Home Arxiv 2011 № 51. Fevral Allah Onu Belə Sevirdi... / Saleh Şirinov


    Allah Onu Belə Sevirdi... / Saleh Şirinov

      Share

      Allah Əziz Peyğəmbərinə çox nemətlər verdi. Qəlbindəki sıxıntıları, yolundakı əngəlləri bir-bir təmizlədi. Kainatın Rəbbi Ona doğru yolu göstərdi. Pisliklərdən nifrət etdirdi.

       Çünki ona böyük bir vəzifə verəcəkdi. Onun əliylə dinini təkrar dirildəcəkdi.

      Ona elm və hikməti öyrədəcəkdi.

      O zamanlar Məkkə kiçik bir yer idi. Orada Rəsulullaha əl-Əmin desələr də dünya onu tanımırdı.

      Haqq-Təala Həbibini kainata tanıtdı.

      Artıq “Lə iləhə illəllah” deyən, ardından “Muhəmmədur-Rəsulullah” deyəcəkdi.

      “Əşhədu ən lə iləhə illəllah” deyən, “Və əşhədu ənnə Muhammədər-Rəsulullah” deyəcəkdi.

      Azanlar qiyamətə qədər bütün kainata Allahın adı ilə birlikdə Onun da adını eşitdirəcəkdi.

      Ona Rəsulullah deyən Allahı Rəbb qəbul etmiş olacaqdı.

      Allah-Təala İnşirah surəsində Rəsuluna çox əhəmiyyətli qaydalar öyrətdi:

      Artıq boş dayanmaq olmazdı.

      Bir işi bitirincə başqa bir işə yönələcəkdi.

      Və bunu da yaxşı bilirdi ki:

      Çətinlik varsa, yanında asanlıq da var.

      Önəmli olan başqasına deyil, Rəbbinə bağlanmaqdır.

      Rəbbi Onu əsla kədərləndirmədi.

      Sevən sevdiyini üzməməli, ona gözəl söz söyləməlidir.

      Buna görə də Allah-Təala Rəsulunun qəlbini qırmazdı. Bəzən ona xəbərdarlıq etdiyi vaxtlar da oldu.

      Amma xəbərdarlıq etmədən əvvəl könlünü alardı. Bilirdi ki, Rəsuli-Əkrəm Allahdan ən çox qorxan və ona ən çox ehtiram edəndir. (Buxari, Müslim)

      Bu hadisə və ardından enən ayə anlatmağa çalışdığımız bu dərin məhəbbətin misallarından sadəcə biridir:

      Çox isti bir mövsüm idi. Günəşin yandırdığı, kölgənin “gəl-gəl” dediyi vaxtlardı.

      O günlərdə Təbuk yürüşü başladı. Peyğəmbərimiz hamının hazırlanmasını əmr etdi. Deyilənə görə, batan gəmini əvvəlcə siçanlar tərk edər. Münafiqlər də döyüşdən qaçmaq üçün Rəsuli-Əkrəmin yanına gəlib bəhanələr uydurdular. Allahın Sevimli Elçisi də “Bu könülsüzlərdən xeyir gəlməz” deyə onlara icazə verdi.

      Allah-Təala bu icazəni doğru görmədi. Bunlara savaşdan niyə qaçdıqları soruşulmalıydı.

      Bunu Rəsuluna xatırlatmaq istədi. Amma Kainatın Fəxrinin həssas qəlbi bu xəbərdarlığa necə dözəcəkdi?

      Ona görə Mərhəmətli Rəbbimiz ən çox sevdiyi bəndəsini incitmədən:

      “Allah səni əfv etsin” deyə sözə başladı.

      Ardından belə buyurdu:

      “Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan nə üçün onlara izin verdin?” (ət-Tövbə 43)

      Həbibinə xəbərdarlıq etmədən əvvəl könlünü almaq demək ki, ilahi əxlaqın gərəyi idi.

