İrfan, Yeni İl Və Əlli / Adem Şahin

      Share

      “Yürü yavrum, yürü, saçlarını sürü, şimdi də keçdi burdan konyalının biri…” Türkiyədə “mənim əlli qram şəkərim, kəstanəm” türküsü vardır. Əlli qramlıq şəkər, kəstanə (şabalıd), bulğur aranır, istənir və eşidəni oynadır.

      Ey əlli qram, sən nə qədər ağırsan!

      “Ayna, ayna, söylə mənə məndən daha gözəli, daha zəngini, daha qüdrətlisi varmı?” deyənlər lovğalanaraq “əlimi sallasam əllisi gələr, başımı sallasam tellisi gələr” deyirlər.

      Sallanan ələ cuman əllilər və tellilər! Nə qədər xəfifsiniz!

      Dükan-bazarda, yeməkxanada, iş görşmələrində birlikdə olanlar fiftiy-fiftiy deyə ifadə edilən əlliyə-əlli (yarıya-yarı) təbirini çox işlədirlər.

      Alman üsulu (nemetski şot) deyən fifty-fifty sahibləri, siz nə qədər xəsissiniz!

      Bizim oralarda uşaqlar “Əli, vəli, qırx doqquz əlli” deyə təkərləmə söyləyib oynayarlar. Ey güllər, siz belə oynamağa davam edin! Əlli qramlıq şəkərlərin, kəstanələrin oynatdığı insanlardan olmayın. Sizin “əlli, əlli, yüz, karnəmizi[1] istəriz”, “əlli, əlli, yüz, bizə para veriniz” şəklindəki qərarlı sözlərinizə “əlli, əlli, yüz, sizə para verməyiz” deyə bilmirik.

      Ey balacalar, bu nə gücdür ki, biləyimizi bükürsünüz!..

      Əlli-əlli, yüz, biz müslümçüyüz, əlli-əlli, yüz, biz əl əzizliyiz, əlli-əlli, yüz, biz Bakılıyız şəklində danışanlar! Nə zamana qədər böyük portretdən bixəbər, başınız qumların içində yaşayacaqsınız!

      Məscidlərdə, söhbətlərdə, siniflərdə Merac gecəsi namazın əllidən beş vaxta endirildiyindən bəhs edən möhtərəmlər! Elə hey sərçələrə, göyərçinlərə və bülbüllərə danışırsınız. Dinləyənlərin arasında Qaf dağının simurğ quşları varmı? O simurğlar ki, “Əlli vaxt olsaydı nə gözəl olardı. Sevgiliylə keçən gecələrin səhəri heç açılmayaydı kaş” deyərlər. Ey xətiblər, “alam yarı qoynuma, qış yatam yaz oyanam” dedinizmi heç?

      Qurani-Kərimdə buyurulur: “Mələklər və ruh (Cəbrail) Onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar.” (əl-Məaric, 4) Əbu Səid əl-Xudri deyir ki: “Rəsulullahdan miqdarı əlli min il olan gün uzun bir gündür, deyə soruşdular. O da belə buyurdu: “Həyatım əlində olan Allaha and olsun ki, o gün möminlər üçün xəfiflədiləcək. Belə ki, həmin gün möminə dünyada ikən qıldığı bir vaxt fərz namazdan daha xəfif olacaqdır.” (Əhməd, Müsnəd, 3/75)İdmanda, sənətdə, evlilikdə, akademik həyatda əllinci ilini qeyd edib yubiley keçirənlər! İkinci əlli illiyi görə bilməzsiniz. Kaş ki, əlli il kimi kiçik rəqəmlərlə deyil, əlli minlərlə məşğul olaydınız. Yox, əlli min il çoxdur deyirsinizsə, o zaman İrfan jurnalının 50 sayı (əlli ay) boyunca dilə gətirdiyi ölməz, boyatlanmaz həqiqətlərlə məşğul olaydınız.

