Balıq satan qoca / Eldar Kərimov

    PDF faylını alÇapE-poçt

      Share

       

      Yay fəsli özünü vaxtından əvvəl göstərmişdi. Havalar ilk gündən daha çox isinməyə başlamışdı. Ətrafındakı dost-tanışlar və bazar yoldaşları isti paltarlarıyla çoxdan vidalaşmışdılar.

      Küçələrdə insanlar yarılüt, üryan gəzişirdilər. O isə hələ özündə cəsarət tapıb başındakı yun yaylığı, ipək yaylıqla əvəzləyə bilmirdi. Düşünürdü ki, insanlar onu lağa qoyub güləcəklər. Ayağındakı rezin çəkmələr bədəninin hərarəti daha da artırırdı. Yaşı xeyli irəlilədiyi üçün geyiminə bir o qədər də fikir vermirdi. Evdəki uşaqları da -geyiminə fikir ver- dedikləri zaman -bu gündən sonra məni kim bəyənəcək- deyib işi zarafata salırdı. Bir neçə il əvvəl həyat yoldaşı haqqın rəhmətinə qovuşmuşdu. Böyük bir ailənin yükünü öz çiyinlərində daşımaq onun taleyinə çevrilmişdi. Əlindəki böyük zənbil hər gün birlikdə olduğu ən sadiq dostu idi. Ailəsinin ruzisini o sehirli zənbilin içindəki quru balıq və yumurtaları sataraq qazanırdı. Hər gün evə getdiyi zaman balaca nəvəsi; -nənə, səndən balıq iyi gəlir- deyib yaxın durmurdu. Nəvəsinin ondan qaçmaması üçün ətirli sabunlar alıb onlarla yuyunurdu. Ancaq bütün bunlara baxmayaraq, balıq iyi ondan əl çəkmirdi ki, çəkmirdi.

      Yenə adi günlərdən bir gün idi. Rayondakı müştərisi satmaq üçün bir neçə kilo balıq və bir neçə yumurta göndərmişdi. Səhərin alaqaranlığında malları gətirən avtobusun qabağına çxmışdı. Axşamdan sürücünün adını və avtobusun nömrəsini yazdığı kağızı əlində bərk-bərk sıxıb saxlamışdı. Avtovağzalın içərisində gəzişən vəzifəlilərdən başqa heç kim yox idi. Sadəcə taksi sürücüləri tək-tük görünməyə başlayırdılar. Hava yavaş-yavaş aydınlanırdı. Bir müddət intizardan sonra uzaqdan bir avtobus göründü. Qoca avtobusun nömrəsini əlindəki kağızda yazılan nömrəylə tutuşdurduqdan sonra yeyin addımlarla sürücüyə yaxınlaşdı. Yorğunluğu hərəkətlərindən bəlli olan sürücü yük baqajından sərnişinlərin ağır çantalarını çıxarıb sahiblərinə verirdi. Sürücü qocanı uzaqdan görüb təbəssüm etdi. Demək olar ki, hər gün gördüyü bu zəhmətkeş qocanı tanımışdı -yenə səhərin gözü açılmamış buraları kəsdirib durmusan, balıqlarının iyi də bütün avtobusu bürüyüb.- deyərək, qocaya ərkyana zarafat etməyə başladı. Qoca da heç keyfini pozmadan –neyniyim, çörəyim ondan çıxır - deyib, baqajdan balıq zənbilini və yumurta vedrəsini götürdü. Belini çətinliklə dikəldib şəhər avtobuslarına tərəf yön aldı. Yenə həmişəki kimi avtobusa minmək istəmirdi. Ailənin şəxsi maşını olmaması işini çətinləşdirirdi. 