      İmansızlar Allahın dinini inkar edirdilər. Rəsulullaha şair, dəli, xəstə deyirdilər. Bu sözlər Peyğəmbərimizi çox incidirdi. Xüsusilə də “yalançı” demələri Ona çox ağır gəlirdi. Əziz Peyğəmbərimizin yalançı olmadığını özləri də çox yaxşı bilirdilər əslində. İllərlə “əl-Əmin” dedikləri şəxs birdən-birə necə yalançı ola bilərdi? Allah-Təala Rəsulunun kədərləndiyini görüb Ona belə təsəlli verdi:

      “(Həbibim,) bilirik ki, onların dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər, (Həqiqəti bildikləri halda) o zalımlar Allahın ayələrini inadla inkar edirlər.” (əl-Ənam 33)

      Əziz Peyğəmbərimiz kafirlərin sözlərinə üzülsə də onların yola gəlməsini çox istəyirdi.

      Qurana inanmadıqları üçün az qala özünü həlak edirdi. Amma Haqq-Təala Əziz Rəsuluna əbəs yerə üzülməsin deyə belə təsəlli etdi:

      “(Ya Rəsulum!) Yoxsa (kafirlər) bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?! İman gətirməyəcəklər deyə, özünü həlakmı edəcəksən? Onlara görə özünü üzüb həlak etmə!” (əl-Kəhf 6, əş-Şüəra 3, əl-Fatir 8)

      Sevgi sözləri

      Cəbrail əleyhissalam Peyğəmbərimizin yanına tez-tez gələrdi. Yeni bir ayə gətirməsə belə, Onunla oturub həl-əhval tutardı. Bir dəfə bu ziyarəti gecikdi. Kafirlər buna çox sevindilər. Küfrün bataqlığının dərinliklərində olan biri: “Şeytan onu tərk etdi” dedi. Peyğəmbərimiz bu sözlərə çoz üzüldükdə kainatın Rəbbi Həbibinə belə təskinlik verdi:

      “And olsun səhərə və sakitləşməkdə olan gecəyə ki, Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu, (Sənə olan sevgisini kəsmədi). Sənin üçün axirət dünyadan daha xeyirlidir! Həqiqətən, Rəbbin sənə elə şəkildə bəxş edəcək və sən razı qalacaqsan! Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb dövlətli etmədimi?! Elə isə yetimə zülm etmə! Dilənçini də (qapıdan) qovma! Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!”

      (əd-Duha 1-11, Buxari)

      Uca Rəbbimiz Həbibinin üzülməsini, düşmənləri tərəfindən incidilməsini heç istəməzdi. Allah-Təala ona duyduğu sevgini, fərqli şəkillərdə göstərirdi. Həbibinə adı ilə xitab etmək yerinə, “Ey Rəsul! Ey Nəbi” deyə iltifat edərdi. Bəzən bu ifadələr daha da nəzakətli olurdu:

      “Ey örtüsünə bürünən! Ey sarılıb örtünən!” deyərdi. Halbuki o biri peyğəmbərlərə adlarıyla səslənirdi:

      “Ey Adəm! Ey Nuh! Ey İbrahim! Ey Musa!” deyərdi. “Ey Davud! Ey İsa! Ey Zəkəriyyə! Ey Yəhya!” deyə xitab edərdi.

      Həyatına And Olsun!

      İnsanlar arasında belə sevgini ifadə etməyin yüzlərlə şəkli var. Amma sevən Allah, sevilən Rəsulullah olduqda, məhəbbətin dili dünyalar qədərdir. Aləmlərin Rəbbi Həbibinə olan məhəbbəti daha başqa şəkillərdə də göstərirdi. Onun varlığının və həyatının nə qədər önəmli olduğuna and içərək diqqət çəkərdi.

      Kafirlərin sərxoşluq içində sərsəmlədiklərini anlatmaq üçün “Sənin ömrünə and olsun ki” deyə sözə başlayardı. Allah-Təalanın bir bəndəsinin həyatına and içdiyi eşidilməmişdi, görülməmişdi. Ancaq Rəsulullahın həyatına and içdi. Çünki O, yaradılmışların ən dəyərlisi idi.

      Onun həyatı və həyat tərzi bütün insanlıq üçün vazkeçilməzdir.

      Hər kəs bunu belə bilməliydi.

      Müsəlmanlar bu həqiqəti daha çox dərk etməliydi.

      • Hits: 759 clicks

      Tecox component by www.teglo.info