Məsnəvidən / Kamran Məmmədov

      Share

      Vaizin Duası

      Bir vaiz vardı. Nə vaxt minbərə çıxsa, pis insanlara dua etməyə başlayardı. Belə deyərdi:

      -“Ya Rəbbi! Pislərə, fəsadçılara, üsyankar və günahkarlara mərhəmət et! Mömünlərə istehza edənlərə, kafir qəlblilərə hidayət ver!” Bunun əksinə yaxşı insanlara isə heç vaxt dua etməzdi. Ona dedilər ki:

      “- Sapıq və fasiqlərə dua etmək heç yaxşı iş deyil. Biz bu zamana qədər belə bir şey eşitmədik.”

      Vaiz onlara belə cavab verdi:

      “- Mən onlardan həmişə yaxşılıq ğördüm. Onlar mənə əllərindən gələn bütün pislikləri etdilər. Mənə o qədər zülm və cəfa etdilər ki, nəhayət mən onlardakı bu azğınlığı görüb şərdən xeyrə, zülmətdən nura, zəlalətdən  hidayətə, cəhalətdən elmə yönəldim. Nə vaxt dünyaya yönəlsəm, onlardan əziyyət görür və tez yaxşılıq tərəfə yönəlir, dualara sarılırdım. Onlar mənim qurtuluşuma səbəb oldular. Buna görə də mən həmişə onlara dua edirəm.

       

      Həqiqətdə hər düşmən sənin əlacın, hər dərd sənin dərmanındır. İnsan düşməndən qaçar tənha yerlərə sığınar və təkbaşına Yaradanına dua edər. Allah düşmənə qarşı zəfər ehsan edər, dərdlərə dəva bəxş edər. Çünki O, çarəsizlərin çarəsidir.

       

      Bəsirət

      Günlərin birində qatır dəvədən soruşdu:

      “- Ey dostum! Eniş olsun, yoxuş olsun, geniş olsun, dar olsun, quru olsun, palçıq olsun sən bütün yollarda gözəl gedir, heç yerə ilişib yıxılmırsan. Mən isə bir-iki addım gedəndə ayağım ilişir, təpəsi üstə yıxılıram. Bunun səbəbi nədir? Niyə sən yıxılmırsan, mən isə həmişə yıxılıram? Nə etməliyəm?

      Dəvə qatıra belə cavab verdi:

      “- Mənim gözüm sənin gözündən daha yaxşı görür. Həm də mən yuxarıdan baxıram. Uzaqlarda olan çuxur və dikləri, daşlıq və qayalığı, tikan və kolları əvvəlcədən görüb, ona görə tədbir alıram. Atdığım addımı fikirləşib atıram.

       

      İnsan uzaqgörən olmayanda gözləmədiyi təhlükələrlə üz-üzə gəlir. Görən adam isə yolun enini-uzununu görür. Çuxuru-quyunu tanıyır. Başına gələ biləcək hər halı dərin-dərin təfəkkür edir. Bəlalara qarşı səbir və mətanət zirehini hazırlayır.

       

      İBRƏTLƏR

      Allahdan başqa ilah yoxdur

      İnsan kəlmeyi-tövhidi çox söyləməlidir. Gecə-gündüz Allaha yalvarmalı, imanını qorumağa çalışmalıdır. İmanını qorumaq üçün də günah sayılan işlərdən çəkinməlidir. Bəzi insanlar həyatlarında bu kəlməni söylədiyi halda, son nəfəslərində imansız getmək təhlükəsi ilə qarşı-qarşıyadırlar... Səbəb günahın çoxluğu, pis davranışlardır. Son nəfəsdə imansız getmək nə qədər də qorxuludur. Bundan daha böyük müsibət yoxdur hər haılda... Ömrünü müsəlmanların arasında keçirib qiyamət günü kafirlərin arasında olmaq qədər heyrət verici başqa nə ola bilər?  Kəlmeyi-tövhidi dili ilə söyləyəndən sonra 100 q. araq haram olmaz deyən kimi aldadır? Donuz əti isti ölkələrdə iyləndiyi üçün haramdır, burada haram olmaz! deyən nə qədər bədbəxtdir. “60 il ibadətdən bir saat elm üstündür” kəlamından “namaz qılmasan da olar” düşüncəsinə sahib olana nə deməli?

