Mərhəmətiniz Göz Yaşlariniz Qədərdir / Salih Zeki Meriç

      Share

      Ağlamaq istər mənəvi cəhətdən, istərsə də fiziki cəhətdən olsun insanaxas bir keyfiyyətdir.. İnsan ya sevincindən, ya kədərindən, ya da peşmanlığından dolayı göz yaşı tökər. 

      Göz yaşları insan iradəsinə bağlı deyil.

      Göz yaşı tökməyin mənəvi tərəfi onun əsl dəyər ifadə edən yönüdür. İnsan ağlamalıdır, ancaq tökdüyü göz yaşına dəyəcək və onu mənəvi olaraq kamala çatdıracaq səbəblərdən dolayı göz yaşı tökməlidir.

      Mömin hər canlıda ilahi təcəllini görər və heyrətə düşər. Bu heyrəti nəticəsində Rəbbinin əzəmətini bir qul olaraq kəlmələrlə ifadə edə bilmədiyi üçün göz yaşları ilə ifadə edər. Həmçinin Rəbbi ilə olan əlaqəsindən dolayı sadəcə insan olaraq yaradıldığı üçün şükür borcunu əda edə bilmədiyini düşünərək peşmanlıq hissləri ilə şükür etməyə çalışar. Və bu şükrün ifadəsi olaraq göz yaşı tökər.

      Mömin bütün qardaşlarının dərdini öz dərdi bilər. Yetimlərə, kimsəsizlərə, zülm altındakı insanlara, hətta yaradılan hər canlıya olan həssas düşüncəsi səbəbiylə qəlbi yanar, göz yaşı tökər.

      Yaşadığı bu dünyada özünə bəxş edilən hava, su, qida, sağlamlıq, ağıl, övlad, mal, mülk kimi nemətlərin qarşısında Rəbbinə minnət borcu olduğunu bilərək göz yaşı tökər.

      İndi isə özümüzdən soruşaq:

      Ən son nə zaman ağladıq? Ən son nə zaman göz çeşmələrimiz dolub daşdı? Nə üçün göz yaşı tökdük? Nədənsə həmişə göz yaşlarımızı gizləməyə çalışırıq. Ağlamağı zəiflik kimi başa düşürük. Ağlamaq bir çarəsizliyin ifadəsidir, yoxsa sığınılacaq güvənli bir limandır bizim üçün?

      Allah Rəsulunun həyatının bir çox mərhələsində göz yaşının olduğunu görürük. Bu müşahidədən də anlayırıq ki, ağlamaq Həzrət Peyğəmbərin uzaq olmaq istədiyi bir hal deyil, tərcih etdiyi feldir. Hətta tez-tez təşviq etdiyi və mərhəmətin təzahürü olraq qəbul etdiyi davranışdır. Dolayısıyla ağlamaq, göz yaşı tökmək nəyə və nə üçün ağladığımıza görə məna qazanan insani bir keyfiyyətdir.

       Tövbə surəsinin 82-ci ayəsində keçən “Qazandıqlarının cəzası olaraq az gülüb çox ağlasınlar!” cümləsini necə dərk etməliyik?

      Ayeyi-kərimənin ifadə edilmiş şəklində normal həyatda az gülüb, çox ağlamalı olduğumuzun lüzumunu anlaya bilərik. Lakin bu ayənin əvvəlini və səbəbi-nüzulunu da bilməliyik. Həzrət Peyğəmbər zamanında müsəlman kimi görünən münafiqlər vardı. Bunlar əmrlərə itaət etmədikləri kimi bəzi problemlər də çıxardırdılar. Rəsulullah isə onlarla xöş rəftar edəcək qədər mərhəmətli idi. Lakin hər şeyi sirləri ilə bilən Rəbbimiz Təbuk hərbində baş verən hadisələrdən sonra Həzrət Peyğəmbərin münafiqlərə qarşı sərt olmasını əmr etdi. Rəvayətə görə məşhur münafiq Abdullah bin Übeyin müsəlman olan oğlu atasının ölüm anında Rəsulullahdan onun üçün istiğfar etməsini istəmişdi. Mərhəmət dəryası Peyğəmbərimiz də dua etmişdi. Allah “istiğfar etsən də, etməsən də (fərq etməz) o münafiqlərə acı bir əzab vardır.” –buyurdu. Bu zaman Peyğəmbər (s.ə.s) “Mən də 70 dəfə istiğfar edərəm” –buyurdu. Allah-Təala “Yetmiş dəfə də istiğfar etsən Allah onlara məğfirət etməz” –dedi. (ət-Tövbə, 80) Bundan sonar da uca Allah “az gülüb, çox ağlasınlar” buyurdu.