      Səhər tezdən insanların işə və dərsə getdiyi bir vaxtda avtobusun içərisindəki sıxlığı fikirləşdi. Axı o avtobusa minər-minməz hər kəs ondan uzaq durur və dodaqlarının altından ona baxıb nə isə deyir, üzlərini turşudurdular. Bu vəziyyət onunçün nə qədər çətin olsa da avtobusa minmək məcburiyyətində idi. Bir günlük qazancını taksiyə verib getməyə imkanı yox idi. Özünə toxtaqlıq verib, -həmişə necə, bu gün də elə- deyərək qədəmlərini avtobusun pilləsinə qoydu. Adət etdiyi mənzərə ilə yenidən qarşılaşacağının fərqində idi. Başını qaldırıb insanların üzünə belə baxmırdı. Amma yanındakı adamların burunlarını əlləri ilə tutmalarını hiss edir və dodaqlarının altında bu nə iydir dediklərini eşidirdi. Bazara çatmağa hələ yarım saatlıq yol vardı. Havanın isti olması  balıq iyinin ətrafa yayılmasına münbit şərait yaratmışdı. Qoca əlindəki balıq zənbilinin və yumurta vedrəsinin ağır olmasına baxmayaraq utandığından onları yerə də qoymamışdı. Balıq iyi avtobusun içərisinə tamamilə yayılmışdı. Sərnişinlər iradlarını açıq şəkildə bildirməyə və  belə sərnişinləri avtobusa mindirdiyi üçün sürücünü danlamağa başlamışdılar. Qoca isə utandığından başını qaldırıb ətrafa baxmırdı. Onun yaşadığı həyatın çətinliklərini başa düşməyən insanlarla mübahisə etməyə dəyməzdi. Elə bu fikirlərlə özünə təskinlik verirdi ki, bir əlinin yüngülləşdiyini hiss etdi. Yaraşıqlı gənc bir oğlan yanındakı qızın yanından ayrılıb qocanın əlindəki zənbildən tutumuşdu. Qocanın üzünə təbəssüm edib, ondan öz yerində əyləşməsini istəyirdi. Qoca bu vəziyyətə çox təsirlənmişdi. Gənc oğlanın oturduğu yerə yaxınlaşırdı ki, tanış bir sima diqqətini çəkdi. Qoca gözlərinə inanmamışdı. Başını qaldırıb bir daha baxdığı zaman ona kömək edən oğlanın yanında oturan cavan qızın öz doğma qızı olduğunun fərqinə vardı. Qızı anasını uzaqdan görüb sevdiyi oğlanın yanında üzünü yana çevirmişdi.  Anası ona tərəf yaxınlaşdıqca üzündəki qəzəb daha da çoxalırdı. Özünü gizlədəcək yer axtarırdı. Ancaq qaçacaq yer yox idi. Anası onu görüb qızım dediyi zaman sevdiyi oğlanın yanında biabır olacaqdı.  Qoca işin nə yerdə olduğunu çoxdan başa düşmüşdü. Özünü o yerə qoymadan oğlanın qalxdığı boş oturacaqda, qızının yanında oturdu. Sanki qızını heç tanımırdı. Üzünü oğlan tərəfə çevirib, təşəkkür etdi və dua etməyə başladı. Oğlan qocanın sözləri qurtarar-qurtarmaz -dəyməz anacan bu bizim borcumuzdur. Mənim də anam sizin kimi zəhmətkeş bir qadındır. O da hər gün balıq sataraq məni universitetdə oxudur. Sizin balıqların iyi başqalarına xoş gəlməsə də mənə çox doğmadır. -dedi. Doğma anasının və sevdiyi oğlanın bu səmimi  söhbəti  qızın qəlbindəki peşmanlıq hisslərini oyatmışdı. Gözlərində gilələnib yanağından süzülən yaşlar ovuclarına tökülürdü. Qəfildən qocanı qucaqlayıb  bərkdən “ana” deməsi bütün avtobusdakı insanları təəcbləndirmişdi. Oğlan da sevgilisinin bu hərəkətinə məəttəl qalmışdı. Elə bu vaxt, ana qırış düşmüş əlləriylə qızının göz yaşlarını silib “Mən səninlə fəxr edirəm, sən də mənimlə utanma qızım! utanma!” -deyirdi. 

      • Hits: 935 clicks

      Tecox component by www.teglo.info