Home Arxiv 2012 № 67. İyun Üç Aylari Dərk Etmək / Nurlan Məmmədzadə


    Üç Aylari Dərk Etmək / Nurlan Məmmədzadə

    PDF faylını alÇapE-poçt

      Share

      Yaranmış bütün məxluqat bu dünyada zaman və məkanla məhdud qılınmışdır. Müəyyən zaman içində, məkan çərçivəsində yaşayırıq. Ömür yolumuz məhz bu iki ünsür ətrafında davam edir. 

      Hər kəs yaşayır, ömür sürür, saylı nəfəsləri tükədərək həyatının sonuna yaxınlaşır. İstəsək də, istəməsək də zaman gəlib keçməkdə, ömür tükənməkdədir. Zamanı saxlamağa gücümüz çatmaz, amma onu bərəkətləndirmək, səmərəli istifadə etmək bizim əlimizdədir. Ömrün bərəkəti Allaha xidmətdədir. Onun qoyduğu qanunlar çərçivəsində yaşamaqdadır.

      Keçdiyimiz zaman tunelində Haqq-Təala bizim üçün müəyyən sürprizlər var etmişdir. Heç bir istisnası olmadan hər ilin üç ayını xüsusi bərəkətləndirmişdir. Rəcəb, Şaban, Ramazan ayları bir insanın bütün ömrü boyu nail olacağı savabı hətta bundan daha artığını qazanması üçün bir vəsilədir. Hələ Ramazanda bir Qədr gecəsi var ki, min aydan daha xeyirlidir. Üç aylar Allaha daha yaxın olma ayıdır, dua və niyazların artırıldığı, ibadətdə canlanmanın yaşandığı bir mövsümdür.

      Rəcəb ayı xüsusilə Həzrət Peyğəmbərin meracıyla yada düşür. Rəcəbin 27-ci gecəsi o Uca Nəbinin zaman və məkanın fövqünə çıxaraq Rəbbi ilə görüşdüyü bir gecədir. Bu baxımdan möminin meracı sayılan namazı artırmalı, səcdələri çoxaltmalıyıq. Allahın hüzurunda durarkən ehsan duyğusunu yaxalamağa cəhd göstərməliyik. Onu görürmüş kimi, sanki meracda Rəsulullahla bərabərmiş kimi... Zamandan və məkandan sıyrılaraq, hər şeyi arxada qoyaraq Allaha sarı qaçmaq...

      Digər tərəfdən Hz. Peyğəmbərin Rəcəb ayında nafilə orucları artırdığını da müşahidə edirik. Əshabi-kiramın dediyinə görə Allah Rəsulu bəzən Rəcəb ayında o qədər oruclu olardı ki, ayın hər günündə oruc tutacağını zənn edərdilər. Çünki oruc nəfs əngəlini aşmaq üçün ən gözəl vasitələrdən biridir. Aclıqla bədənin istəklərinə dur deyib mənəvi ab-havanın hakim olması insanı Allaha yaxınlaşdırır. Bu da merac ayında Ona yüksəlmənin başqa bir vasitəsi olmalıdır bizim üçün.

      Şaban bəraət ayıdır. Günahlara tövbə və istiğfar, pisliklərdən təmizlənmə, bəraət qazanma ayı. Cənnətə girməyə, camalullaha yaxınlaşmağa mane olan nə varsa hamısından sıyrılma, təmizlənmə və paklanma ayıdır Şaban. Ömrün təmizlənməsi, Ramazana hazırlıq ayıdır. Yazı taxtasındakı cızma-qaraları silərək yeni və faydalı şeylər yazarlar. Şaban da bir növ elədir. Əməl dəftərimizdəki “mənfi”ləri istiğfar silgisiylə silmə, günah cızma-qarasından görünməz hala gəlmiş səhifələri tövbə ilə ağartma, yeni yazılar üçün hazırlama ayıdır. Çünki qarşıdan rəhməti-Rəhmanın bol-bol təcəlli edəcəyi Ramazani-Şərif gəlir. Ona istənilən formada qovuşmaq və lazımi qidaları təmin etmək üçün paklanmaq şərtdir. Bu baxımdan ömür yolunda qarşımıza çıxan Şaban ayı paklanma dayanacağımız olmalıdır. Çünki bu ayda Həzrət Peyğəmbərin buyurduğu kimi elə bir gecə var ki, Uca Yaradan Bəni-Kəlb qəbiləsinin qoyunlarının tükü qədər insanı cəhənnəmdən azad edər.[1]

      Ramazan insanlara hidayət yolunu göstrən Qurani-Kərimin nazil olduğu bir aydır. Bütün hazırlıqlar tamamlandıqdan sonra mənəvi atmosferin daha da hakim olduğu Ramazani-Şərif qapımızı döyür. Əvvəli rəhmət, ortası məğfirət, sonu cəhənnəmdən qurtuluşdur. Ramazan orucla dünyadan uzaqlaşıb Quranla Rəhmana yönəldiyimiz ay olmalıdır. Hidayət rəhbərimiz bu ayda nazil olmudur çünki. Quran mərkəzli yaşamağı öyrənmə mövsümü olmalıdır Ramazanlar. Oxuyarkən sanki yeni nazil olurmuş kimi özümüzü ayələrin məhək daşına vurmalıyıq. Kimliyimizi, əməllərimizi, həyatımızı sorğu-sual etməliyik. Yalnız mədəmizə deyil, bütün əzalarımıza oruc tutdurmalı, bütünlüklə Haqqa təslimiyyət şüurunda olmalıyıq. Yenidən Quranla yoğrulub sanki təzədən doğulmalıyıq həyata. Anadan günahsız doğulan uşaqlar kimi, hətta əməl dəftərimizdə savabların çoxluğu ilə. Çünki elə buyurmuşdur buyuran: “Ramazana yetişdiyi halda günahları bağışlanmayanın burnu yerlə sürtülsün”.[2]

      Üç aylar haqda böyük Allah dostları belə buyurmuşlar:

      Rəcəb əza və cəfanı tərk etmək üçün, Şaban əməl və vəfa üçün, Ramazan sidq və səfa üçündür.

      Rəcəb tövbə və peşmanlıq ayı, Şaban məhəbbət ayı, Ramazan qürbət (Allaha yaxınlaşma) ayıdır.

      Rəcəb ehtiram, Şaban xidmət, Ramazan nemət ayıdır.

      Rəcəb ibadət ayı, Şaban dünyanın səfasını tərk etmə ayı, Ramazan ibadətlərin mükafatını artıran aydır.

      Böyük Haqq dostu Zünnun Misri də belə demişdir:

      “Rəcəb əkin ayıdır, Şaban sulama. Ramazansa biçim mövsümüdür. Kim nə əkərsə, onu biçər, nə edərsə qarşılığını görər. Bir adam əkinə laqeyd qalarsa, biçim vaxtı heç nə əkmədiyi üçün peşman olar. Qiyamət günündə isə pis vəziyyətə düşər.”

      Üç ayları bu gözlə görməli, bu cür dərk etməliyik. Beləliklə həyatımızı daha bərəkətli hala gətirməliyik. Çünki bu dünyada bir dəfə yaşayırıq və hər keçən an ömürdən gedir.


      [1] Buxari, ət Tərğib vət Tərhib, II,118     

      [2] (Tirmizi, Dəavat 110, (3539)

       

      • Hits: 847 clicks

      Tecox component by www.teglo.info