvvəlcə ehtiras və lüzumsuz istəklər nöqtəsində təsəvvüfü bir təhsildən keçirməlidirlər. Bu da tənbəlliyə yol verməyən bir qənaət və təvəkküllə reallaşa bilər. Qənaət isə əsl zənginlik olub, insanın mal və mülk ehtirasına qarşı əsarət və köləlikdən xilas olması deməkdir.

      Bu səbəbdən bir müsəlman nəfs təzkiyəsi və qəlb təhsilindən keçməzsə, puldan başqa sərhəd tanımayan kapitalizmin çarxları arasında pərişan olar.

      Halbuki təsəvvüfi kamala sahib bir mömin maddi cəhətdən qazansa da, itirsə də könül dincliyini qorumağı bilər. Çünki kamil bir mömin üçün mühüm olan pul qazanmaq və ya itirməkdən çox, pul ilə olan ilahi imtahanda itirməməkdir.

       

      ÇƏTİN ANLARDA SIĞINACAQ DƏRGAHLARDI

      Tarix boyunca təsəvvüf həm iqtisadi və ictimai rahatlıq zamanlarında ehtişama meyil edərək azğınlıqlara mane olmuş, mənəvi saflığı davam etdirmiş, həm də istila, işğal və zülm dolu çətin dövrlərdə böhrana düşən könüllərə mənəvi təlqinləriylə nəfəs aldırmış, yaralı ürəklərə məlhəm, yorğun beyinlərə təsəlli olmuşdur.

      Təsəvvüfi həyatın canlı olduğu zamanlarda təkyə və dərgahlar sanki bir reabilitasiya mərkəzi halına gəlmişdir. İşi gətirməyən, ailəvi çətinlikləri olan və ya öz-özlərinə həll edə bilmədikləri hər hansı bir dərdə tutulanlar təkyə və dərgahlarda dinclik tapmışlar. Necə ki, Həzrət Mövlananın: “Gəl, gəl, nə olursan ol, yenə gəl!” çağırışı da bütün insanlara, çarəsizlərə, ümidsizlərə bir qurtuluş dəvətidir.

      Bütün bunlar da tamamilə nəbəvi bir rəftardır. Necə ki, Allah Rəsulu (s.ə.s) hər hansı bir nemət və ya zəfərə nail olduqda: “Allahım! Gerçək həyat yalnız axirət həyatıdır”, -buyuraraq könüllərdə dünya meyli meydana gəlməsinin, yaxud qürur, təkəbbür və nəfsə qapılmanın yolunu bağlamışdır. Buna müqabil, hər hansı bir əziyyət və iztirabla qarşılaşdıqda da yenə: “Allahım! Gerçək həyat yalnız axirət həyatıdır”, -buyurmuş, beləcə, mömin könülləri fani çətinliklər səbəbiylə ümidsizlik, şikayət və həddindən artıq hüznə qərq olaraq riza halını zədələməkdən çəkindirmişdir. Nəticədə hər bir halda ümmətinə hüzur, sakitlik və müvazinəti qorumağın mənəvi təlimatını vermişdir.

      Yəni insanın ruhu mənəviyyatdan uzaqlaşsa, varlıqda da darlıqda da böhranlara sürüklənməkdən xilas ola bilməz. İmkanlı vaxtda insan nəfsinin cilovlanması lazımdır, darlıqda isə təsəlliyə ehtiyac var. Bu səbəblə insanın həm varlıq, həm də darlıq zamanlarında nəbəvi tərbiyə üsullarını təməl alan təsəvvüfi təlqinlərə ehtiyacı var.

      CƏMİYYƏT ÇAPINDA İSLAM YAŞANSA

      Təsəvvüfün hədəfi imanı “ehsan” kimi yüksək bir şüurun üfüqünə yüksəltməkdir. Yəni Allahı görürmüş kimi və özünü hər an və hər yerdə Onun hüzurunda hiss edərək, daim özünü ilahi kameraların nəzarəti altında bilərək yaşamaq şüurunu qazandırır. Bir çox insan özünü təkcə namazda Rəbbinin hüzurunda bilər. Halbuki Haqq-Təala -zaman və məkandan münəzzəh olmaqla birlikdə- hər vaxt və məkanda hazır və nazırdır. Zikr və müraqəbə təlimləriylə qəlbini inkişaf etdirərək bu həqiqəti daha güclü şəkildə hiss edən bir möminin həyatının hər mərhələsini, ilahi əmr və nəhylərə riayət cəhdi əhatə edər. Bu da cəmiyyət həyatında İslamın layiqincə yaşanmasının qəlbi zəminini hazırlayar…

      • Hits: 848 clicks

      Tecox component by www.teglo.info