155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Yeni Həyata Hardan Başlamali? / Nurlan Məmmədzadə

      Share

      Hər kəs zaman-zaman çevrilib arxaya, keçdiyi həyat yollarına baxır. Keçən zaman içində nə qədər müvəffəq olduğunu, harda səhv etdiyini görmək baxımından bu çox mühümdür.

       Hər kəs ömrü boyu ən az bir neçə dəfə papağını qabağına qoyub fikirləşir: “Artıq həyata yenidən başlamalı, yeni planlar qurmalıyam. Hədəfimə nail olmaq üçün nizam-intizamla yola davam etməliyəm. Bütün göstəriciləri sıfırlayıb, yeni addımlar atmalıyam. Amma nə zaman?” Ən düyünlü nöqtə də məhz burasıdır. İstisnaları çıxaraq deyə bilərik ki, hər bir günahkarın qəlbinin dərinliklərində belə, “bir gün özümü düzəltməli, həyata yenidən başlamalıyam” düşüncəsi yatır. Yetər ki, vicdan sahibi ola. Bəs nə zaman? Nə zaman yenidən başlamaq qərarına gəlsək öz-özümüzə “sabahdan başlayıram artıq” deyirik nədənsə. Sabahlarsa heç cür “bu gün” olmur yenə nədənsə. Elə hər dəfə “sabah artıq söz” deyirik. Hər şeydə tələskən olan insan oğlu nədənsə yaxşı insan olmaq qərarına gəldikdə, həyatına müsbət mənada yön vermək istədikdə sabahı seçir, tələsmir. Ömürsə durmadan tükənir. “Bu həftə də çəkim, gələn bazar günündən etibarən siqareti tərgidirəm”, “Ramazan ayı girsin orucla birlikdə namaza da başlayıram”, “Bu cümədən sonra bir daha filan günahı işləməyəcəyəm”, “Gələn həftədən etibarən artıq özümə faydalı olan işləri planlı şəkildə həyata keçirəcəyəm. Hər gün iki saat kitab oxuyacaq, yarımçıq qalan yazılarımı tamamlayacağam…” Bu və bu kimi cümlələr, verilən sözlər hamımıza çox tanışdır. Ətrafımızdakılardan eşitdiyimiz kimi, zaman-zaman özümüz də bu kimi sözlər veririk özümüzə, vicdanımızla baş-başa qalanda. Amma növbə işi həyata keçirməyə gələndə nədənsə nəticə hasil olmur. Səbəb yenidən başlamaq üçün yeni bir gün gözləməyimizdir. Əslində yenidən başlamaq üçün hər an ən münasib andır, hər gün öz-özlüyündə yeni bir günə başlama anıdır. Əslində həftələr və həftənin günləri bizim beynimizdə qurduğumuz bir bölgüdür. Elə isə həyata yenidən başlamaq, yeni başlanğıclar etmək üçün içində olduğumuz hər gün ən münasib zamandır.        

      Bir Afrika atalar sözündə deyilir:

      “Hər səhər Afrikada bir ceyran oyanır. Ən sürətli qaçan aslandan daha sürətli qaçmalı olduğunu bilir. Yoxsa öldürüləcəyini də bilir. Yenə hər səhər Afrikada bir aslan oyanır. Ən yavaş qaçan ceyrandan daha sürətli qaçmalı olduğunu bilir. Yoxsa ac qalacağını da bilir.”

      Həyatın içindən verilmiş çox gözəl və konkret bir misaldır bu. Həyata hardan başlamalıyam deyə tez-tez özündən soruşanlara veriləcək ən gözəl cavabdır bu. Bu gündən başla, sabahı gözləmə. Çünki Hər gün sənin düşmənin olan nəfs və şeytan öz yeni fəndləriylə sənə qalib gəlməyə, eynilə ceyranı ovlamağa çalışan aslan kimi parçalamağa, tələyə salmağa çalışır. Elə isə əlindən gələni əsirgəmə ki, aciz olan sən olmayasan.

      Böyük İslam alimlərindən İmam Şafei həzrətləri günlərin birində sübh namazından çıxıb evinə gedərkən yolda bir adamla rastlaşır. Həmin adam salam verib, xeyir-dua etdikdən sonra ona “necə sabahladın?” deyir. Həzrət imam necə sabahladığını belə anladır:

      - Səkkiz şeyin məndən istədiklərini düşünərək sabahladım!

      Adam təəccüb edərək soruşur:

      - Ey imam! Sizdən kim səkkiz şey istəyəcək ki? Siz heç kimlə müşkili olan adam deyilsiniz. Həzrət İmam təbəssüm edərək məsələni izah edir: Elə isə qulaq as, hər səhər kimin nə istədiyini deyim:

      1. Rəbbim məndən fərzini istəyir.

      2. Rəsulullah məndən sünnəsini istəyir.

      3. Ailəm, uşaqlarım gündəlik dolanışığını istəyir.

      4. Nəfs ona tabe olmağımı istəyir.

      5. Şeytan arxasınca getməyimi istəyir.

      6. Kiramən-katibin mələkləri yaxşı əməllər yazdırmağımı istəyir.

      7. Keçən günlər qocalmağımı istəyir.

      8. Nəhayət Həzrət Əzrayıl hazır olmağımı istəyir...

      Mən məhz bu istəklərin müxatəbi olaraq sabahlamışam. Hər səhər bu suallar cavab gözləyir. Alimə diqqətlə qulaq asan adam düşünməyə başlayır. Qısa təfəkkürdən sonra soruşur: Ya imam, bu saydığın şeylər yalnız səndən istənir, yoxsa məndən də istənir? İmam təbəssümlə:

      - Artıq onu sən düşün!..

      Adam başını aşağı ayib öz-özünə bunları deyir:

      - Deməli, hər səhər məndən bu xüsuslar istənir, mənsə bundan xəbərsizəm...

      Bu saydıqlarımız hər səhər hər birimizdən istənən səkkiz xüsusdur. Məhz buna görə hər bir gün, günəşin doğmasıyla həyata yenidən başladığımız və ya başlayacağımız gündür. 

      • Hits: 1057 clicks

      Tecox component by www.teglo.info