Musab Bin Ümeyr / Rüfət Şirinov

      Share

      Örnək simalar rubrikasının ilk yazısında hər bir müsəlmana örnək olacaq nümunəvi şəxsiyyət, İslamın ilk müəllimi, böyük hicrətin gizli qəhrəmanı,

       ilk İslam dövlətinin təməlini hazırlayan, qapı-qapı gəzərək İslamı təbliğ edən təbliğ əri, Mədinədə ilk cümə namazını qıldıran imam, Peyğəmbərə (fiziki və əxlaqi cəhətdən) ən çox bənzəyən və ona xidmət edən xidmət sevdalısı, dünyanı deyil, axirəti seçən mübərək şəhid Musab bin Ümeyr həzrətlərinin geniş həyatını xülasə şəkildə sizlərlə paylaşmaq istədik.

      O, Məkkənin ən zəngin ailəsində  dünyaya gözlərini açan, yaraşıqlı və gözəl geyinən, -kapitalist zehniyyətə görə- çox şanslı bir gəncdi. Xüsusilə Məkkənin ən zənginlərindən biri sayılan anası ona çox əhəmiyyət verir, ən bahalı və şıq geyimlər geyindirir, ən gözəl ətirlər vurardı. Gözəlliyi dillərə dastan idi. Hamı ona heyran idi. Hətta Həzrət Peyğəmbər (s.ə.s) onun haqqında belə buyurub: “Məkkədə Musabdan daha gözəl geyinən, ondan daha yaraşıqlı və nemətlər içində üzən başqa bir gənc görmədim.” (İbn Səd, ət-Təbəqatul-Kübra, III, 116) Həmçinin gülərüzlü, nəzakətli, zəki və natiq birisiydi.

      Heç bir zaman mənasız bütlərə sitayiş etməyən, dünya nemətləri içində üzən gənc Musabın könlündəki boşluq hissi gündən günə artırdı. Nəhayət bu boşluğu İslamla doldurma qərarına gələrək Peyğəmbərin hüzuruna gedib kəlmeyi-şəhadəti gətirərək İslamla şərəflənir. Bu qərarı ilə bütün qohum-əqrəbasının, xüsusilə də anasının qəzəbinə düçar olur. Hər nə qədər ona əziyyət verərək, zindana həbs edərək dinindən döndərməyə çalışsalar da, əksinə bu, onun imanını daha da gücləndirir və Peyğəmbərə olan bağlılığını artırır. Anasına gözəl dillə dini təbliğ etməyə çalışsa da anası ona olan təzyiqini artırır. Nəticədə əziyyətlərə dözə bilməyib Həbəşistana hicrət etmək məcburiyyətində qalır.

      Dəbdəbəli həyatı tərk edib imanı seçən və bu səbəblə günlərlə ac-susuz qalan Musabın bu halın Həzrət Əli belə rəvayət edir:

      Günlərin bir günü Rəsulullahla oturmuşduq. Bu əsnada Musab bin Ümeyr gəldi. Üzərində yamaqlı paltardan başqa geyəcək heç bir şeyi yoxdu. Onun bu halını görən Rəsulu Əkrəmin gözləri yaşla doldu və belə dedi: Qəlbini Allahın nurlandırdığı bu şəxsə baxın! Ana və atası onu ən ləzzətli nemətlərlə yedirib- içirirdi. Allah üçün bunların hamısını tərk etdi. Allah və Rəsulunun sevgisi onu bu hala gətirib.

      Mədinəlilərdən bir qismi islamı qəbul etmişdilər. Dini anlatmaq və digərlərinə təbliğ etməsi üçün Rəsulullahdan müəllim istədilər. Musabın dinə qarşı səmimiyyətindən xəbərdar olan Peyğəmbər heç tərəddüd etmədən onu müəllim olaraq Mədinəyə göndərdi. Beləcə o, Mədinəyə ilk hicrət edən səhabə oldu. Onun dini intellekti və natiqliyi qısa zamanda Mədinə xalqının əksəriyyətinin İslamla şərəflənməsinə səbəb oldu. O, nəinki Mədinənin, hətta qonşu şəhər və qəbilələrin də sevgisini qazandı. O, qəbilələrə gedir, evlərdə söhbət aparır, onlara Allahın kitabını oxuyaraq İslamı başa salırdı.

      Musab bin Ümeyr Bədir və Uhud savaşlarında mühacirlərin bayraqdarıidi. Uhud savaşında müşriklərdən birinin Peyğəmbərə hücum etdiyini görən Musab onun qarşısına çıxır. Müşrikin qılınc zərbəsi ilə Musabın sağ golu kəsilir. Musab dərhal bayrağı sol əlinə alır, bu zaman yüksək səslə “Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər.” (Ali-İmran 144) ayəsini oxuyurdu. İkinci qılınc zərbəsi sol qolunu da kəsir. Bu halda ikən qəhrəman Musab bayrağı kəsik qollarıyla sinəsinə sıxaraq səmada dalğalandırır və Peyğəmbərə zərər gəlməsin deyə kafirlərə müqavimət göstərir. Nəhayət İbn Kamiə tərəfindən atılan mizraq zərbəsi ilə şəhid olur. Musab zireh geyindiyi zaman Peyğəmbərə çox oxşayırdı. Buna görə də müşriklər Peyğəmbəri öldürdüklərini zənn edib sevinirdilər.

      Uhud savaşında bir çox mübarək səhabə şəhid oldu. Həzrət Peyğəmbər gənc cəngavər Musabın mübarək cəsədinin yanında yaşlı gözlərlə bu ayəni oxuyurdu: “Möminlər içərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər.” (əl-Əhzab, 23) Şəhidlər dəfn edilərkən, bir vaxtlar bolluq və dünya nemətləri içində üzən Musaba kəfən tapılmadı. Əynində bircı köynəyi vardı. Başını örtəndə ayaqları, ayaqlarını örtəndə başı açıq qalırdı. Rəsulullah şəhidin başını örtməyi, ayaqlarına da izhir otundan qoymağı əmr etdi.

      Musab həqiqi dünyanın axirət olduğunu anlamış və dünya nemətləri onu bu fikrindən döndərə bilməmişdi. Bu ibrətli həyat hekayəsinin, sekulyar dünyada yaşayan biz müsəlmanları bir daha düşünməyə və həqiqəti görməyə sövq etməsini Uca Yaradandan arzu edirəm.

      Musab həyat və yaradılış məqsədini ən yaxşı anlayan səhabələrdən biridir. O, Peyğəmbəri anasından, atasından və dünyadakı hər şeydən çox sevdi. Mükafat olaraq cənnəti aldı.

      “Yaşadığınız kimi həşr olunarsınız” hədisini unutmayaq. İmanlı həyat təməniləriylə….

      • Hits: 856 clicks

      Tecox component by www.teglo.info