Sual-Cavab / Anar Qurbanov

      Share

      Sual: Kimlər fitrə verməlidir?

      Cavab: Fitrənin vacibliyi üçün lazımi şərtlər bunlardır: İlk növbədə fitrə verməklə məsul olan şəxs müsəlman olmalıdır. İkinci; şərti bir şəxsin fitrə sədəqəsi ilə məsul olması üçün imkan sahibi olmalıdır. Belə ki, hənəfilərə görə fitrə sədəqəsinin vacibliyi üçün insan Ramazan bayramının birinci günü təməl ehtiyaclarından başqa nisab miqdarı mala sahib olmalıdır. Zəkat nisabından fərqli olaraq, sahib olunan malın “artan” (name) olması və üstündən bir ilin keçməsinə ehtiyac yoxdur. Təməl ehtiyaclar ev, paltar, ev əşyası, minik, silah, qulluqçu, ailənin bir illik xərcləri və borclarıdır. Nisab miqdarı iki yüz dirhəm gümüş və ya iyirmi misqal qızıl (80 qr qızıl), yaxud da bunların qiymətinə bərabər olan bir maldır. Şafei, maliki və hənbəlilərə görə isə fitrə sədəqəsinin vacibliyi üçün varlı olmaq meyarı sayılan nisaba malik olmaq şərt deyil. Təməl ehtiyaclardan başqa bayram günü və gecəsinə kifayət edəcək miqdarda azuqəyə sahib olmaq kifayətdir. Üçüncüsü; bir şəxsin özündən başqa birinin fitrə sədəqəsini verməklə məsul olması üçün, o şəxsin qəyyumu və ya ona baxmaqla məsul olmalıdır. Dördüncü şərt fitrə sədəqəsinin vaxtı məsələsidir. Belə ki, hənəfilərə görə fitrə sədəqəsi Ramazan bayramının 1-ci günü dan yerinin ağarması ilə vacib olur. Hənəfilərdən başqa üç məzhəb imamına görə, fitrə Ramazan ayının son axşamı günəşin batmasından etibarən vacib olur.  Fəqihlər fitrənin bayram günü dan yeri ağardıqdan sonra və namaz qılınmazdan əvvəl verilməsinin müstəhəb olduğunda həmrəydirlər. Qeyd etmək lazımdır ki, bir üzr səbəbilə oruc tuta bilməyən müsəlman da imkanı olduğu təqdirdə fitrədən məsuldur. Xəstə, yolçu və çox yaşlı insanlar kimi.

      Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

      Cavab: Fitrə Ramazan bayramından bir və ya iki gün əvvəl, yaxud bayram namazından əvvəl verilir. Beləcə, yoxsullar bununla bayram namazından çıxmadan əvvəl ehtiyaclarını aradan qaldırma fürsəti əldə etmiş olurlar. Bundan əlavə, fitrə Ramazan ayı başladıqdan sonra, hətta Ramazan ayı başlamadan əvvəl də verilə bilər. Lakin bayram günündən sonraya qalarsa, şəxsin boynunda borc sayılar və ilk fürsətdə verilməlidir.

      Sual: Fitrə verilmədiyi təqdirdə bayram namazı qəbuldurmu?

      Cavab: Əvvəlcə qeyd etmək lazımdır ki, fitrə sədəqəsini bayramdan sonraya saxlamaq caiz deyil. Lakin hər hansı bir üzr səbəbilə, yaxud səbəbsiz yerə verilmədiyi təqdirdə, öhdəlikdən götürülməz, mütləq verilməlidir. Bundan əlavə, fitrə sədəqəsi verilmədiyi üçün bayram namazını da tərk etmək düzgün deyildir. Məhz bu səbəbdən bayram namazı tərk olunmamalı və qılındıqdan sonra ilkin mərhələdə verilməyən fitrə sədəqəsi dərhal verilməlidir.

      Sual: Oruc tutmağa gücü çatmayanlar fidyələrini kimlərə və nələrdən verməlidirlər?

