155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Həqiqətin Nağili / Eldar Kərimov

      Share

      Bu gün tam başqa bir gündür elə bil. Bəlkə də başqa dediyimiz gün elə hər gün adi yaşadığımız gündür.  Bu gün son olmalıydı. Ruhsuz və həvəssiz bədənlər bu saat öləcəkmiş kimi gəzirdi küçələrdə.

       Hər kəsin üzündə qəzəbə bürünmüş kədər canlanırdı. Partlamağa hazır dinamitlər kimi. Bəli,  bulanıq bir gün. Göy üzü nə gecə kimidir, nə də gündüz. Yağış yağmaq istəyərkən günəş doğur səmanın dərinliyindən. Günün günorta çağı ay hələ asılı qalıb göyün üzündən. Ulduzlar ölüvay bir iz buraxaraq axıb gediblər qaranlıq dəhlizlərə.

      Təbiət üzünü turşudurdu insanlara. Bəlkə insanların düşdüyü vəziyyətə istehza ilə gülürdü. Sanki özbaşına buraxılıb dünya. Sanki hər şey bir xaos öncəsini xatırladır. Küçələr çirkli, ətrafdakılar sanki bir ət yığını. Sevgiyə dair hər şey kapitala qurban edilmiş halda. Allahsızlıq və əxlaqsızlıq boğazımda qəhərə dönür sanki. Beynimdə qan laxtalanır düşüncəsizlikdən.

      Dünyanın üzündə qırışlar meydana gəlib o vaxtdan bu yana. Deyəsən, dünya qocalıb, deyirəm. Deyəsən qiyamətə lap az qalıb, lap üç dörd şəfəq. Getdiyimiz yol da bizi ora aparır onsuz da. Nə gediləcək başqa yol, nə də tutulacaq başqa bir istiqamət var. Getdiyimiz və gedəcəyimiz yol bizi bir ünvana çatdıracaqdır. O ünvan bizim zənn etdiyimiz qədər çox uzaqda deyil. Sadəcə biz o ünvana dolayı yollarla gedirik.

      Yağan yağışlar da yuya bilmir bu dünyanın kirini. Ey dünya, səndəki bu kiri təmizləyəcək qədər suyum yoxdur mənim də. Suyumla mən sadəcə “öz”ümü arındıra bilərəm özümdən. Bir qurtum içməyə belə qıymaram su qabımdan. Heç zaman yığa bilmədim mənə aid olmayanı. İki daşım olmadı üst-üstə qoymaq üçün. Tikəmi böldüm yedim. Və insanlığımı bölüşdürdüm insanlıq üçün. Qalalar ucaldıb tanrıya nərdivanla çatmağa niyyətlənənlərə güldüm sadəcə. Min qat yuxarı çıxsanız da, girəcəyiniz yer kiçik bir məzar deyilmi? – dedim.

      Artıq təbii bir dünyanın deyil, virtual aləmin insanlarıyıq biz. Ekrana və monitora indekslədiyimiz həyatımızın hansı tərəfi mərhəmət, hansı tərəfi sevgidir? Və mübarizə dediyimiz şey klaviaturada yeni təhqir simvolları icad etməkdirmi? Eyni binada bir qonşusu olmayanla “Facebook”da 3 min dostu olanı necə müqaisə etmək olar.

      Ətrafımızda fərqli libas və imiclərdə dolaşan, milli və mənəvi dəyərlərə ağız əyən, əlinə gül tikanı batmayan bir nəsil yetişməkdədir. Südü içib inəyi yalnız “Farmville” (virtual internet oyunu) də görən uşaqlar böyüyür evlərimizdə. Bülbülü tanımayan, məktuba yaşlayıb marka yapışdırmayan bir nəsil.

      Hiss etdirmədən sevgiyə və insana aid olan hər nə varsa əlimizdən alırlar. Hamımız modern çağın kompyuter icadına şərtlənmiş bir "androidə" çevrilirik. Bir tapınma şəkli formalaşdırırıq özümüzə, özümüzdən xəbərsiz. Özümüzün şəxsiyyətindən ağızdolusu danışırıq ancaq kimin şəxsiyyətini təqlid etdiyimizdən xəbərimiz belə yoxdur.

      Kütləyə istədiyin şeyi qəbul etdirməyin ən asan yolu imiş internet. Sevgilisinə “facebook”dan çiçəklər yollayan gənclik sevgini də "PC" (personal kompyuter) romantizmi sanaraq sədaqəti başqa qızları dost listəsinə salmamaqda görəcək.

      Bölüşməyi internet dostlarının səhifəsinə başqalarının da baxmasına məsləhət görməklə, ədaləti heç kimin səhifəsindən plagiat etməməklə anlayacaqlar.

      Ağaca çıxmamış, eşşək minməmiş, inəkdən süd sağmamış, “qaloş”ları palçığa batmamış, başqasının bağçasından alma oğrulayıb sonra halallıq istəməmiş yeniyetmələrdir ətrafımızdakılar. Sərçədən qorxan, qaranlıqda yata bilməyən uşaqlar.

      …İctimai bir böhranın içərisindəyik hər birimiz. “Yer üzü müharibəsi”ndə məğlub olmuşuq, lakin bu məğlubiyyətimizdən belə xəbərsizik. Dünyanın gedişatı xeyrə görsənmir.

      Hörmətli oxucular! Uşaqlıqda nənələrimizin bizə danışdıqları nağılların başlığını hər birimiz çox yaxşı xatırlayırıq. “Bir vardı, bir yox”. Bu ifadə bizlərə danışılan nağılların başlanğıcında ona görə deyilirdi ki, danışılan hadisə qeyri real olmasına baxmayaraq dinləyicinin diqqətini cəlb etsin. Elə bir zəmanəyə gəlmişik ki, indiki müasir nəsil nəinki nağıllardan danışanda hətta bir neçə il bundan qabaq baş verən hadisələri də “biri vardı, bir yox” ifadəsilə başlayırlar. Çünki onlar elə bir həyat şəraitində yaşayırlar ki, bir neçə il bundan qabaq baş verən hadisələri eşitdikləri zaman, nağıl olaraq qiymətləndirirlər. Nağılların həqiqətə çevrilməsi, həqiqətin nağıllara çevrilməməsi ümidilə...

       

      • Hits: 1039 clicks

      Tecox component by www.teglo.info