      Ayənin nazil olma səbəbi belədir. Lakin hər gün yeni günaha düşmə təhlükəsində olan biz müminlərin bu ayədən nəticə çıxarması lazımdır. Bu ayədən anlayırıq ki, gülməklə ağlamaq arasında bir tarazlıq qurmalıyıq. Çünki ağlayaraq göz yaşlarımızın şəhadəti ilə Allahın hüzurunda bütün xətalardan paklanmaq istədiyimizi göstərmiş oluruq. “Gözüyaşlı” və “qəlbiqırıq”lardan olmaq çətin seçimdir. “Matəmlərin yaxınlığında olmaq”sa ayrı bir həssaslıq istər. Zəmanəmizin həyat anlayışı oyun-əyləncəyə, ciddiyyətsizliyə təşviq etsə də, nəfsin tükənməyən arzularının əsarəti altında süni xoşbəxtlik axtararkən ağlaya bilmək möminlik bacarığıdır.

      Müsəlman kimi yaşamağın çətin olduğu bir zamanda ən çətin şeylərdən biri qəlbimiz titrəyərək və burnumuzda dərin bir sızıltı hiss edərək göz yaşı limanına sığınaraq ilahi məqama pənah aparmaqdır.

      Həzrət Peyğəmbər gecələr ibadət edərkən, səhərlər Rəbbini təsbih edərkən, ümmətin halını düşünərkən, Qurandan ayələr dinləyərkən daima göz yaşı tökdü.

      Allah Rəsulunun həyatında ən hüznlü gözyaşlarından biri də oğlu İbrahimin vəfatı ilə bağlıdır. Rəsulullah xəstə yatan oğlunun gözlərində əvvəlki parlaqlığı görə bilmirdi. İbrahim bir anda səssiz, dünyadan kümüş kimi dayanmışdı. Bu halıyla əbədi aləmə yolçu olduğunu ifadə edirdi sanki. Bunu hiss edən Allah Rəsulu qucağında tutduğu oğlunun gözlərinə baxaraq “Allahın təqdirinə qarşısında nə etmək olar?” –buyurdu. Və tezliklə İbrahim gözlərini fani dünyaya yumdu.

      Bu əsnada Peyğəmbərin mübarək gözlərindən yaşlar axırdı. Əbdürrəhman bin Əvf “Ya Rəsulallah! Siz də ağlayırsınız? Bu şəkildə ağlamağı camaata qadağan etməmişdinizmi?” –dedikdə belə cavab verdi: “Ey İbn Əvf, mən sizə günah və axmaqlığın ifadəsi olan bu iki ağlayışı qadağan etdim: Nemətə nail olduqda əyləncə və sevinc çığırtısı və müsibət anında üz-göz cırmağı. Mənim bu halım isə şəfqətin əsəridir, kədərlənməkdən ibarətdir. Mərhəmət etməyənə rəhm edilməz!” Həzrət Peyğəmbər bu ifadələrdən sonra da göz yaşlarına hakim ola bilmədi. Yaşlı gözlərlə belə buyurdu: “Göz yaş tökər, qəlb kədərlənər. Biz Uca Rəbbimizin razı olacağı sözdən başqa heç nə söyləmərik. Vallahi, ey İbrahim! Sənin ayrılığın bizi çox kədərləndirdi!”

       

      • Hits: 1047 clicks

      Tecox component by www.teglo.info