      Cavab: Quranda oruc fidyəsi ilə bağlı belə buyurulur: “Oruc tutmağa taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər” (Bəqərə, 2/184). Bu ayə belə izah edilir ki, oruc tutmağa gücü çatmayan yaşlılar və sağalma ümidi qalmayan xəstələrin tuta bilmədikləri oruc üçün fidyə verməsi vacibdir və fidyənin miqdarını da hər gün “bir kasıbı bir günlük doyurmaq”dır. Odur ki, bu kimi şəxslər rRmazan ayının əvvəlində və  ya axırında nağd pul və ya ərzaq olaraq da verə bilərlər. Bu fidyəni sağlıqlarında ödəyə bilməyiblərsə, vəfatlarından sonra ödənməsini vəsiyyət etməlidirlər. Tutula bilməyən orucların fidyəsi bir çox yoxsula verilə biləcəyi kimi, bu fidyələrin hamısı birdəfəyə, bir kasıba da verilə bilər. Bundan əlavə, qeyd edilməlidir ki, oruc fidyəsinin miqdarı fitir sədəqəsinin miqdarına bərabərdir. Belə ki, hənəfilərə görə bir yoxsulu doyuracaq qədər fidyə miqdarı buğdadan yarım “sa”, arpa, xurma və ya quru üzümdən bir “sa”dır. Bir “sa” 3, 333 kiloqrama bərabərdir. Onu da vurğulamaq lazımdır ki, dövrümüzdə bir yoxsulu bir gün ərzində doyuracaq nağd pul və ya ərzaq, cəmiyyətin sosial və iqtisadi səviyyəsi nəzərə alınaraq ən az miqdar olaraq müəyyən edilməli, bundan çox miqdar mövzusunda isə məsul şəxs öz imkanına və gəlirinə görə hərəkət etməkdə sərbəstdir.

       

      Sual: Ramazan ayında tutulmayan orucların qəzası mütləq növbəti Ramazana qədər tutulmalıdırmı?

      Cavab: Ramazan orucunun qəzasının üzr olsun və ya olmasın ömür boyu tutulması mümkündür. Lakin buna baxmayaraq, şübhəsiz ki, imkan daxilində ən tez müddətdə tutulması müstəhəbdir. Bundan başqa, şafeilərə görə, qəzaya qalan bir oruc gələn Ramazana qədər qəza edilməlidir. Əks təqdirdə bu Ramazan ayından sonra həm orucun qəzası edilməli, həm də fidyə verilməlidir. Onu da qeyd etmək lazımdır ki, fəqihlərin əksəriyyətinə görə, oruc qəzası olan şəxs vaxt darlığı, xəstəlik, yolçuluq və ya həddən artıq yaşlılıq kimi bir üzr səbəbilə orucunu qəza edə bilmədən ölərsə, bu oruc borcu onun boynundan düşmüş sayılır. Çünki bunda onun hər hansı qəbahəti yoxdur.

      Sual: Camaat arasında gəzən bir söhbət var: “İki bayram arası nikah olmaz”. Bu nə dərəcədə doğrudur?

      Cavab: İlk növbədə qeyd etmək lazımdır ki, “iki bayram arası nikah qıyıla bilməz və toy olmaz” kimi xalq arasında yayılan inanc tamamilə əsilsizdir. Çünki Hz. Aişə belə bildirmişdir: “Allahın Rəsulu mənimlə Şəvval ayında nikahlandı və toyumuz oldu” (Müslim, 4/142). Odur ki, bu anlayış həm əqlə, həm də sünnəyə ziddir. Çünki İslama görə, zamanların fəzilət baxımından üstünü olsa da, uğursuzluq sayılan heç bir vaxt və zaman kəsiyi yoxdur. Bundan başqa, bu etiqadın əsli tarixi mənbələrə görə, cahiliyyə dövründəki inancdan irəli gəlir. Belə ki, cahiliyyə ərəbləri Ramazan ayından sonra gələn Şəvval ayında heç vaxt toy etmirdilər. Çünki o dövrdə Şəvval ayında vəba xəstəliyi çıxmış və bunun nəticəsində də çox sayda insan tələf olmuşdu. Məhz bu səbəbdən bundan sonra həmin ay xalq arasında uğursuz, nəhs ay kimi yaddaşlara həkk olunmuşdu.

       

      • Hits: 771 clicks

      Tecox component by www.teglo.info