Müsəlmanlar Və Mədəniyyət / Hacı Arif HEYDƏROĞLU

      Share

      Keçmiş əsrlərə aid həyat tərzi ilə bərabər keçmiş hadisələr haqqındakı məlumat və xəbərlər həmişə insanları maraqlandırmışdır.

       Çünki bunlar bəzən bilik və təcrübə qazandırır, bəzən ibrət dərsi verir, bəzən də insanları düşünməyə sövq edir.

      Yer üzündəki insanlar fikri inkişaflarını tərəqqi etdirdikdən sonra keçmişdəki hadisələri və yaşayış tərzini öyrənmək arzusuna düşərdilər. Çünki tarix yaddaş qabiliyyətlərini hərəkətə keçirən bir güc mərkəzi olaraq bəşəri və təbii hadisələrin nəticələrinə söykənməklə bərabər mənəvi qabiliyyətləri də rəhbər tutan tənzimləyici elm sahəsidir.

      Söz yox ki, tarixini bilməyən bir millət yaddaşını itirmiş insan kimidir. Qədim bir Romalı fikir adamının dediyi kimi, “Keçmişindən xəbərsiz bir cəmiyyətin uşaqlardan heç bir fərqi yoxdur.” Çünki ikisinin də keçmişi itirilmiş olur. Keçmişini itirmək isə, onu dəyərləndirə bilməyib atmaq-pisləməkdir. Keçmişini pisləyən də gələcəyindən əmin ola bilməz. Bu həqiqəti xalq şairimiz mərhum Bəxtiyar Vahabzadə nə gözəl söyləmişdir: “Keçmişini söyən gələcəyinə güllə atır.”

                  İnsan həyatında onun bildiklərinin və həyat təcrübəsinin böyük əhəmiyyət kəsb etdiyi inkar edilə bilməz. Bu baxımdan keçmişə aid məlumatları yaxşı bilib tarixdən dərs alanlar çox zəngin bir təcrübə xəzinəsinə malik olurlar.          

      Onu da qeyd edək ki, keçmiş hadisələrin salnaməsi və məntiqi analizi olan tarixin əsas mövzusu insandır. Əsas mövzusu insan olan tarixin məqsədi də, onu  (insanı) Allahın rizasına uyğun olaraq yetişdirməkdir. Bu səbəbdəndir ki, tarixin ilk təzahürlərinə bilavasitə Qurani-Kərimdə şahid oluruq. Çünki Qurani-Kərim insan həyatının yalnız mənəvi cəhətini deyil, sosial həyatını da əhatə edir ki, bunlar tarixlə çox əlaqəlidir. Buna görə də Quranda, tarixin başlanğıcı olaraq ilk yaradılı­şın qəbul olunması əmr edilmişdir. Həqiqətən də bu günü anlamaq və gələcəyə hazırlaşmaq üçün tarixin mühüm hadisələrini dəyərləndirib ondan ibrət dərsi almaq lazımdır. 

      Tarixin bir hissəsi olan “Mədəniyyət  Tarixi” də yer üzünün hər hansı bir ərazisində olan cəmiyyətin keçmişdə özünəməxsus yaşayışını, dini inanclarını, adət-ənənələrini, dil və ədəbiyyatını, incəsənət fəaliyyətini, fikir, fəlsəfə və digər elmləri, dövlət idarəçiliyini və təşkilatlanmasını geniş şəkildə mənimsəyən, bütün ünsürlərin mənbəyini, inkişafını, dəyişməsini, və zəifləməsini araşdırıb incələyən bir elm sahəsidir.

      İslam mədəniyyəti isə müsəlman cəmiyyətinin sahib olduğu mədəniyyət üçün işlədilən bir ifadə, Hz. Peyğəmbərdən bəri müsəlman olan bütün xalqaların birgə meydana gətirdikləri bir mədəniyyətdir. Fikir nöqteyi-nəzərindən mədəniyyətlərin yaranması, inkişafı və dağılması fərqlilik göstərməklə bərabər, ümumiyyətlə iki ünsürdən meydana gəlir ki, bunlar da maddi və mənəvi ünsürlərdir.

