Hikmət Lövhələri / Kamran Məmmədov

    PDF faylını alÇapE-poçt

      Share

      Axmağın ölümdən qaçması

      Bir səhər axmağın biri Süleyman Peyğəmbərin qapısını kəsdirdi.

      Süleyman  peyğəmbər soruşdu:
      - Nə istəyirsən, ey Allahın bəndəsi?

      Axmaq dedi:
      - Bu gecə Əzrayıl başımın üstünü kəsdirmişdi, düz gözümün içinə baxırdı!
      - De görüm, məndən nə umursan?
      - Ey böyük padşah, küləyə əmr et məni götürüb Hindistana aparsın ki, Əzrayılın gözündən yayına bilim!
      Süleyman padşahın əmriylə külək axmağı qanadına alıb bir göz qırpımında Hindistana atdı.
      Bir müddət sonra Süleyman Peyğəmbər bir yerdə Əzrayıla rast gəlib soruşdu:
      - Ey Allahın buyruqçusu, o bədbəxti evindən-eşiyindən ayırıb qərib çöllərə salmaq üçünmü gözünün içinə baxmışdın?
      Ölüm mələyi dedi:
      - Allah mənə o axmağın ruhunu Hindistan çöllərindən götürüb cəhənnəmə atmağı buyurmuşdu. Mən də günahkarın burada olduğunu görüb mat qalmışdım. Ancaq o, bir göz qırpımında oralara uçdu, mən də Allahın əmrini yerinə yetirdim.

      Kaş, biz də hara qaçdığımızı, kimdən qaçdığımızı düşünək. Özümüzdən qaçmağa gücümüz çatmaz. Allahın əmrindən qaçmaq ehtimalı isə bundan da azdı.

       

      Yeyən kimdi, yeyilən kim...

      Quş bir soxulcan tapıb dimdiyinə vurdu. Pişiksə sakitcə quşu pusurdu. Və quş bu fani dünyada yedi də, yeyildi də...
      Sən demə, dünyada yeyənlə yeyilənin elə bir fərqi yoxmuş.

       

      Əmirin atı

      Birisi əmirdən at istədi:
      - Ya əmir, evim çox uzaqdadır, nə olar, bir at ver, minib gedim.

      Əmir dedi:
      - At istəyirsən? Odur bax, o çal atı min, get.

      At istəyən yalvardı:
      - Hansını verirsən ver, ancaq bu at olmasın, ya əmir. Bu at heç yorğa yerimir. Həm də gedəndə dal-dala yeriyir!..
      Əmir dedi:
      - Nə olar ki, sən də atın arxasını öz evinə sarı çevirərsən. Tamah və ehtiras səltənətində onsuz da hər kəs dal-dala yeriyir.

       

      Alın yazısı

      Bir oğru hasardan aşıb özgənin bağına girdi, acgözlüklə meyvələrin canına döşəndi. Bağ sahibi bunu görüb dedi:
      - Oğru lələ, gözümün qabağında arsız-arsız bağımı talan eləyirsən, ancaq utanıb-qızarmaq, ya daizin istəmək heç ağlına da gəlmir. Məndən qorxmursansa, heç olmasa Allahdan qorx!

      Oğru dedi:
      - Mənim nə günahım var? Mən Allahın quluyam. Bu meyvələri bizə Allah verib. Mənim bura gəlməyim də ancaq Allahın işidir.
      Bağ sahibi dedi:
      - Nə deyirəm, ola bilər ki, sən haqlısan. Əgər dünyada hər işi Allahın adına yazmaq olarsa, onda mən Allahın qəzəbinin icraçısı kimi səni - Allahın günahkar bəndəsini Allahın ağacına bağlayacağam!
      Bağ sahibi dediyi kimi də elədi, sonra da bir ağac götürüb döşəndi oğrunun canına. Oğru qışqırmağa başladı:
      - Aman, neyləyirsən, əl saxla! Heç nəyin üstündə Allahın yaratdığına əl qaldırıb özünü günaha batırma!
      Bağ sahibi də belə dedi:
      - Bu dərsi mən səndən aldım, oğru lələ. Burda sənin məntiqindən fərqli nə var ki? Bir Allah bəndəsi Allahın ağacıyla başqa bir Allah bəndəsini döyür. Mənim qəzəbim də, əllərim də, sənin cəmdəyin də, bu ağac da - hamısı Allahındır!

       

      • Hits: 840 clicks

      Tecox component by www.teglo.info