Borc alıb-vermək / Müşfiq Xəlilov

    PDF faylını alÇapE-poçt

      Share

       

      Uca Allah bütün insanları bir-birlərinə möhtac olaraq yaratmışdır. Malı, mülkü, vəzifəsi və rütbəsi nə olursa olsun, hər insan başqasına möhtacdır. Bu baxımdan sıxıntı içərisində olan bir müsəlmanın sıxıntısının ortadan qalxması üçün imkanlı bir kimsədən borc alması təbii haldır.

       Elə isə gəlin görək borc haqqında İslamın görüşü necədir? Hər mövzuda söz söyləyən İslam dini təbii ki, borc alıb-vermək haqqında da bəhs etmişdir. Məsələn, Uca Allah bir ayədə belə buyurur: “Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinizə borc verib aldıqda, onu yazın! Bunu (bu sənədi) aranızda bir nəfər katib ədalətlə yazsın!”[1] Ayədən də başa düşüldüyü kimi birisinə borc verdiyimiz zaman, daha sonra bir problem çıxmaması üçün yazmağımız məsləhətdir.  İnsan oğlu unutqan varlıqdır. Yaşımızdan asılı olmayaraq bəzən keçmişdə baş vermiş bir hadisəni unudur və ya qarışdıra bilirik. Bu səbəblə yazmağa ehtiyac yoxdur, yadımdan çıxmaz kimi ifadələrlə özümüzü arxayın etməyək.  Borcları yazaq və şahid tutaq.

      Bir möminin, çətinlik içərisində olan bir mömin qardaşına borc verməsinə Qurani-Kərimdə qərzi-həsənə deyilir. Belə ki, Uca Allah bu barədə buyurur:

      “Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, (Allah da) onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada gördüyünüz işlərin əvəzini almaq üçün) Onun hüzuruna qaytarılacaqsınız.”[2]

      “Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, O da onun əvəzini qat-qat (birə on, yaxud birə yeddi yüz) artırsın?! Onu həm də çox qiymətli bir mükafat (Cənnət) gözləyir!”[3]

      Bu ayələrdən də başa düşüldüyü kimi darda qalan, sıxıntı içərisində olan kimsələrə Allah rizası üçün borc vermək, onların problemini həll etmək böyük savabdır. Cənnətə getməyə vasitə olan bir əməldir. Ancaq  bütün bunlarla bərabər borc alan kəs də borcunu geri qaytarma xüsusunda diqqətli olmalıdır. Borcunu geri qaytarmağa imkanı olduğu halda qaytarmayan və ya gecikdirənlər haqqında Peyğəmbərimizin (s.ə.s)  bir çox hədisi-şərifi vardır. Onlardan bəziləri belədir: “(Borclunun) borcunu qaytarmağa imkanı olduğu halda üzrsüz olaraq borcunu gecikdirməsi zülmdür”[4] Yəni bu hərəkəti ilə o, həm borc verənə maddi olaraq zülm etmiş olur, həm də  özünə zülm etmiş olur. Belə ki, bu əməli ilə həmin adam oğurluq etmiş kimi günah qazanır. Necə ki, başqa bir hədisi-şərifdə Rəsulullah (s.ə.s) buyurur.  “Kim (daha sonra) geri qaytarmamaq niyyətiylə borca girərsə , Allahın hüzuruna oğru olaraq çıxar.”[5]

       Borcun ödənməsi mövzusu o qədər əhəmiyyətlidir ki, Peyğəmbərimiz (s.ə.s) borcu olan birinin cənazəsi gətirildikdə onun cənazə namazını qılmaz, ancaq bir adam onun borclarını ödəməyi üzərinə alarsa o zaman namazını qılardı.[6]

      Borc verən kəslər aşağıdakı bu maddələrə  diqqət etməlidirlər. 

      1. Borc verən adam borcu sırf Allah rizası üçün, mömin qardaşının çəətinliyini aradan qaldırmaq niyyəti ilə verməlidir.

      2. Borc verən adam borclunu çox sıxışdırmamalıdır. Əgər borclu həqiqəqtən borcunu geri qaytara bilmirsə, ona möhlət verməlidir.

      3. Borc verən varlı, borc alan isə kasıbdırsa və borcunu ödəmə imkanı yoxdursa borc verənin alacağını sədəqə yerinə sayması çox yaxşı olar. Ayədə buyurulur:

      “Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!”[7]

      4.  Borc verən borclunu incitməməlidir. Borcunu başa qaxmamalıdır.

      Borc alan kimsənin diqqət edəcəyi xüsuslar isə bunlardır:

      1. Çox zəruri olmadıqca borca girməməlidr.

      2. Ancaq zəruri ehtiyaclar üçün borc almalıdır.

      3. Aldığı borc pulu lüks və israf sayılacaq işlərdə sərf etməməlidir. 

      4. Aldığı borcu geri qaytarmaq üçün işləməli, tənbəllik etməməlidir.

      5. Borcunu gecikdirməməlidir. İmkan varsa, dərhal verməlidir.

      Həzrət Peyğəmbər bir hədisi-şərifində buyurur: “Kim geri qaytarmaq niyyətiylə insanlardan borc mal alarsa,  Allah o borcun ödənməsinə yardımçı olar. Kim geri qaytarmamaq niyyətiylə insanlardan borc mal alarsa,  Allah da onun aldığını məhv edər.”[8]


      [1] Bəqərə, 282.

      [2] Bəqərə, 245.

      [3] Hədid, 11.

      [4] Buxari, Müslim, R.S. Tərc. C. 3, səh. 181, № 1642.

      [5] İbn Hıbban, Kütüb-i Sittə, (Hədis Ens.) C. 17, səh, 296, №: 749.

      [6] Tirmizi, Cənaiz, 68.

      [7] Bəqərə, 280.

      [8] Buxari, İstiqraz, 2. 

       

       

      • Hits: 1164 clicks

      Tecox component by www.teglo.info