Xuduşun Əməlləri / Seyfəddin MƏSİMOĞLU

      Share

      Yaz təzəcə gəlmişdi. Təbiətin hər yanında oyanış, canlanma vardı. Bütün canlılar hərəkətdə idi. Qarışqalar yuvalarından çıxır, o tərəf-bu tərəfə qaçır, yenidən yuvalarına doluşurdular.

       Diqqətlə baxdıqda, dimdiklərində xırda çöplər aparıb yuva qurmaq istəyən quşları görmək olurdu. Qaranquşlar evlərin eyvanlarında palçıqdan yuva qururdular. Hətta evin eyvanını çirkləndirsələr də heç kəs onlara toxunmurdu.

      Kəndin həyətlərində bitib boy verən qovaq ağaclarının zirvəsində on-on beş metr hündürlükdə ala qarğa yuva qurmuşdu. Bu yuvalar yerdən baxanda çox kiçik, əl boyda görünürdülər. Yuvaların sahibi olan ala qarğalar yuvadan qalxır, havada dövrə vurub təzədən yuvaya dönürdülər. Tez-tez səs salıb qarıldaşırdılar. Səsləri aləmə yayılmışdı. Həmişə o yerdən keçəndə on üç-on dörd yaşlı bir oğlan uşağının o yuvalara baxdığını görürdüm.

      Bir müddət keçdikdən sonra mən nə o qarğaların səsini eşitdim, nə də o oğlanı gördüm. Amma hər dəfə o yerdən keçəndə yuvaya baxırdım. Asta-asta külək əsəndə hiss edirdim ki, yuva ləngərli hərəkət edir. Mənə elə gəlirdi ki, quş yuvasındadır. Aradan bir aydan artıq vaxt keçmişdi. Bir gün gördüm ki, həmin yuvanın altına lələkləri dağılıb. Ağacların budaqlarında, kollarda, demək olar ki, ətraflar quş tükləri ilə örtülmüşdü. Elə həmin anda yuxarıdan bir quş lələyi fırlana-fırlana ağacların arasından qarşıma düşdü. Mən yerə düşən lələyi götürdüm və qarğa lələyi olduğunu gördüm. Bu hadisə qarşısında narahat olmağa başladım. Hər gün yerə düşən lələklər çoxalırdı. Oradakı uşaqların birindən soruşdum. Ay uşaq, bu nə lələklərdir? Belə cavab verdi: “Əmi, sənin xəbərin yoxdur? Xuduş o ağaca çıxıb qarğanın yumurtalarını torbaya yığıb gətirib, suda qaynatdıqdan sonra təzədən aparıb yuvasına qoyub. Qarğa da bala çıxartmaq üçün yumurtaların üstündə kürt yatıb. İndi neçə vaxtdır ki, qarğa o yuvada yumurtaların üstündə ölüb. Yerə dağılan tüklər də o qarğanın tükləridir”. Mənə indi məlum oldu ki, o uşaq yuvaya niyə baxırmış. Doğrusu, bərk sarsıldım. İki-üç gün özümə gələ bilmədim. İndinin özündə də yadıma düşdükcə halım dəyişir.

      Bu hadisədən on beş-iyirmi il keçmişdi. Yolum o tərəflərə düşmüşdü. Yadıma o vaxt şahidi olduğum hadisə düşdü. Maraqlandım ki, görüm o uşağın axırı necə olub. Bir nəfəri saxladım. Məni tanıyan adam idi. Xuduşu necə görə biləcəyimi xəbər aldım. Mənə belə cavab verdi: “Nəyinə lazımdır? Dəyərsiz bir adamdır. Heç kəsin onunla əlaqəsi yoxdur. İndi də tək-tənha qalır. Ağır xəstədir. Qapısını açan da yoxdur. Üç-dörd dəfə ailə qurub, heç birində də övladı olmayıb. Həm o qızları, həm də özünü bədbəxt elədi”.

      Mənim israrımdan sonra evinə getdik. Onu görəndə bədənim ürpəşdi. Gözləri çuxura düşmüşdü. Sifəti insan sifətinə bənzəmirdi. Birtəhər çölə çıxdım. Öz-özümə: “İlahi, sənin kərəminə şükürlər olsun. Sən hər şeyi görür, ədalətli hökm verirsən. Hər kəsə öz əməlinə, öz ürəyinə görə...” deyə bildim.

       

      • Hits: 871 clicks

      Tecox component by www.teglo.info