      Zamanın sürəti haqda kim söz söyləməyib ki? Biz əvvəlcə Peyğəmbərimizə qulaq asırıq: “Qiyamət yaxınlaşanda zamanın axışı sürətlənər. Bir il ay kimi, ay cümə (həftə) kimi olar. Cümədən cüməyə qədərki zaman da quru bir xurma budağının yarpaqları ilə birlikdə odda yanması qədər qısa olar.” (Ramuz, E 33/9) Bu sayımızdakı məqaləmizin başlığı “İrfan, yeni il və əlli”, Mart 2009-da “İrfan, Novruz və qırx” oldu. 2011-ci ilin noyabrında “İrfan, qurban və altmış” yazısıyla əlinizdə və könlünüzdəyik nəsib olarsa.

      Yeni ildə sevinc, xoşbəxtlik və sağlıq diləyərlər. Təbrikdən əvvəl fikirləşmək lazımdır. Bəlkə də öləcəyin, xəstələnəcəyin, müflis olacağın, işsiz qalacağın, topal olacağın, sevdiklərini itirəcəyin, böyük fəlakət və müsibətlərə məruz qalacağın ilin başlanğıcındasan.

      Yuxudan oyanan bir mömin yeni bir günə başladığının şüurundan olaraq özünü dirildən Rəbbinə şükür edərək gününün xeyir və bərəkəti üçün dua edər. Dua və sığınma halı gecə üçün də keçərlidir. Yeni başlayan gecə və gündüzə dua ilə girən bir möminin qəlbi yeni başlayan bir ilə laqeyd qala bilərmi? İslami vird və zikr kitablarında yeni ayı (hilalı) gördükdə və ilin əvvəlində edilən dualar var. O dualarda yeni ayın və yeni ilin xeyir gətirməsi istənir.

      Soruşurlar ki, Yeni ili bayram etmək olarmı? Bu suala olmaz deyənlər olsa da müəyyən sərhədlər çərçivəsində olar deyənlər də var.

      Soruşmaq lazımdır ki, sərhədlər necə qorunur? İlin 364 günü sərhədlər nə qədər qorundu ki, yeni ili qarşılayarkən də tapdanmamış olacaq? Bu, suya girib islanmamaq, soğan yeyib ağızdan iy gəlməmək, palçığa yıxılıb kirlənməmək kimi imkansızdır.

      Yeni ildə geyilən qırmızının şans gətirəcəyinə və ilə necə girilərsə elə keçəcəyinə inanaraq əyləncə ilə girənlər çoxdur. Şaxta babanı tanımaq, amma Hz. Xızırı inkar edib Hz. Loğmandan xəbərsiz olmaq doğru deyil. Şaxta baba adlanan varlıq! Mənə, evimə, əslimə, nəslimə yaxınlaşma!

      “Qırx yaş gəncliyin yaşlılığı, əlli yaş qocalığın gəncliyidir” –demişlər. İrfan jurnalı 50-ci sayındadır. Həyatının hansı mərhələsində olduğunu bilmirik. Nuh peyğəmbər kimi 950 il də yaşaya bilər. Bəlkə də ömrünün son dəmləridir. Bir gerçək var ki, irfan yolçuluğu ilk insanla başladı. Kağız və mətbəə yox ikən də vardı. Qiyamətə qədər də olacaq… Tənək demiş ki, “Mənə tutmağa yer göstərin, aya qədər dırmaşım…” İrfan jurnalı da 50 sayıdır tutaraq, tutunaraq gəldi. İrfan jurnalı əlindən tutub can gözüylə təqib edənləri aydan daha uzaqlara – Kövsərə, Kövsərin sahibinə, oradan da səkkiz qapılı cənnətə aparmaq istəyir. Bu səfərə varıqmı?

      İlin hər anının irfanla və irfan sahibləriylə keçməsi duasıyla…

       

       


      [1] Qiymət cədvəli

       

      • Hits: 1001 clicks

      Tecox component by www.teglo.info