       

      Otuz ildə nə öyrəndin?

      Böyük Allah dostu Şəqiq Bəlxi tələbəsi Xatəm Əsamdan soruşdu:

      “- Nə zamandan yanıma gəlib-gedirsən?”

      “- Otuz ildir.”

      “- Bu otuz ildə nə öyrəndin?”

      “- Bu müddət ərzində altı cümlə öyrəndim.”

      “- Nədir onlar? Mənə də söylə. Bəlkə mən də onları işləyib qurtuluşa çataram.”

      Xatəm Əsam saymağa başladı:

      1. Yer üzündə olan bütün canlıların ruzisi Allaha aiddir.” (Hud, 6). Bu ayəni oxudum. Özümü də o canlıların içində gördüm. Hər kəsin ruzisini Allah verir. Mənim üçün ayrılan mütləq gələcəkdir. Filin də, qarışqanın da ruzisini verən, mənim də ruzimi verəcək. İşlərimi gördükdən sonra, o işlərin nəticəsini Allaha həvalə etdim. Sonra da heç bir şeyə əhəmiyyət vermədən ibadətlə məşğul oldum.

      2. “Möminlər ancaq qardaşdırlar” (əl-Hucurat; 10). Bu ayəyə baxdım. Gördüm ki, bütün möminlər mənə qardaşdır. Qardaşın qardaşa şəfqətli olması lazımdır. İnsanlığın arasına girən düşmənçiliyin təməli paxılllıqdır və başqasının əlində olana qısqanclıqdır. Buna görə dünyanın harasında olursa olsun bir möminə kədər gəlsə, o kədər mənə gəlmişcəsinə üzüldüm. Bir müsəlmana bir xeyir toxunsa, onun sevinci mənim sevincimdir.

      3. Gördüm ki, hər kəsin bir sevgilisi var. Hər kəs sevgisini sevdiyinə açır. Mən də Allaha qulluğu sevdim. Allaha itaət sevgisi məni o qədər bürüdü ki, qəbirdə, məhşərdə və siratda mənə yardım edəcək bu itaətdən ayrılmadım.

      4. Gördüm ki, hər kəsin bir düşməni var. Düşmənin düşmənlik etməsi normaldır. Onun düşmənliyindən qorunmaq lazımdır. Mən də Allahın sevmədiklərini düşmən bildim. Bu düşmənlərdən görünənləri rahat düşmən, görünməyən şeytanın düşmənçiliyi isə daha çətindir. Mən onu görmürəm, o məni görür və özü ilə bərabər atəşə aparmaq istəyir. Belə olduğuna görə, yaşadığım müddətdə şeytanı özümə düşmən bildim və onun əleyhinə çalışdım.

      5. Gördüm ki, hər kəsin bir evi var. Bu evin də abad edilməsi lazımdır. Mən də evimin qəbir olacağını düşünüb onu abad etməklə məşğul oldum.

      6. Gördüm ki, hər kəsin bir müştərisi var. Mənim də müştərim ölüm mələyidir. Başqa müştərilərdən fərqli olaraq mənə nə zaman gələcəyini bilmədiyim üçün hər daim onu gözlədim. Nə vaxt gəlsə hazıram. Ona, “əcəlimi bir az da gecikdir” deməyəcəyəm.

      Xatəm Əsamın saydıqlarını səbirlə dinləyən Şəqiq Bəlxi belə dedi:

      “Öyrəndiklərin çox gözəl. Əgər bunlarla əməl etsən qurtularsan. Mən də etsəm qurtularam, inşallah!”

      • Hits: 669 clicks

      Tecox component by www.teglo.info