Bir Dünyanin Min Dünyasi Var İmiş / Eldar Kərimov

      Share

      Hər birimizə qəribə görünsə də bəşəriyyət tarixinin başlanğıcından bu yana dünyaya gəlib getmiş bütün insanlar, bir dünya üzərində yaşayıb var olmuşlar. Bu, Uca

       Tanrının bəşəriyyətə bəxş etdiyi ən böyük nemətlərdən və tayı-bərabəri olmayan möcüzələrdən biridir zənnimcə. Tarix boyu fırlanıb-fırlanmaması, bir şeylərin üzərində durub durmaması, böyük partlama nəticəsində yaranıb-yaranmaması müzakirə mövzusu olan yaşadığımız dünya, belə demək mümkündürsə, fərqli dünyaların bir yerdə cəmləndiyi bir məkandır. Birlik və bərabərliyi sabitləşdirib çoxluq arasında bərqərar etmək üçün bu, ən gözəl vasitələrdən biridir həqiqətdə. Bir şey üzərində çoxluğun mübarizəsi, çoxluğun birlikdə cəmlənməsinə, ətrafın mərkəzə doğru sabitləşməsinə və ümumun vahid haqqında düşünməsinə gətirib çıxaran amillərdəndir. Tarixi milyon illər bundan əvvələ qədər gedib çıxan qoca dünya, milyardlarla insanın həyat mərkəzinə çevrilmiş və milyardlarla insanın əməllərinə şahidlik etmişdir var olduğu müddətcə. Üzərində sərhədlənmiş ömür çərçivəsində həyat yaşayan insan övladı, ömrünün sərhədsiz olduğunu düşünərək bütün varlığıyla bel bağlamışdır bu fani və şirin dünyaya. Dünya o qədər şirindir ki, öz cazibəsiylə dünyaya ağlayaraq göz açan Adəm oğluna gülməyi də öyrətmişdir zaman-zaman. Ağlayanı güldürüb, gülənləri ağladan və bu iki təzad arasında sabitliyini qoruyan dünya hələ də özündən başqa dünyaların varlığını şübhə altında buraxmaqdadır. Yaşadığı dünyadan heç bir zaman ayrılmayacağını düşünən insan bu böyük dünyanın onun şəxsinə  xas olduğunu düşünmüş və öz-özlüyündə yeni şəkil vermişdir yaşadığı dünyaya. Bir tərəfini əyləncəsinə, digər tərəfini isə qazanc mənbəyinə ayırmışdır dünyanın. Qəribə burasındadır ki, bir dünyanı milyardlarla insan öz dünyası hesab etmişdir, ancaq nəticədə insanlıq dünyaya deyil, dünya insanlığa sahib olmuşdur.  Uca Yaradanın insan övladına bəxş etdiyi misilsiz gözəlliklərlə bəzədilmiş dünya həyatından hər kəs imkanı nisbətində istifadə etmiş, öz həyatını davam etdirmək üçün  fərqli və çeşidli nemətlərindən faydalanmışdır.  

      Hər kəs bir dünyada yaşamasına baxmayaraq, hər kəs öz daxilində fərqli bir dünyaya fərqli bir yaşam tərzinə, müxtəlif kainat anlayışına sahibdir. Sima, yaradılış, düşüncə baxımından bir-birindən az və ya çox fərqlənən hər bir insanın öz daxilindəki dünyası da digərlərindən kifayət qədər fərqlənir hardasa. Qatığa qara, yaxşıya pis, haqlıya haqsız və bu kimi ziddiyyətli fikirlərə sahib bəlkə də minlərlə insan var aramızda. Daha doğrusu, biz də onlardan biri və ya bir neçəsiyik deyə bilərik.

      Ancaq onu qeyd etməliyəm ki, bizim yaxşıya pis deməyimizin və iddiamızın arxasında iddialı bir şəkildə dayanmağımızın səbəblərinindən biri və ən əsası yaşadığımız dünyaya daxilimizdə canlandırdığımız və yenidən bina etdiyimiz özümüzə xas qərib bir dünyadan baxmağımızdır. Bir dünyada yaşayıb və bir dünyaya min fərqli dünyadan baxmağımız, gördüklərimizi daxilimizdəki dünyaya görə analiz etməyimiz, şəxslər arasındakı sinifləndirmələrə, varlı-kasıb ayrı-seçkiliyinə gətirib çıxarmışdır.

      Nəticə olaraq onu qeyd edə bilərik ki, ətrafımızda var olan bütün canlılar bizim düşündüyümüz kimi sadə konstruksiyadan ibarət deyildir. Onlar sadəcə yeyib, içib, gəzib ümumiyyətlə boş-boşuna yaşayıb yox olan varlıqlar deyil, əksinə onlar üzərində yaşadığımız dünyadan da böyük bir dünyanı öz kiçik düşüncə sisitemlərində yerləşdirə və o dünyanı yaşaya bilən və ya yaşamaq istəyib yaşaya bilməyən canlı bir dünyadırlar. Bunların içərisində bütün təbəqələrdən olan insanlar, o cümlədən kasıbından varlısına, cahilindən aliminə qədər hər kəs vardır.   Onlara qarşı edilən hər hansı bir haqsızlıq, təhqir gördüyümüz dünyanı məhv edə biləcək böyük bir atom bombasına bərabərdir ki, biz öz davranışımızla gizli olan bir dünyanı dağıtmış oluruq. Yaşadığımız dünyanın problemlərini həll etməyə çalışdığımız kimi, ətrafımızda olan gizli dünyaların da müşküllərinə çarə tapmalıyıq. Yaşadığımız dünyanın köksündə ekologiyanı yaxşılaşdırmaq üçün hərəyə bir fidan əkiriksə, deməli canlı dünyaların da köksündə bir iman fidanı əkməliyik onların aoralarını yaxşılaşdırmaq üçün. Bir dünya hər birimizə çatacaq qədər böyük, heç birimizə çatmayacaq qədər kiçikdir. Ancaq hər birimizin daxilindəki dünya isə ən azından bir neçə nəfərə qucaq açacaq qədər böyükdür. Gəlin öz dünyalarımızın qapılarını başqa dünyaların üzünə bağlamayaq. Əgər həqiqətən öz dünyamızı İslami gözəlliklərlə bəzəyə bilmişiksə, ətrafımızda olan dünyalara atom bombası deyil, İslamın qardaşlıq və əbədiyyət sancağını ərməğan edək. O zaman “bir dünyanın min dünyası” minliyin deyil, birliyin mübarizəsinə qalxacaqdır.    

         

       

      • Hits: 1036 clicks

      Tecox component by www.teglo.info