Hikmət Lövhələri / Kamran Məmmədov

      Share

      Zəhər Və Dil

      Uzun illər bundan əvvəl Çində Li-li adlı bir qız ərə gedir, əri və qayınanası ilə birlikdə yaşamağa başlayır. Lakin qısa zaman keçdikdən sonra qayınanası ilə keçinməyin çətin olduğunu anlayır. Xasiyyətləri bir-birinə bənzəmədiyi üçün tez-tez aralarında söz-söhbət olur. Bu, Çin adət-ənənəsinə uyğun olmadığı üçün ətrafdakı insanların qınağına səbəb olur. Bir neçə aydan sonra gəlin-qayınana davalarının hökm sürdüyü ev ər üçün də cəhənnəmə çevrilir. Artıq buna bir əlac etməyin lüzumunu düşünən gəlin atasının köhnə dostlarından olan bir əttarın yanına gəlir və dərdini ona danışır.

      Yaşlı adam onun üçün bitkilərdən bir iksir hazırlayır və bunu 3 ay ərzində hər gün qayınanasının yeməyinə az-az qarışdırmasını məsləhət görür. Zəhər az-az veriləcək, bununla da qayınananı gəlinin öldürdüyü bilinməyəcəkdi. Yaşlı adam gənc qadına heç kəsi və ərini şübhələndirməmək üçün qayınanasına qarşı xoş rəftar etməsini, ona ən gözəl yeməkləri bişirməsini tapşırır.

      Sevinərək evə qayıdan Li-li yaşlı adamın dediklərini eynilə həyata keçirməyə başlayır. Hər gün ən gözəl yeməkləri bişirir, qayınanasının boşqabına da az-az zəhər damladırdı. Heç kimi şübhələndirməmək üçün də ona qarşı xoş davranırdı. Çox keçmədən evdə hər şey dəyişdi, qayınana da gəlini öz qızı kimi sevməyə başlamışdı. Evdə sülh hakim idi.

      Az bir zamandan sonra gəlin özünü ağır bir yükün altında hiss etdi. Etdiklərindən peşmanlıq duyaraq əttar dükanına yollandı. Yaşlı adamdan qayınanasına verdiyi zəhəri onun qanından çıxarması üçün bir iksir hazırlamasını istədi. İxtiyar yaşlı gözlərlə yalvaran Li-liyə baxdı və gülməyə başladı:

      “Qızım, sənə verdiklərim vitamindən başqa bir şey deyildi. Əsl zəhər sənin dilində və beynində idi. Sən qayınanana qarşı xoş rəftar etdikcə o zəhər yox oldu, yerini sevgiyə buraxdı. Bununla da siz həqiqi ana-bala oldunuz.” –dedi.

       

      • Hits: 984 clicks

      Tecox component by www.teglo.info