Home Arxiv 2011 № 51. Fevral İnanç Ekseninde Tevhid Ve Şirk / Murad Sadiqov


    İnanç Ekseninde Tevhid Ve Şirk / Murad Sadiqov

      Share

      Şirk: ərəbcəsi “əş-şərikə” və ya “əş-şirkə” olan bu söz şəriklik, ortaqlıq mənasında işlənir. İstilahda isə Allah-Təalaya inanmaqla birlikdə qüdrət və qüvvətdə Ona bərabər olan başqa ilahlar tanımaqdır.

       Tövhid isə birləmək mənasına gəlir. İmanımzı gücləndirib qorumağın birinci şərti İslamın əsası olan tövhidi anlamaq və mənimsəməkdir. Tövhid günümüzdə hər kəsin dilindən düşürmədiyi, lakin mənasını dəqiqliklə anlamadığı vəciz bir ifadədir. Bu ifadə İslam dininin bütün əsaslarını özündə cəmləşdirən əhəmiyyətli bir termindir. Bunu söyləyən insan şirkdən paklanmış və bütün yönləriylə yeni bir inancı qəbl etmiş sayılır. Şirk tövhidin qarşısındadır. Şirkin olduğu yerdə tövhiddən, tövhidin olduğu yerdə də şirkdən söz edilə bilməz.

      “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (əl-Ənam, 82) ayəsi nazil olduqda bu gün bizim etdiyimiz kimi “məncə”lər, “səncə”lər uydurmadan hər mövzuda Allah Rəsuluna müraciət edən səhabələr dərhal Rəsulullahın hüzuruna gələrək dedilər ki:

      “Ya Rəsulallah, hansımızın imanına zülm qarışdırmamağa gücü çatar? İndi bizim halımız necə olacaq?” bu suala Peyğəmbərimiz (s.ə.s) belə cavab verdi: “Xeyr, məsələ sizin düşündüyünüz kimi deyil. Burada qəsd olunan şirkdir. Yəni söhbət tövhidə şirk qatmayanlardan gedir. Siz Loğman surəsində “şübhəsiz ki, şirk çox böyük zülmdür” ayəsini eşitmədinizmi?”

      Bu şərhlərin işığında tövhidimizi yoxlayaraq onu şirk, küfr, şübhə və digər kirlərdən təmizləyərək özümüzü xilas etməliyik.

      “Kim səmimiyyətlə və gərəyini yerinə yetirərək “Lə iləhə illəllah” deyərsə cənnətə girər.” (Feyzul-Qadir, 6-189) hədisi-şərifini bu hədislərin işığında daha yaxşı anlayarıq. İman tərənnümlərdən və bərbəzəkli sözlərlə ədəbiyyatçılıq etməkdən ibarət deyil. O, qəlbdə kök salıb əməllərdə özünü göstərən ruhdur. Tövhidi ləkələyəcək şeyləri Rəsulullah (s.ə.s) belə açıqlayır: “Dünyaya həris olub, dünya üçün mal toplamaq, dünya üçün verməmək və peyğəmbərlərin dediklərini deyib, etdiklərini etməməkdir.” Tövhidin ixlasını açıqlayarkən də: “Sahibini Allahın haramlarından uzaqlaşdırmasıdır.” –buyurmuşdur.

      Bizim sahib olduğumuz tövhid bizi haramlardan uzaqlaşdırıb halallara yönəldə bilirmi? Ypxsa əksi olur? Tövhidimizi bir daha gözdən keçirək.

      Tövhid bütün ilahları, müxtəlif tanrıları əlinin tərsiylə geri çevirib yalnız Allaha təslim olmaqdır. Tövhid fərdi, ictimai, hüquqi, əxlaqi, bütün yönləriylə İslamın əsasıdır. Kəlmeyi-tövhidi söyləyən kəs Allah və Rəsulunun bütün əmr və qadağalarını qəbul etmiş sayılır. İslamın bu əmr və qadağalarını bilsə də, bilməsə də əsas olan əvvəlcədən qəbul etməsi və hər mövzuda Allaha və Rəsuluna təslim olmasıdır.

