Dünya Fani, Axirət Əbədidir / Rövşən Əhmədov

      Share

      Dünya həyatı insanların gözündə nə qədər böyük görünsə də məhduddur. Gecə nə qədər uzun olsa da səhər açılmalıdır.

       Bu bir aksiomadır: İnsan ömrü nə qədər uzun olsa da sonda mütləq qəbrə daxil olmalıdır. İnsan özünün yaşadığı həyata nəzər salsa, bu dünyada zamanın çox qısa olduğunu görər. Amma buna baxmayaraq insanların çoxu qəflət içərisindədirlər. Bunun səbəbi insanın dünyaya gəliş məqsədini unutmasıdır. Halbuki Allah (c.c) insanı yer üzünə öz xəlifəsi olaraq göndərmişdir. Elə insanlar var ki, sanki əbədi yaşayacaqmış kimi fani dünyaya sarılırlar. Bu fani dünyanın nemətləri onu Allah yolundan uzaqlaşdırır. Belə insanlar öz daxilindən gələn səsi dinləməyərək, nəfsani istəklərinə qulaq asıb hərəkət edərlər. Belələri dünyada var-dövlət hərisliyinə o qədər aludə olurlar ki, halal-haram demədən varidat sahibi olmağa can atırlar. Belə insanların qəlblərində Allah qorxusu zəiflədiyi üçün qəlbləri daş kimi şərtləşər. Diqqət etsək, yaşadığımız cəmiyyətdə laqeydlik və biganəliyin səbəbi budur. Buna görə də insan dünyasını dəyişmədən öncə axirətdə peşmançılıq çəkəcək mənzərəni yadına salmalıdır. Bəlkə bununla qəlbinin sərtliyindən uzaqlaşa bilsin. O gün ki, aləmlərin Rəbbi olan Uca Allahın qarşısında hesaba çəkiləcək, insana etdiyi bütün çirkin əməlləri xatırladılacaq, məhz həmin gün insan peşmançılıq çəkəcək, amma faydası olacaqmı?!

      İnsan axirətdə hesaba çəkiləcək günü və mənzərəni tez-tez xatırlasa, onun qəlbi həsəd, təfriqəçilik, kin, günahsız insanların qanını tökmək, terror kimi Allahın lənətlədiyi çirkin əməllərdən, paxıllıq və digər əxlaqi dəyərləri tapdalayan xislətlərdən uzaqlaşa bilər. O gün hər kəs etdiyi zülmə görə cavab verəcək. Allah təala buyurur:

      “Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik” (əl-Ənbiya, 47).

      Başqa bir ayədə də belə buyurulur: “Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin cənnətə, kafirlərin isə cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!”. (Məryəm, 39)

      Bu hər bir insana xəbərdarlıqdır ki, o gün insan hesaba çəkildiyində peşmançılıq çəkməsin və üzr diləməsin. Uca Allah qiyamət günü Adəm peyğəmbərdən ta sonuncu insana qədər hər kəsi bir yerdə toplayacaq və sorğu-suala çəkəcək. Kim Allaha iman gətirmişsə, nə xoş onun halına, onu ədəbi səadət və xoşbəxtlik gözləyir. Amma kim iman sahibi deyilsə, onu əlbəttə ki, sonu olmayan bədbəxtçilik və əbədi peşmançılıq gözləyir.

      Sevimli Peyğəmbərimiz Məhəmməd (s.ə.s) müsəlmanlara belə buyurur:“Cənazənin arxasınca üç şey: onun ailəsi, əməli və var-dövləti gedər. Bunlardan ikisi: ailəsi və var-dövləti geri qayıdır, biri: əməli isə onunla qalar”. (Buxari, 8017) Bu hədisi oxuyarkən, gerçək bir həqiqətlə üzləşirsən: sənə ancaq axirətdə saleh əməlin fayda verəcəkdir. O zülmət, qaranlıq qəbirdə səninlə yalnız etdiyin saleh əməlin baş-başa qalacaq. Ailən, var-dövlətin, günah işlərdə səninlə bərabər olan yaxınların və dostların hamısı geri qayıdacaq. Səni günah işlərə sövq edən insanlar az vaxt keçməmiş səni unudacaq. Sənə Allahı unutduran və hərisliklə topladığın mal-dövlətlə başqaları keyf edəcək. Sənə qalan isə axirətdə Uca Allah qarşısında hesaba çəkilmək olacaq. O gün həsrət çəkəcəksən, peşmançılıq içində olacaqsan. Dərk edə bilməyəcəksən ki, ömür nə tez gəlib keçdi və deyəcəksən: “hanı mənim topladığım var-dövlətim, hanı mənim o dostlarım? Heç kimsə köməyimə çata bilmir. Kaş ki, Rəbbim məni yenidən dünyaya qaytaraydı, zay etdiyim həyatımı yenidən yaşayar və yaxşı əməllər edərdim”. Amma artıq gecdir! Hər birimizə tanış olan məsəl var: “Sonrakı peşmançılıq fayda verməz”.

      Allah-Təala buyurur:

      “Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik) “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!” (əl-İsra, 13-14).

      Allahın sevimli qulu olmaq üçün insan Onu tanımaqla böyüklüyünü və qüdrətini layiqincə dərk etməli, onun buyurduğu qaydada yaşamalı, Allahın onu nə üçün bu dünyaya göndərdiyini və hansı məqsədlərə çatmalı olduğunu dərk edərək öz bacarığı səviyyəsində o məqsədlərə doğru irəliləməli, güclü iman, əqidə və əxlaq sahibi olmaqla xeyirxah işlər görməli, Allahın əmrlərini layiqincə yerinə yetirməyə can atmalı, Peyğəmbər (s.ə.s)-in  yaşayış və davranış tərzini mənimsəməlidir. 

      • Hits: 692 clicks

      Tecox component by www.teglo.info