Gәlin Söz Verәk, Bu Gündәn Etibarәn Namaza Başlayaq! / Rövşən Әlioğlu

      Share

      Arabir özümüzə kənardan, daha doğrusu, başqasının gözü ilə baxmağa çalışıram. Həqiqətən də, biz kənardan fərqli görünməyə çalışmalıyıq. Mövlananın

       “xamdım; bişdim, yandım” sözündən özümüzə nə qədər pay götürürük görəsən? Əslində yanmaq nədir, bilmirik. Əslində ərimək nədir bilmirik. Buna görə də qəlbimizdən keçən sızıltılarla təsəlli tapırıq. Buna görə də qəlbimizdən keçən giziltilərlə təsəlli tapırıq. Nifrətimizi qəlbimizdə, sevgimizi başqa yerdə axtarırıq. Kədərimizi qəlbimizdə, sevincimizi başqa yerdə axtarırıq. Ruhumuzu işıqla yoğuracağımız yerdə, zülmətlə yoğururuq. Ruhun da, qəlbin də, bədənin də sevincinin ən yaxınımızda olduğunu görə bilmirik. Görə bilsək, sevinəcəyimiz və səadət tapacağımız əməli başqa dəyərlərdə axtarmarıq onsuz da!

      Həyatın ən böyük xoşbəxtliyi Allahın ən yaxınında hissedildiyi vaxtdır sizcə də. Bu mənada, insanın ən xoşbəxt anı namazdakı halıdır. Həyatı mənalandıran, şəxsiyyəti gücləndirən gerçək xoşbəxtlik hər şeyin əslini mənalandıran Haqda axtarılmalıdır. Əslində burada əsas məqsəd Rəbbimizin “var” olduğunu və bizimlə bərabər olduğunu “yaxından” hiss etməkdir.

      Hər namaz Rəbbimizin gözəlliyini hiss etdiyimiz bir merac halıdır. Varlığa tövhid nəzəriylə, yəni kainatı və bütün aləmləri əhatə edən Uca Kəlamın baxışı ilə baxa bilmək, içində yaşadığımız aləmdə sonsuz gözəlliyi görmək mənasına gəlir ki, bu da tövhidin ən gözəl meyvəsidir.

      Namazdan danışarkən çox vaxt xitabımız gənclərə olur. Gəncləri namazdan uzaq görəndə çalışıram ki, hansısa yolla onlara əlimdəm gələn köməyi  göstərim, onları ən xoşbəxt “xəbər”dən məhrum edərək gözüyaşlı qoymayım. Onlara anlatmaq istəyirəm ki, namaz gənclərin həyatdakı ab-havasıdır. Namaz onların ruhunun qidasıdır. Namaz qılarkən yerinə yetirilməsi əmr edilən hər hərəkətin həm bədənə, həm də ruha faydaları çoxdur. Qüsursuz qılınan namaz insanı pis vərdişlərdən qoruyur. Faydalı işlərə qarşı alışqanlıq hissi qazandırır.
      Әn bəsitindən götürsək, namaz üçün alınan dəstəmaz insanın bədən baxımından təmiz olmasına xidmət etdiyi üçün evinin, otağının, yatağının, paltarının təmiz tutulmasını öyrədir.
      Gündəlik həyatla əlaqələndirsək, namaz, insanı “dissiplinli bir həyata” alışdırır. Namazın qazandırdığı bu alışqanlıq insanın bütün işlərində hakim ünsur olmasına və bu şəkildə uğurların artmasına səbəb olur.

      Soruşa bilərsiniz ki, necə?

      Səhər tezdən namaza duran müsəlman işinə erkən başlayar, gün boyu Allahı xatırlayaraq əmrlərinə tabe olmağa çalışar və Rəbbinə olan bu bağlılığı, onu zərərli işlərdən çəkindirər. O gününün sonunda da namazını qılaraq yatanda, “o gün”ün həyat mühasibəsini edər. Beləliklə də nizam-intizamlı və tədbirli bir həyatı olur.

            Bir də bu namaz camaat şəklində qılınmış isə namaz qılanların qəlblərini bir-birinə bağlayar, aralarındakı məhəbbəti artırar, hər vaxtda bir-birlərinə qardaş olduqlarını xatırladar. Camaatdakı kiçiklər böyüklərə hörmət göstərər, böyüklər də onlara mərhəmətlə yanaşar.      Sağlam inanc adına yerinə yetirəcəyimiz çox şey var əslində. Bizim laqeydliklə qıldığımız namaz adı namaz da olsa, əslində “şəkli namaz”dır; babamızdan, nənəmizdən, dədəmizdən gördüyümüz namazdır. Allah Quranda, “Namazı iqamə edin!”-deyir. “Ayağa qaldır namazı, hər şeyi ilə (mövcudiyyəti, fərqliliyi) hiss edilsin o namaz!” deyir.

      Namaza “Allahu Әkbər” ilə başlamaq və “təsbihat” ilə bitirmək….

      Namazda “Allahu Әkbər” deyərək meracının qapısını açan mömin, mənəvi yolçuluğa başlayar. Mənəvi sərxoşluq içindəki bədəni, qiyamda bir sütun kimi durar. Qiyam halındakı mömin kainatdakı bütün dağların, təpələrin “qiyam” savabını qazanar. Çünki ruh daşımayan varlıqların Allahı zikir etmələri qiyam halındadır.

      Bu halından doymamış kimi, təsbihatla o hayqırışı yenidən səsləndirmək, duada bir dəfə daha duymaq, Allahdan nə isə əldə etmək, özünü parçalayırcasına istəməkdir namazı meraca dönüşdürən. Namazda oxuduğumuz kəlmələrdən xəbərimiz yoxdursa, o kəlmələrə qarşı hörmətsizlik etmiş olarıq. Allahın hüzurunda durduğumuzdan şübhəmizmi var ki, Ona hörmətsizlik edək? Allahın hüzurunda durarkən gəflətlə o kəlmələri söyləmək ilk başda Allaha qarşı, sonra da kiramən katibinə qarşı ayıbdır. İnsanın bu halı ilə inkişaf etməsi mümkün deyil. Biz heç cürə inkişafa meyilli olmuruq təəssüf ki. Bu, qıldığımız namazın rəngindən, sədasından, ona gəlişimizin ədasından, onu həyatımızın birinci məsələsi sayıb-saymamağımızdan görülür.

      Gənclərimiz əksəriyyətlə zamanənin problemlərindən, dolanışıq çətinliyindən şikayətlənir. Bilmirlər ki, insanın Rəbbindən gələn təcəlliləri ovlama vaxtı, səccadədəki namaz anıdır. Namazı olmayanın bərzəx aləmi qaranlıqdır, onu aydınladacaq olan namazdır. Buna görə, gəlin, 1 ay Allaha tam bir şəkildə inanaraq, onu yaddan çıxartmamağa söz verərək namaz qılaq, görək Allah o həyəcanı qəlbimizə verdikdən sonra geri alırmı?! Allah bir insanın qəlbinə “inşirah – genişlik, rahatlıq” vermişsə, o, Rəbbindən bir nur üzrədir; həmişə qabağını aydınlıq görür, açıq görür, geniş görür. Namaza olan eşqi ilə ruhu da yenilənər, fikri də, özü də, sözü də. Bir də ki, Allah buyurmayıbmı ki, ancaq səbir və namazla məndən kömək istəyin!

       

      • Hits: 675 clicks

      Tecox component by www.teglo.info