      Bir ağacın bütün xüsusiyyətlərinin kiçicik bir çəyirdəkdə gizlənməsi kimi tövhid də İslamın bütün hökmlərini özündə cəmləşdirən İslam ağacının çəyirdəyidir. O çəyirdəyin həyat tapa bilməsi üçün hər şeydən əvvəl onu çürütməkdən, içinə başqa maddələrin qarışmasından qorumalıyıq. Əks təqdirdə ondan bitəcək ağac baxanların ad verə bilməyəcəyi bir bitki olacaqdır.

      Tövhid çəyirdəyi zərər görmüş bir insadan keyfiyyətli bir müsəlmanlıq gözləmək mümkün deyil. Tövhid kəlməsini söulədikdən sonra Allah və Rəsulunun dediklərini etmək məcburiyyətindəyik. Əks təqdirdə özümüzü və ətrafımızdakı insanları aldatmış olarıq. Vürilən sözün məsuliyyəti vardır. Bu kəlməni söyləyən insan özünü Allaha nəzir etmiş sayılır.

      Kiçik yaşlarımızda bizə deyərdilər ki, “kəlmeyi-tövhidi” söyləyən müsəlman olur. Biz də bunu həmişə belə zənn etdik. Halbuki kəlmeyi-tövhidi söyləyən müsəlman olmaz. Kəlmeyi-tövhidin mənasına inanan insan müsəlman olar. Məsələn, bir əcnəbiyə zorla, pul verərək, xətir üçün, film çəkmək məqsədiylə bu sözü dedirtsək də müsəlman olmaz. Çünki o, nə dediyinin fərqində deyil və bu kəlmənin mənasına iman etməmişdir.

      Bir dəfə müşriklər Rəsulullahın yanına gəlib: “Nə istəyirsənsə onu edərik. Sadəcə olaraq sən tanrılarımıza dil uzatma. Bizi və yolumuzu qınama. Aramızdakı bu mücadilə sona çatsın.” –dedilər.

      Onlara qulaq asan Allah Rəsulu belə buyurdu: “Mən sizdən heç nə istəmirəm. Sizi yalnız bir kəlməyə dəvət edirəm. Əgər o kəlməni desəniz bütün ərəblər sizə boyun əyəcək. Ərəb olmayanlar da sizə cizyə vermək məcburiyyətində qalacaqlar.” Bunu eşidən müşriklər çox sevindilər və: “Ya Məhəmməd, bir deyil, lap on söz deyək. Yetər ki, bu iş sona çatsın. Nədir bəhs etdiyin o kəlmə?” –dedilər. Allah Rəsulu: “Mən sizdən “Lə iləhə illəllah” demənizi istəyirəm” buyurduqda üzləri qıpqırmızı olan müşriklər libaslarını çiyinlərinə atdılar və: “Bizdən çox ağır bir şey istədin, əbədiyyən bunu söyləyə bilmərik” deyərək çıxıb getdilər.

      Burada çox ciddi düşünmək lazımdır. Bir az əvvəl bir deyil, min söz söyləməyə hazır olan adamlar kəlmeyi-tövhidi eşidər-eşitməz ilandan, əqrəbdən, aslandan hürkmüş kimi qaçmışdılar. Əcəba, bunun səbəbi nə idi? bu kəlmədə nə vardı ki, bu qədər qorxdular. Ona görə qorxdular ki, dilləri ərəb diliydi. Çünki kəlmənin mənasını anlamıdılar. Bu kəlmənin həyatlarını dəyişəcəyini bilirdilər. Bilirdilər ki, bu kəlməni söyləməklə bütün bu mənaları qəbul etmiş olacaqdılar. Ona görə də bu yükün altına girmədən qaçıb getdilər.

      Görəsən biz bu kəlməni söyləyərkən sözünü etdiyimiz mənalara inanaraqmı söyləyirik? Yoxsa ağzımız vərdiş etdiyi üçün söyləyirik? Bunu düşünmək və bilmək məcburiyyətindəyik. Rəbbimiz bizi qəlbi bütün şirklərdən təmizlənən və kəlmeyi-tövhid üçün döyünən bəndələrindən eyləsin!

       

      • Hits: 706 clicks

      Tecox component by www.teglo.info