Allahın əzabı / Mübariz Əlioğlu

    PDF faylını alÇapE-poçt

      Share

       

      Uca Allah Qurani-Kərimdə belə buyurur:

      “(Ya Rəsulum) Kaş, Sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura – “Dadın atəşin əzabını! – deyib canlarını alanda görəydin.” (əl-Ənfal, 50)

      Yaşadığımız dünya həyatının qanunauyğun axarı bizləri hər an öncədən qərarlaşdırılmış sonluğa aparmaqdır. Dünyəvi sonluğun davamından qəbir həyatı və onu da əvəzləyəcək olan qiyamət meydanı məxluqatın haqlarının alış-veriş məkanı kimi bütün heybəti ilə bizləri gözləməkdədir. Axirət aləminin mürəkkəbliyini bir an olsun unutmamaq və dünyəvi cazibəyə məğlub olmamaq məqsədilə Hz. Ömərin sərgilədiyi davranış qəbir və axirət aləmlərinin yaxınlığını varlığımızda hiss etdirəcək dərəcədədir: Xəlifəlik fəaliyyətinə başlayan Hz. Ömər öz vəsaiti hesabına bir adam tutmuşdu. Bu adamın işi günün müəyyən saatlarında Hz. Ömərin yanına gələrək ona: - Ya Ömər! Allahdan qorx, ölüm var! – deməkdən ibarət idi. Bir gün Hz. Ömər aynaya baxarkən saç və saqqalının ağardığını gördü və həmin adamı çağıraraq ona bunları söylədi: - Aynada gördüyüm ağarmış olan saç və saqqalım mənə ölüm xəbərçisi olaraq yetər. Sən mənə ölümü müəyyən saatlarda xatırladırdın, bunlar isə hər zaman xatırladır.”

      Əslində, gecənin gündüzlə əvəzlənməsi, fəsillərin dəyişməsi, nəsillərin bir-birini əvəz etməsi və bir çox örnəklərlə bol olan dünya həyatı bizə Allah tərəfindən endirilməsində heç bir şəkk-şübhə olmayan kitabımızda bəhs edilən hadisələrin növbə ilə insanlıq tərəfindən yaşanacağını bildirir. Ölümdən sonrakı həyatın puç olması xəyalları isə müvəqqəti dövranını sürdürən insan övladlarının axirət aləmindən dünyanı dəyərləndirmələri nə qədər də təəccüblüdür. Artıq ilahi cəzanın şiddətindən qurtulmaq üçün indi də az qala dünyanı inkar etmələri insanları bu dünyada haqqa yönəlməyə vadar edəcək misilsiz bir örnəkdir:

      “Qiyamət qopacağı gün (saat) günahkarlar (qəbirlərində və dünyada) bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar (axirətdə belə yalan danışdıqları kimi, dünyada da batilə uyub haqdan) belə döndərilirdilər (yoldan çıxardılırdılar).” (ər-Rum, 55)

      Adəm övladının mənliyində gedən dünya və axirət qarşıdurmasının axirətin lehinə həll edilməsi məsələsi Quran ayələrində tam təfsilatı ilə verilməkdədir. Bütün insanlığa ünvanlanmış bu şərəfli məktubun sətirlərini qəlblərdə möhkəmlətmək üçün Məhəmməd əeyhissəlamın xidmətlərindən faydalanmaq yalnız onları ən gözəl şəkildə yaşamaq və yaşatmaqla mümkündür. Uca Allah Rəsulunun dili ilə bunları belə açıqlayır:

      “Əlif, Lam, Ra! Bu, ayələri hikmət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən təsbit olunmuş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki, Siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən (Cəhənnəmlə) qorxudan və (Cənnətlə) müjdələyənəm.” (Hud, 1-2)

      İlahi əzabın şəkli və şiddəti gəlməsində heç bir şübhə olmayan Qiyamət günündə bütün gücü ilə nümayiş ediləcəyi, səhabə nəslini bir an olsun belə təhdiddən uzaq qalmamağa çağırırdı. Rəbbimizin dünya həyatında yaratdığı bir çox örnəkləri Quran ayələrinin hökmləri ilə birləşdirən səhabə toplumu axirət səhnələrini sanki baş vermiş hadisə kimi yaşamaqda və o günün şiddətindən çəkinmək üçün bütün qeyrətlərini Allaha həqiqi qulluq amalı üzərində toplamaqla məşğul idilər. Hətta ilahi əzabın dünyadakı örnəyi olan atəşin belə cəhənnəmin şiddətindən sığınması səhabə qəlbini titrədən məqamlardan biri idi. Bu haqda Rəsulullah belə buyurur:

      “Dünyadakı bu atəşinizin istiliyi cəhənnəm atəşinin istiliyinin yetmişdə biri qədərdi. Əgər o atəş su ilə iki dəfə yuyulmasaydı ondan faydalana bilməzdiniz. Dunya atəşi cəhənnəmə qayıtmamaq üçün Allaha dua edir.” (Əbu Davud)

      Kab (r.a) bunları söyləmişdi: Bir gün Hz. Ömərin yanında idim. Mənə yönələrək dedi ki: Ey Kab! Bizi cəhənnəm əzabından qorxut. Dedim ki: “Ey Əmirəl möminin! Qiyamət günü Cəhənnəm elə bir nərə çəkər ki, diz üstə səcdəyə getməyən nə bir müqərrəb mələk, nə də peyğəmbər qalar. Hətta İbrahim Xəlil əleyhissalam “nəfsi, nəfsi - mən, mən” - deyəcəkdir.” Hz. Ömər başını düşüncəli şəkildə önünə əydi. Dedim ki: Ey Əmirəl möminin! Siz bunu Allahın kitabında görmüsünüzmü? Hz. Ömər – Necə? – deyə soruşdu. Dedim ki: Allah-Təala belə buyurur: “O gün (qiyamət günü) hər kəs öz canının hayında olar, hər kəsə əməlinin əvəzi (cəzası) verilər və onlara heç bir haqsızlıq edilməz!” (ən-Nəhl, 111)

      Əzabı həmişəlik və şiddətli olan cəhənnəm mövzusuna səhabə toplumunun bu qədər önəm verməsi və dönə-dönə, qətiyyətlə “özünüzü cəhənnəm əzabından qoruyun” şəklində səslənən peyğəmbər xəbərdarlığına sarılmaları örnək olaraq hamımıza yetəcək ölçüdədir. Lakin ilahi xəbərdarlığa və gözlərimiz önündə canlanan səhabə qətiyyətinə önəmsiz yanaşma tərzi Adəm övladlarını son nəticədə Quran sətirlərində verilən şiddət səhnələri ilə canlı formada qarşılaşmaq məcburiyyətində qoyacaq.

      Qiyamət rüsvayçılığını önləyəcək səmimi bir qulluq məsuliyyətinə sarılmağı və “Allahım! Qəzəbindən rızana, cəzandan əfvinə sığınıram. Səndən Sənə sığınıram. Sənin şanına ediləcək tərifləri bir-bir saysam bitirə bilmərəm. Sən özünü necə tərif etdinsə, eləsən!”,[1] -deyərək Rəbbimizə səslənən Rəsulullahın dua ruhaniyyətinə yönəlməyi Uca Rəbbimizdən acizanə yalvarışlarımızla niyaz edərək əzabından rəhmətinə sığınırıq.

       


      [1] (Müslim, Salət 221)

       

      • Hits: 785 clicks

      Tecox component by www.teglo.info