Həyat Onunla Gözəldir / Nurlan Məmmədzadə

      Share

      Allah tərəfindən haqq dinlə göndərilən bütün peyğəmbərlər öz qövmlərini Allahdan başqa ilah olmadığını qəbul etməyə çağırmış və bu düstur ətrafında birləşməyə dəvət etmişdir.

       Elə bir bir peyğəmbər yoxdur ki, qövmünü “Qulu lə iləhə illəllah və əslihu – Allahdan başqa ilah yoxdur deyin və xilas olun!” deməsin. Bunun ən gözəl nümunələrini uca kitabımız Qurani-Kərimdə görürük.

      İnsan yaşadığı dəyərlərə görə şərəf qazanır. İnandığı şeylərə görə izzət sahibi olur. Allahdan başqa ilah olmadığını qəbul edən, bu sözü lazımınca dərk edərək gərəyini yaşayışında isbat edən kəs mömindir. Yəni Allahla bərabərdir. Allahla bərabərliksə ən böyük izzətdir, şərəfdir. İzzətli Allahın buyurduqlarına tabe olaraq Onunla olmaq insanı izzət sahibi edər. Bu haqda Uca Yaradan müqəddəs kitabımızda buyurur: “...İzzət də, (qüvvət və qələbə də) yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər!” (əl-Munafiqun, 8) İslam mütəfəkkirlərindən biri belə deyir: “Mən Allahın birliyini tanımayıb, Onun önündə səcdə etməyən, lakin başqa qapılarda əyilən çox insan gördüm.” Allahın birliyini qəbul edən kəs eyni zamanda xeyrin və şərin də yalnız Ondan gəldiyini bildiyi üçün dünyəvi kiçik mənfəətlərdən ötrü başqalarına əyilməyən, əl açamayan insandır. Allaha təslimiyyətin zirvəsində olan Həzrət İbrahimin dilindən çıxanlara qualq verərək tövhidin nə demək olduğunu daha yaxşı dərk edə bilərik: “Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!” (əş-Şuara, 78-82) Bu düşüncədə olan insan kiminsə qarşısında əyilərmi, kiməsə qul olarmı? Əsla! Bu cür düşünən və hər şeyin Haqdan gəldiyinə iman edən kəs enişli-yoxuşlu həyat yollarında, qarşılaşdığı sınaqlarda ümidsizliyə düşmədən, daima Uca Mövla ilə mənəvi bərabərliyini qoruyan insandır. Belələri oda atılarkən yardımına gələn mələyə sığınmağı da tövhid həqiqətinə xələl gətirmək sayan və “Dostla dostun arasına girmə!” deyən İbrahim (ə.s) kimi Mövla yazmadıqca heç bir zərərə uğramaz. “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.” (Yunus, 63) ayeyi-cəliləsi də məhz belə mpminlərə aiddir. Kəlmeyi-tövhid insanın bu dünyada və axirətdə qurtuluşudur. Necəki, bir ölkənin, bir bölgənin sahibini tanımaq, onun qanunlarına tabe olmaq həmin yerdə insanın əmin-amanlığını təmin edən xüsusdur, kainatın sahibini tanımaq da hər şeyin sahibi olan Allahın himayəsinə girməkdir. Artıq bundan sonra bütün fanilər öz dəyərini itirmişdir.

      Kəlmeyi-tövhid eyni zamanda insanlar arasında birləşdiricilik xüsusiyyətinə malikdir. İnsanlar fitrət gərəyi hər hansı bir dəyər ətrafında birləşməyə meyillidirlər. Məsələn, bölgələrə görə yerlipərəstlik, futbol komandalarına azarkeşlik, hər hansı bir marka ətrafında birləşmək bu baxımdan verə biləcəyimiz misaldır. Bütün bu kimi birləşmələr arasında mənfi kateqoriyaya girənlər də var, müsbət sayılanlar da. Mövzumuz bu olmadığı üçün bu haqda ətraflı danışmadan məsələyə qayıdaq. İnsanı yaradan Uca Mövla onun fitri təmayüllərini də ən gözəl biləndir. Məhz buna görə də insanların ətrafında birləşəcəyi ən mükəmməl düsturu özü təyin etmişdir: Lə iləhə illəllah. Çünki burada insanlar arasında ayrı-seçkilik, irq, rəng, zənginlik, kasıblıq, milliyyət fərqi qoyulmadan bərabərhüquqluluq prinsipi var. Allah və Rəsulu insanları bu gerçəyə səsləyir. Digər tərəfdən zəmanəmizdə bəzi qardaşlarımızın qruplaşaraq bir-birinə qarşı gəldiyini, xırda fikir ayrılıqları səbəbindən araya fitnə-fəsad toxumlarının səpildiyini müşahidə edirik. Halbuki hər kəs düşünməlidir: Əgər mən də, qarşı tərəf də Lə iləhə illəllah deyiriksə, yalnız Allaha qul olduğumuzu, Onun hüzurunda eyni olduğumuzu qəbul ediriksə, bu ayrılıqlar nəyə gərək? Ölkəmizdə və dünyada yaşayan müsəlmanların yeganə qurtuluş yolu, nicat vəsiləsi yalnız bu həqiqəti dərk etməkdən keçir.

      İmanın şərtinin kəlmeyi-tövhidi söyləmək olduğunu deyirik. Allahın bir əmrini də burada diqqətlərə çatdıraraq mövzunu bitirmək istəyirəm. “Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!” (ən-Nisa, 136) Burada ilahi xitab birbaşa möminlərədir. Tövhid kəlməsini söyləyib iman edən bizlərə. Bu gün hər birimiz götür-qoy edib, öz imanımızın hansı səviyyədə olduğuna baxaq. Əgər ilah olaraq Allahı tanıdığımızı deyib, saxta ilahlar rqarşısında mənfəətimizdən ötrü əyiliriksə, hər gün evdən çıxmadan günün ulduz falına baxıb işlərimizi ona görə planlaşdırırıqsa, ibadətimizə riya qarışırsa, Allah üçün etdiyimizi deyib, yaxşılıq etdiyimiz insandan təşəkkür görmədikdə arxsınca danışırıqsa, deməli imanın, tövhidin həqiqətindən bixəbərik.  

         

       

      • Hits: 820 clicks

      Tecox component by www.teglo.info