      İslam mədəniyyəti əsas mənbələri, maddi və mənəvi ünsürləri öz daxilində yaşadan Quran və sünnə dediyimiz ilahi bir mədəniyyət – ilahi bir nizamdır. Bu səbəbdən müsəlmanlar ilahi vəhyin tədricən inkişafına çalışdığı mədəni anlayışı, bir həyat nizamı olaraq qəbul edirlər. Bununla bərabər İslam mədəniyyətini layiqincə tanıyıb, onun insanlığın xidmətinə verdiyi imkanları tədqiq edib gün işığına çıxarmaq güman edildiyi qədər asan deyildir. Çünki bu, başqa-başqa diyarların müxtəlif və rəngarəng çiçəklərindən bir dəstə gül meydana gətirmək deməkdir.[1]

                  Bizim dünyanın üç qitəsini fəth edib dördüncüsünə keçən  və milli dəyərlərimizi təmsil edən bir mədəniyyət yaradıb düşmənlərimizin də bizə qibtə etdiyi dövrlərdə sarsılmaz bir üstünlüyə malik şüurumuz olmuşdur. Bizi tarixin taxtına çıxarıb əsrlərlə dünyaya hakim edən ən mühüm qüvvəmiz, sözsüz ki, İslama könül verən o dini ruhumuz idi. İncəsənətdə, ədəbiyyatda, memarlıqda, hətta bir çox adət-ənənəmizdə belə o müqəddəs ruhun sonsuz təzahürləri gözləri qamaşdırırdı.

                  Ancaq bu üstünlük şüurumuzun sarsılıb zəifləməyə başlaması ilə varlığımızın əzəmətli binası daxildən və xaricdən mütəmadi olaraq dağılmağa başladı. Əsrlərlə bütün dünyanın diqqətini özümüzə cəlb edib heyran qoya bildiksə də, çox-çox təəssüflər olsun ki, sonda ən kiçik düşmənlərimizi belə gözümüzdə böyütməyə, bütün əcnəbi millətlərə hörmətlə baxıb heyran olmağa və bizdən olmayan hər şeyi özümüzdən daha üstün tutmağa başladıq. Beləcə, mədəniyyəti əcnəbilik zənn edəcək qədər rüsvayçılığa düçar olduq. Millət üçün şəxsiyyəti dəyişdirməyin, fərd üçün cinsiyyəti dəyişdirməsi ilə eyni olduğunu yaddan çıxardıq.

      Əgər milli və dini mənliyimizi yox olmaqdan tamamilə  qurtarmaq istəyiriksə, bunu yaxşı dərk etməliyik ki, “Qərb mədəniyyəti” dedikdə Qərb dünyasının adət-ənənələri yox, elm və sənətə malik bir mədəniyyət məcmuəsi başa düşülməlidir ki, onun da Qərblə və Qərbçiliklə heç bir əlaqəsi yoxdur. Çünki o, hər şeydən əvvəl bir İslam əsəridir. Hind alimi Asəf Feyzi bu haqda deyir:

      “...Bugünkü Qərbin bütün elmləri, fərqində belə olmadığımız İslam mədəniyyətinin məhsuludur. Bu nöqtə, xüsusilə on doqquzuncu əsrdən bəri Qərb alimlərinin bütün təfərrüatıyla təsbit və etiraf etdikləri bir həqiqətdir. Əgər bugünkü Qərb mədəniyyətindən İslam elmləri götürüləcək olsa, fabriklər işləməz, banklar dərhal bağlanar və xəstəxanalar qəbiristanlığa çevrilər...”[2]

                  Bizim vəzifəmiz Qərbə nəql edilmiş öz elmlərimizi əsla vaxt itirmədən tam qətiyyətlə özümüzə qaytarmaqdan ibarət olmalıdır. Yaddan çıxarmamalıyıq ki; biz zəiflədikcə özümüzü itirib qərbliləşirik; indi isə ancaq irəlilədikcə özümüzə qayıdıb şərqliləşə biləcəyik. Çünki Qərb mədəniyyəti əslində Şərq mədəniyyətidir.[3]

       

       

      Hacı Arif Ceylan

      haciceylan@yahoo.com

       

       


      [1] Prof. Dr. Ziya Kazıçı, “İslam Mədəniyyəti və Müəssisələri tarixi”  səh. 9-14      

      [2] Asəf  Feyzi,-Hindistan- “Conferences sur l’İslam” Fransız dilindəki nəşri səh. 18

      [3] İsmayıl Hami Danişmənd, “Qərb Mənbələrinə Görə İslam Mədəniyyəti” səh.5-8

       

      • Hits: 841 clicks

      Tecox component by www.teglo.info